Ərəb Koalisiyası Yəməndə ikihəftəlik atəşkəs elan edib

Ərəb Koalisiyası Yəməndə ikihəftəlik atəşkəs elan edib

9 Aprel 2020 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyasının qoşunları Yəməndə Hutsi qiyamçılarla döyüşlərdə ikihəftəlik atəşkəs elan edib.

Oxuməni.az xəbər verir ki, bu barədə SPA informasiya agentliyi məlumat yayıb. Məlumata görə, koalisiyanın mətbuat katibi Turki Əl-Maliki "Yəmənin qanuni hökumətini dəstəkləyən" silahlı kontingentin bu addımı BMT Baş katibinin çağırışına uyğun olaraq dünyada tüğyan edən yeni növ koronavirus pandemiyası şəraitində atdığını bəyan edib. O əlavə edib ki, müvəqqəti atəşkəs rejimi münaqişə tərəfləri arasında gələcəkdə davamlı sülhə nail olmaq istiqamətində danışıqlar aparmağa da imkan verəcək.

BMT Baş katibinin Yəmən üzrə xüsusi elçisi Martin Qriffits bu qərarı humanitar və iqtisadi baxımdan mühüm addım kimi dəyərləndirib. "Mən Səudiyyə Ərəbistanı Krallığına və Koalisiyaya Yəmən üçün ağır günlərdə atəşkəs elan etdiklərinə görə minnətdaram. İndi tərəflər möhkəm və davamlı sülhə nail olmaq, düşmənçiliyə son qoymaq üçün təcili danışıqlara başlaya bilərlər", -deyə o əlavə edib.

Atəşkəs rejimi aprelin 8-də qüvvəyə minib. Bundan sonra BMT-nin vasitəçiliyi ilə silahlı münaqişə tərəfləri arasında danışıqların aparılacağı gözlənilir. Səudiyyə Ərəbistanı Yəməndə humanitar fəlakətin qarşısını almaq üçün 500 milyon dollar, koronavirus pandemiyasına qarşı mübarizəyə isə 25 milyon dollar ayıracağını bəyan edib.

Oxuməni.az