Qərbi Avropa ölkələri anomal istilərə hazırlaşır

Qərbi Avropa ölkələri anomal istilərə hazırlaşır

7 Avqust 2020 15:18
Bəyəndim (34) Bəyənmədim (0)

Qərbi Avropanın bir sıra ölkələri yaxın günlərdə anomal isti hava şəraiti ilə qarşılaşacaq.

Oxuməni.az "Interfax" agentliyinə istinadla xəbər verir ki, Fransanın meteorologiya xidmətləri avqustun 7-də isti hava şəraitinin pik həddə çatacağını proqnozlaşdırır. Bu səbəbdən ölkənin 40-dan çox departamentində yüksək təhlükə səviyyəsi elan olunub.

Fransanın qərbində yerləşən bəzi rayonlarda havanın hərarətinin 42 dərəcəyə çatacağı ehtimal edilir. Paris şəhərində və paytaxt regionunda temperatur 35 dərəcəyə qədər yüksələcək.

Avqustun 7-si İngiltərədə ilin ən isti günü olacaq. Meteoroloqlar müşahidələr tarixinin 2019-cu ilin iyul ayında qeydə alınan 38,7 dərəcəlik rekordunun yenilənəcəyini gözləyir.

İstirahət günlərində Belçika da isti hava şəraitinin təsirinə məruz qalacaq. Avqustun 9-da ölkənin bəzi rayonlarında temperatur bu ay üçün orta göstəricidən 14 dərəcə yuxarı qalxacaq.

Niderlandda, əsasən də Amsterdamda istirahət günləri 32 dərəcə isti gözlənilir.

Bu arada Avropa ölkələri koronavirus pandemiyası ilə mübarizəni davam etdirir. Son bir neçə gündə onların bəzilərində COVID-19 infeksiyasına yoluxma halları kəskin artıb. Avropalıların əksəriyyəti isti hava şəraiti səbəbindən sosial distansiyaya daha az diqqət yetirir. Bu problem daha çox çimərliklərdə müşahidə edilir.

Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına görə, Avropada koronavirusa yoluxanların sayı 2 milyon 992 min 596 nəfərə, ölənlərin sayı isə 205 min 454 nəfərə çatıb.

Oxuməni.az