Britaniyalı parlamentari ATƏT Minsk Qrupunu tənqid edib

Britaniyalı parlamentari ATƏT Minsk Qrupunu tənqid edib

23 Oktyabr 2020 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

“Mən bir neçə dəfə Azərbaycana səfər etmişəm və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəb olduğu faciəni öz gözlərimlə görmüşəm”.

Oxuməni.az xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Blackman deyib.

Onun sözlərinə görə, təxminən 30 ildir azərbaycanlılar məcburi köçkün və qaçqın həyatı yaşayır: “Buna baxmayaraq, Azərbaycan hökuməti məcburi köçkün və qaçqınları yaşayış yerləri ilə təmin etmək üçün hər bir lazımi addımı atıb. Lakin bu insanların hamısının bir arzusu var: öz torpaqlarına geri qayıtmaq!”

B. Blackman Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalisinin atəşə tutulmasını pisləyib: “Mən Ermənistanın birbaşa təmas xəttindən uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalisini atəşə tutmasını xəbərini eşidəndə çox narahat oldum. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Mülki əhali artilleriya atəşinə tutulur. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücumların nəticəsi olaraq, uşaq və qadınlar da daxil olmaqla, mülki insanlar həyatlarını itiriblər”.

Britaniyalı parlamentari qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və müəyyənləşdirilmiş sərhədləri daxilində baş verir: “BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Dağlıq Qarabağ regionu və işğal olunmuş ətraf 7 rayondan çıxması ilə bağlı 4 qətnaməsi Ermənistan tərəfindən icra edilməyib. Bu münaqişədə vasitəçilik edən ATƏT-in Minsk Qrupu öz mandatını yerinə yetirməyib, bunu dəyişmək lazımdır. Mən münaqişənin tezliklə və sülh yolu ilə həllinə, habelə azərbaycanlılar, ermənilər və başqa xalqların yenidən sülh, anlayış və harmoniya içərisində yaşayacaqları günlərə qayıdacaqlarına ümid edirəm”.

Oxuməni.az