Misli görünməmiş cəmləşmə: Rusiya Xəzər donanmasını da Ukrayna sahillərinə göndərir-Video

Misli görünməmiş cəmləşmə: Rusiya Xəzər donanmasını da Ukrayna sahillərinə göndərir-Video

8 Aprel 2021 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Xəzər donanmasının desant və artilleriya katerləri Qara dənizə göndərilir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu haqda Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidməti bildirir. Məlumata əsasən Xəzərdən hərbi gəmilərin Qara dənizə aparılması “iki donanma arasında qarşılıqlı əlaqə” üzrə təlimlər çərçivəsində həyata keçirilir.

“Nəzarət yoxlaması çərçivəsində Cənub Hərbi Dairəsinin Xəzər donanmasının 10-dan çox desant və artilleriya gəmilərinin Xəzər dənizindən Qara dənizə keçidi başlayıb. Mahaçqaladakı bazadan yola çıxmazdan əvvəl katerlərin heyətləri tam hazırlıqları başa çatdırıblar və dənizdə kurs vəzifələrini yerinə yetiriblər”,-məlumatda deyilir.

Qeyd edək ki, son günlər Rusiya Ukrayna sərhədlərində irimiqyaslı hərbi cəmləşmə həyata keçirir. O cümlədən Qara dəniz donanmasını gücləndirir, Krıma əlavə qoşun bölmələri, desantçılar göndərir.

Qərb ölkələrinin liderləri bir-birinin ardınca Rusiya qoşunlarının Ukrayna sərhədlərində cəmləşdirilməsindən, habelə Krıma əlavə qüvvələrin yeridilməsindən narahatlıq ifadə edirlər. Baş verənlər Moskvanın Donbassda vəziyyəti gərginləşdirərək Ukraynaya irimiqyaslı müdaxiləyə hazırlaşdığı haqda planlardan xəbər verir.

“Conflict Intelligence Team” araşdırma qrupunun rəhbəri Ruslan Leviyev hesab edir ki, açıq mənbələrdə yer alan görüntülər Rusiyanın Ukrayna sərhədləri boyu hərbi qüvvələr cəmləşdirməsinin misli görünməmiş miqyasda olduğunu göstərir. O, “Azadlıq” radiosunun rus xidmətinə deyir ki, yaxın vaxtlarda Rusiya tammiqyaslı hücum əməliyyatlarına başlamaq üçün Ukrayna sərhədlərində kifayət qədər qüvvə cəmləşdirməyi başa çatdıracaq.

İstefada olan rusiyalı general-polkovnik, geosiyasi problemlər Akademiyasının prezidenti Leonid İvaşov isə hesab edir ki, Ukrayna Donbassda hücuma başlayacaq və bu zaman Rusiya ilə Ukrayna arasında toqquşma riski yaranacaq. “Ukrayna ordusunun Donetsk və Luqansk silahlı dəstələri ilə müharibə ehtimalı 99 faizdir. Bunun əlamətləri aydın görünür. Ukrayna silahlı qüvvələrinin “respublikalar” üzərində həlledici üstünlüyü var. Donbassda belə görünür ki, döyüşməyə heç kim yoxdur”,-o, Rusiya KİV-lərinə deyib.

General hesab edir ki, prezident Vladimir Zelenski Azərbaycanın Qarabağ müharibəsindəki möhtəşəm uğurundan ruhlanıb. “Ona hər tərəfdən təzyiq edirlər, deyirlər ki, baxın, Ermənistanın da arxasında Rusiya dayanmışdı, amma köməyi olmadı. Əliyev bacardı, sən də bacararsan! Birləşmiş Ştatlarda qəzetlərin başlıqları belə qışqırırsa bu, proqnoz deyil, komandadır! “,-İvaşov bildirir.

General hesab edir ki, müharibə realdır. Və müasir müharibələrdə əsgərin döyüş ruhu heç nəyi həll eləmir. “Ermənilər də döyüşçü xalq haqda qəhrəmanlıq nitqləri söyləyirdilər, deyirdilər heç vaxt Şuşanı vermərik və s. Nəticəsini gördük”,-o qeyd edib.

Oxuməni.az videogörüntüləri təqdim edir: