Ermənistan rus dilindən tam imtina edir? - Rus dilində lövhələr də yığışdırılır...

Ermənistan rus dilindən tam imtina edir? - Rus dilində lövhələr də yığışdırılır...

12 Aprel 2021 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan bir tərəfdən “ətəyindən bərk-bərk yapışaraq”, qarşısında diz çökdüyü əsas havadarı olan Rusiyaya yarınmağa, digər tərəfdən də özünün Rusiyaya, ruslara və rus dilinə gerçək münasibətini göstərən addımlar atmağa davam edir.

Oxuməni.az xəbər verir ki, Ermənistan mətbuatında İrəvan metropolitenindən rus dilində yazılmış lövhələrin yığışdırılmasına dair məlumatrlar yer alıb. Həmin məlumatlarda deyilir ki, artıq bir neçə gündür İrəvan metrosunun stansiyalarında rus dilində yazılmış bütün lövhələrin sökülməsinə başlanılıb. Məsələ ilə bağlı Azpolitika.info yazır ki, əgər indiyə qədər stansiyaların, eləcə də onların çıxışları olan küçələrin adlarını və digər məlumatları özündə əks etdirən lövhələr , erməni, rus və ingilis dilində yazılırdısa, artıq onların üzərindəki yazılar yalnız erməni və ingilis dilində olacaq. Məlumatda deyilir ki, artıq qısa müddətdə 6 stansiyada lövhələr dəyişdirilib və proses sürətlə davam etdirilir. O da qeyd olunur ki, stansiyalarda rus dilində yazılan bütün lövhələr söküləndən sonra onların yerinə müxtəlif reklamlar yerləşdirilir.

Hələlik hökumət bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Maraqlıdır ki, “Rusiya-Ermənistan dostluğu, qardaşlığı” barədə moizələr oxumaqdan xüsusi zövq alan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də “qardaş erməni xalqının” və hökumətinin rus dilinə “hörmətini” göstərən bu addıma şərh verməkdən yayınıb. Jurnalistlərin bu məsələ ilə bağlı sualına cavab verən səfir deyib ki, “məsələ ilə yaxından tanış olmaq üçün” ona vaxt lazımdır.

Göründüyü kimi, Qarabağdakı separatçı rejimin rus dilini “dövlət dili” elan etməsinə paralel olaraq, İrəvandan rus dilinin yerli-dibli yığışdırılmasına yönələn addımlar atılır. Və bununla da erməni toplumunun necə ikiüzlü, məkirli və saxta bir mahiyyətə malik olduğu bir daha üzə çıxmış olur.