Arutyunyan Şuşaya niyə gəlib? – “Qaçıb gedəcəklər”

Arutyunyan Şuşaya niyə gəlib? – “Qaçıb gedəcəklər”

13 Aprel 2021 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Qalmaqallı məlumatları ilə tanınan bloger Qaqik Soqomonyan separatçı qurumun rəhbəri Araik Arutunyanın Şuşaya gəlməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Arutyunyan 9-u axşam saat 22:00-23:00 aralığında Şuşa şəhərinə gəlib və Azərbaycan Ordusunun yüksək çinli zabitləri ilə gizli danışıqlar aparıb.

“Danışıqlar zamanı sülhməramlı missiyanın nəzarət etdiyi Xocalı şəhərinə azərbaycanlı məcburi köçkünlərin 2022-ci ildə dönüşü müzakirə olunub. Əvəzində Azərbaycanda saxlanılan diversantların Yerevana təhvil verilməsi barədə fikir mübadiləsi aparılıb”,- deyə o qeyd edib.

“Həmişə hər bir dövlətin əlində dəlilləri olur. Müharibədən sonra terrorçuların həbsdə saxlanılması ilə bağlı bir şərh vermişdim. Bildirmişdim ki, ola bilsin ki, bir müddətdən sonra onların bir hissəsini Azərbaycanın maraqlarına uyğun formada dəyişsinlər. Bu dünyanın hər yerində belədir”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri hərbi-siyasi ekspert Elçin Axundzadə deyib. Onun sözlərinə görə, biz öz mülki vətəndaşlarımızı, əsgərlərimizi qorumaq üçün belə fikir mübadiləsinə gedə bilərik.

“General Muradovun Qarabağa, Rusiya Baş Prokurorunun buraya gəlməsi, daha sonra Ermənistana getməsi onu göstərir ki, çox güman bu barədə də danışıqlar olub. Amma biz dərhal terrorçuları general Muradovla göndərsəydik hardasa düşünülərdi ki, Rusiya tərəfi təzyiq göstərir. Lakin bunu üstündən bir neçə gün keçəndən sonra Rusiya deyirsə, bu müsbət addımdır. Ola bilsin ki, biz onları qaytarmaqla bizə təhlükə olan hansısa məsələləri də neytallaşdıra bilərik. Mən hesab edirəm ki, terroçuların müəyyən hissəsi qaytarılacaq. Biz nə üçün əsgərlərimizin, mülki şəxslərimizin həyatını riskə atmalıyıq? Guya onlar bizim dövlətimizdə oturub çörəyimizi yeyib, suyumuzdan içməklə bizə nə xeyri olacaq? İlkin olaraq Ermənistan cəmiyyətinə zərbə vurduq və qorxutduq ki, kim bu tərəfə keçməyə cəhd edərsə, həbsxanada olacaq. Bu hadisədən sonra Ermənistanda əsgər anaları ayağa qalxdı ki, balalarımızı Qarabağa göndərməyin. Bununla da biz qarşımıza qoyduğumuz məqsədə çatdıq. Bundan sonra da həmin terrorçulardan xalqımızın, dövlətimizin maraqları üçün məharətlə istifadə etməliyik. Hər bir halda biz o torpaqlara qayıdacağıq, yaşayacağıq və hər bir rayonumuzda Azərbaycan bayrağı asılacaq”.

Ekspertin sözlərinə görə, Şuşada İsgəndər raketlərinin tapılması da hansısa formada gələcəkdə Rusiyaya təzyiq forması kimi istifadə edilə bilər.

“İstənilən halda biz Rusiyanı məhkəməyə də verə bilərik. Amma bizə belə addımlar atmaq lazım deyil. Biz siyasi alver etməyi bacarmalıyıq. Çox güman ki, Arutyunyanla görüşüblər. Burada əsas olan odur ki, Azərbaycan maraqlarına məqbul olan problem həll olunsun. Vaxt keçdikcə görəcəksiniz ki, Arutyunyan və digərləri qaçıb gedəcəklər. Azərbaycana laiq olan insan oraya vəzifəyə gətiriləcək. İnsanları təxribatlara inanmamağa çağırıram. Azərbaycan qələbə çaldıqdan sonra bəzi dövlətlər və onların əlaltıları müxtəlif təxribatlar törədirlər ki, insanları dövlətdən narazı salsınlar. Hər kəs əmin olsun ki, Xankəndidə də, Xocalıda da bizim bayrağımız dalğalanacaq. Vaxt, zaman bizim xeyrimizə işləyir”,-deyə bildirib.

Qeyd edək ki, Araik Arutyunyanın Şuşaya gəlməsi ilə bağlı məlumat nə Ermənistan, nə Azərbaycan rəsmiləri tərəfindən təsdiqlənməyib.