Rusiya Azərbaycanla sərhəddə baza açır: Hədəfi nədir?

Rusiya Azərbaycanla sərhəddə baza açır: Hədəfi nədir?

15 Aprel 2021 09:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında 44 günlük müharibə zamanı baş verən hadisələrdən tutmuş uğursuz əməliyyatlara qədər, bir çox mətləblərdən danışdı.

Oxuməni.az xəbər verir ki, Azərbaycan ictimaiyyəti üçün diqqətçəkici olan məsələlərdən biri də erməni baş nazirin Rusiya və Ermənistan arasında hərbi əməkdaşlığın genişlənməsi, Ermənistan ordusunun Rusiya Silahlı Qüvvələri tərəfindən modernləşdirilməsi, eyni zamanda Sünikdə 102-ci hərbi bazanın “dayaq məntəqəsi”nin yaradılması istiqamətində danışıqların aparılması barədə dedikləridir.

Məsələ ilə bağlı axar.az yazır ki, hazırda seçkiyə hazırlaşan, iqtisadiyyatı bərbad durumda olan, külli miqdarda xarici borc səbəbindən defolt astanasına gələn Ermənistan ordusunu Rusiya niyə tez-tələsik, İkinci Qarabağ savaşından dərhal sonra modernləşdirməyə başlayıb?

Rusiyanın erməni ordusuna bu dəstəyinin müəmmalı səbəbi haqda Prezident İlham Əliyev də ritorik sual ünvanlamışdı. Erməni ordusu kimə qarşı hazırlanır?

Ermənistan KTMT-nin, başqa sözlə, birbaşa Rusiyanın hərbi çətiri altındadır. Azərbaycan Ermənistanın beynəlxalq aləmdə tanınan sərhədləri daxilinə müdaxilə etmək niyyətində olmadığını hətta 44 günlük müharibə dövründə də göstərdi. Belə ki, Ermənistan ərazisindən ölkəmizin mülki şəhərləri ballistik raket atəşinə tutulsa, müharibə cinayəti baş versə və çoxsaylı mülki şəxs həlak olsa da, Azərbaycan cavab zərbəsini Ermənistana endirmədi – baxmayaraq ki, beynəlxalq hüquqla mülki əhaliyə qarşı cinayət törədən konkret obyekti məhv etmək səlahiyyəti vardı.

Ermənistan ordusunu modernləşdirmə azmış kimi, üstəlik, 102-ci hərbi bazanın Sünikdə “filialının” açılması, daha açıq şəkildə desək, Rusiyanın bu ölkədə yeni bir baza yaratmaq istəməsi də müəmmalıdır.

102-ci hərbi baza haqda Rusiya rəsmiləri hər zaman bildiriblər ki, bu, NATO-ya qarşıdır. Halbuki hələ 20 il öncə Heydər Əliyev Rusiyanın özünü müdafiə etmək üçün uzaqmənzilli və dəhşətli dağıdıcılıq gücünə malik silahları olduğunu, 102-ci bazanın məqsədinin heç də bununla əsaslandırılmasını qəbul etmədiyini açıq şəkildə elan etmişdi.

Amma bütün hallarda Gümrü – NATO üzvü olan Türkiyə sərhədindədir və bunu bəlkə də hansısa formada izah etmək mümkündür. Bəs, Sünikdə - Zəngəzurda yeni bazanın yaradılmasının hədəfi nədir?

Sünik – Zəngəzur Azərbaycanla sərhəddədir və hazırda da o əraziləri Rusiya sərhədçiləri qoruyur. Orda əlavə olaraq yeni bir Rusiya hərbi bazasının yaradılması ideyası sadəcə Moskvanın Cənubi Qafqaz siyasətində aqressiv güc taktikasını genişləndirməsi kimi dəyərləndirilə bilər.

Yeri gəlmişkən, Rusiya HHM qüvvələri MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemini pilotsuz uçan aparatlarla mübarizə vasitələri ilə gücləndirmək barədə qərar qəbul edib. MDB ölkələrinin “vahid hava hücumundan müdafiə sisteminə” isə 6 KTMT ölkəsi və Özbəkistan daxildir. Aydındır ki, bu qoruma da birbaşa Ermənistanla bağlıdır...