Çoxsaylı “İsgəndər”lər, 110 minlik qruplaşma...

Çoxsaylı “İsgəndər”lər, 110 minlik qruplaşma...

17 Aprel 2021 18:03
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ukrayna sərhədlərinə doğru qoşun cəmləşdirməkdə davam edir. Qərbdə ciddi narahatlıq var ki, burada məqsəd təkcə Ukraynanı qorxutmaq və onu Donbassda hərbi əməliyyatlara başlamaqdan çəkindirməkdən ibarət olmaya bilər. Və ola bilsin Rusiyanın əsl məqsədi Ukraynadan yeni ərazilər qoparmaqdır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, “The Economist” nəşri Ukrayna sərhədlərində hökm sürən gərginlikdən bəhs edən məqaləsində ABŞ-ın Avropadakı qoşunlarının komandanı, general Todd Voltersdən sitat gətirir. General təsdiq edir ki, son həftələrdə Rusiyanın Ukrayna sərhədlərinə hərbi qüvvə cəmləşdirməsinin miqyası 2014-cü ildə, Krımın ilhaqı ərəfəsində baş verənlərlə müqayisə oluna bilər.

Məsələ ilə bağlı virtualaz.org yazır ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu günlərdə ölkənin qərb sərhədlərinə 2 ümumqoşun ordusu və 3 hava-desant qruplaşması yeritdiyini təsdiqləyib. Lakin xəbərlərə görə, Şoyqunun bu açıqlamasından sonra da qoşunların sərhədə tərəf hərəkəti davam edir. Təxmini hesablamalara əsasən sərhədə 110 minlik canlı qüvvə, minlərlə döyüş texnikası, o cümlədən çoxsaylı “İsgəndər-M” operativ-taktiki raket kompleksləri yerləşdirilib.

“Janes İntelligence News” agentliyindən analitik Tom Bullok Rusiya qoşunlarının sərhədə tərəf irəliləməkdə davam etdiyini təsdiqləyir. Və bu yerdəyişmə bilərəkdən nümayişkarənə formada edilir. Analitiklərə görə, baş verənlər Rusiyanın qəfil hücum planlarının olduğunu nümayiş etdirmir və “The Economist” qeyd edir ki, ola bilsin Vladimir Putin öz qoşunlarını “məcburetmə diplomatiyası” üçün bu cür nümayişkarənə şəkildə cəmləşdirir.

Nəşr yazır ki, Ukrayna ötən ilki Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasında mühüm rolu olan “Bayraktar TB2” zərbə pilotsuz təyyarələri ilə silahlanaraq Donbass üzərində nəzarəti hərbi yolla geri qaytarmaq imkanlarını nəzərdən keçirir. Və görünür Rusiya bu cür irimiqyaslı cəmləşmə aparmaqla prezident Vladimir Zelenskiyə mesaj verir ki, risk etməyə dəyməz.