Fransanın əxlaqsız “kiçik bacı”sının təzə hoqqası – “qara siyahı”

Fransanın əxlaqsız “kiçik bacı”sının təzə hoqqası – “qara siyahı”

18 Aprel 2021 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri və ölkəmizdəki keçmiş səfiri Metyu Brayza ermənilərin qəzəbinə gəlib. Keçmiş diplomatın Bakıda təzəcə açılan Hərbi Qənimətlər Parkına baş çəkməsi hayların xoşuna gəlməyib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı musavat.com yazır ki, deputat Ovanes Ovanesyan “əzabkeş xalq”a münasibətdə belə dəhşətli “sayğısızlığa” görə Brayzanı asıb-kəsib, Ermənistanın artıq “qara siyahı” tutmasının zamanı gəldiyini deyib.

“Siyahıya da elə Brayzadan başlamaq lazımdır”, – izhar edib.

Yəni ermənilərdən üzr istəməyəcəyi təqdirdə amerikalı eks-diplomat-həmsədrin Ermənistana girişinə yasaq qoyulması təklif olunub. Gülməlisi də elə bu “siyahı” məsələsidir.

Əvvəla, M.Brayza təkcə Hərbi Qənimətlər Parkına baş çəkməyib. O, işğaldan azad edilmiş Ağdama və digər ərazilərə də gedib və ardınca gördüklərindən dolayı obyektiv mövqe bildirib, vicdanlı şəkildə erməni vandallığı ilə bağlı sərt fikirlər söyləyib.

İkincisi, erməni faşizminin 30 ildə açıq səma altında torpaqlarımızda saxladıqları müdhiş “əl işləri”nə Fransanın Azərbaycandakı səfiri Zakari Qross da əyani şahidlik edib. Ağdamda, Füzulidə olub. İndi onun – Ermənistanı özünə “kiçik bacı” sayan (əslində “əxlaqsız kiçik bacı” – Z.S.) Fransanın diplomatı da “qara siyahı””ya salınacaq? Təbii ki, yox. Erməni erməni olmazdı, əgər hər hərəkətində riyakarlığını büruzə verməsin.
Üçüncü yandan, bütün qonşularına qarşı ərazi iddiaları və bəd niyyətlərlə yaşayan, Türkə nifrəti bitib-tükənməyən irqçi, monoetnik, özündənrazı və heç kəsi bəyənməyən, fəqət, gerçəkdə miskin bir topluma malik Ermənistanın harası Brayza üçün maraq kəsb edə bilər ki, ora getmək arzusunda da olsun?! Əksinə, ermənilər özləri marağında olmalıdır ki, xüsusən də əcnəbi tanınmış simalar onların saxta vətənini ziyarət edib, kasad büdcələrini zəginləşdisinlər.

Bu dəqiqə isə Ermənistanın ac-yalavac əhalisinin özü ölkədən qaçmağa, kütləvi şəkildə köç eləməyə fürsət axtarır. Pandemiyaya görə sərhədlərin bağlı olması belə onların çıxıb getməsini əngəlləyə bilmir, Rusiyaya uçan aviareyslərdə biletlər kəllə-çarxa çıxıb, birə-iki, birə-üç qiymətə satılır. Çünki tapılmır. Brayzanın bu xarabada nə iti azıb ki?..

Ümumiyyətlə isə “qara siyahı” adlanan sanksiyanı o dövlətlər tərtib edir ki, onlar yerləşdiyi bölgədə, dünyada söz və çəki sahibidirlər, əsasən müstəqil ölkələrdir və iqtisadi inkişafın önəmli səviyyəsinə çatıb, yaxud inkişafda olan dövlətlərdir, həmçinin əcnəbilərdən ötrü turistik əhəmiyyətə, cazibədarlığa malikdir və s. Hansılar ki, heç biri vassal, marionet və “izqoy” Ermənistana xas deyil. Müxtəsəri, öncə sən özünə hörmət edən dövlətə çevril, sonra kimdənsə özünə sayğı tələb elə, kiməsə “xox” gəl...

Sadalanan özəlliklər səbəbi ilə dövlətlər bəzən öz mənafeyini, suveren hüquqlarını təsbit eləmək üçün belə təzyiq rıçaqından istifadə edir və təsiri də olur. Bu xüsusda Azərbaycan XİN-in “qara siyahı”sını da effektsiz saymaq olmaz. Vaxtilə ermənilərin məkrinə uyub bölgəmizə qanunsuz səfərlər eləmiş nə qədər əcnəbi peşmançılıq keçirib və Azərbaycan xalqından üzr istəyib. Çünki bizim hansısa “qəbilə dövləti” deyil, ciddi bir məmləkət olduğunu və Azərbaycana hörmət edilməli olduğunun zəruriliyini anlayıblar.

44 günlük qalibiyyətli Vətən savaşından sonra çətin ki, bir də belə qələti edənlər olsun. Olarsa, “Ağa durur, ağacan durur”, cavablarını artıqlaması ilə alacaq, gəldiklərinə peşman olacaqlar. Dedik artıq, Azərbaycan Ermənistan deyil, heç vaxt da olmayıb. Ələlxüsus indi...