ARAŞDIRMA: Ailə məsələlərində atanın rolu

ARAŞDIRMA: Ailə məsələlərində atanın rolu

17 Fevral 2015 11:35
Bəyəndim (0) Bəyənmədim (0)
Övladların tərbiyəsində atalara məsləhət

Atanın ailədə rolu olduqca böyükdür. Ailə iki nəfərin yaratdığı birlik olduğundan onun məsuliyyətinin 50%-i kişilərin, yəni ailə başçılarının üzərinə düşür. Ata uşaq tərbiyəsində də müstəsna rola malikdir. Bu rolu araşdırmazdan əvvəl tez-tez rast gəlinən həyati bir misal haqda danışmaq istərdim. Yaşayış binasının həyəti palçıqlı, zibilli, nəmişlikdir. Hər gün bu binada yaşayan uşaqlar həmin şəraitsizlikdə hərəkət etməli, oynamalı olurlar. Bir sözlə, vaxtlarını səmərəli keçirə bilmirlər. Lakin yaxınlıqdakı yeməkxanada və ya pivəxanada o uşaqların atalarının əlindən tərpənmək olmur. Digər uşaqların ataları isə bütün günü evdə oturub televizora baxır. Yalnız bir uşağın atası həyətə düşərək gül-çiçək əkməyə başlayır və ətrafdakı uşaqlar onun başına toplaşırlar. Biri bel gətirir, digəri su gətirir. Nəticədə şəraitsiz həyətdə uşaqlar üçün bağça salınır. Təcrübə göstərir ki, digər atalar nümunəvi atanın yolu ilə getmək istəmirlər. Çünki kişilərin ümumi bir bəhanəsi var: "İşdən yorğun gəlmişəm, möhkəm yorulmuşam. İstirahət etmək, televizora baxmaq istəyirəm". Həmin ərəfədə uşaqlarla məşğul olmamaq üçün atalar müxtəlif bəhanələr uydururlar. Bu zaman ana övladlarının tərəfində çıxış edərək atanı qayğıkeş olmamaqda ittiham edir. Hətta valideynlər arasında mübahisə də düşür. Atalar adətən belə hallarda övladlarına cibxərcliyi və ya dondurma pulu verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Bəzi atalar isə övladlarını küçəyə göndərməklə problemdən azad olduqlarını düşünürlər. Bundan sonra uşaq həyətə düşərək nəzarətsiz halda vaxtını keçirməyə başlayır. Əlbəttə ki, bu halda ata övladını müstəqil böyütdüyünü düşünərək özünə təsəlli verir. Uşaq böyüdükdən, ailədə münaqişələr başladıqdan sonra isə ata başını tutaraq vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Həmin ata hətta nə zaman və necə səhvlər buraxdığını anlamaqda çətinlik çəkir. Analoji problemlərin yaranmaması üçün hər iki valideyn övlad tərbiyəsində atanın rolunu anlamalıdır. Məsələn, ata kitab oxumaq, internetdə qurdalanmaq, balıq tutmağa getmək, parkda gəzişmək fikrinə düşərsə, övladını özü ilə götürsə yaxşıdır. Bu halda övlad-valideyn arasında səmimiyyət yaranar. Digər tərəfdən, övladın dünyagörüşü artar. Nəticədə həm ziyarət, həm ticarət məsələsi həyata keçər. Yəni ata öz vaxtını səmərəli keçirməklə yanaşı övladının tərbiyəsində müsbət rol oynamış olar.

Ümumiyyətlə, atalar istəsələr, övladlarını planlı və düzgün şəkildə tərbiyə edə bilərlər. Ən azı ona görə ki, kişilər qadınlara nisbətən daha məntiqli və prinsipial olurlar. Onlar emosiyalara az uyurlar və adətən ev işləri ilə yüklənmiş olmurlar. Bütün bu üstünlükləri nəzərə alaraq, ata övladının vacib anlarında onun yanında olmalıdır. Məktəbdə problem yarandıqda, yoldaşlarla münaqişə düşdükdə, digər mübahisəli vəziyyətlərdə ata mütləq övladının çətinliklərini bölüşməlidir. Təsəlliverici haldır ki, son zamanlar atalar övladlarının tərbiyəsində daha yaxından iştirak etməyə başlayıblar. Uşaqlarını bağçaya, məktəbə aparan, valideyn iclaslarında fəal iştirak edən, övladlarının dərslərini hazırlaşdıran ataların sayı durmadan artmaqdadır. Təbii ki, bu hal anaları da sevindirir. Ona görə də səmimiyyəti dərinləşdirmək üçün övladları mümkün qədər yaxına buraxmaq lazımdır. Məsələn, ata evdə hansısa bir işi görərkən uşaqlarına da ona kömək etməyə imkan yaratmalıdır. Əgər belə bir imkan yoxdursa, övlad heç olmasa lazımı ləvazimatları verməkdə ataya yardımçı olmalıdır. İnanın ki, bu halda həm arada səmimiyyət yaranar, həm övlad zəhmətə alışar, həm də onun digər müsbət insani keyfiyyətləri formalaşar. Müasir zamanda bəzi kişilər ev işlərində həyat yoldaşlarına kömək edirlər. Bu hal cəmiyyətimizdə birmənalı qarşılanmasa da, əminliklə qeyd edə bilərəm ki, ailə mehribançılığı baxımından müsbət göstəricidir. Əlbəttə ki, söhbət kişilərin istismar olunmasından getmirsə. Ən azı ona görə ki, qadın kişi işlərini görərək evə pul gətirdiyi kimi kişi də ev işlərində (vaxtı və həvəsi olduğu halda) ona yardımçı olmalıdır. Onda qadının da həyat yoldaşına duyduğu məhəbbəti uzunömürlü olar. Övlad bu mehribançılığı gördükcə, daha doğrusu, ev işlərində anaya kömək edən ataya yardımçı olduqca ailə bütövləşər. Eyni zamanda həmin övlad gələcəkdə də qadının dəyərini bilmiş olar. Müşahidələr göstərir ki, hazırkı xoşbəxt ailələrdə valideynlər arasında partnyor münasibətləri hökm sürür. Hərə öz hüququnu və vəzifələrini yaxşı bilir. Nəticədə ailədə qarşılıqlı anlaşma şəraiti formalaşır. Odur ki, bu gözəl şəraitə övladları da cəlb etmək lazımdır. Uşaqlarınızı zibil atmağa, çörək almağa göndərməkdən çəkinməyin. Əksinə, zaman keçdikdə onlara verdiyiniz tapşırıqları bir qədər mürəkkəbləşdirin. Məsələn, onları kommunal xərcləri ödəməyə, kontur yükləməyə, yazdığınız siyahı ilə supermarketdən alış-veriş etməyə göndərin. Bir müddət sonra isə tapşırıqlarınızı daha da mürəkkəbləşdirsəniz, işin xeyrinə olar. Uşağınıza təxminən belə bir tapşırıq verin: "Səhər yeməyi üçün mağazadan şirniyyat al, mimoza salatı üçün ləvazimatlar götür və sair". İnanın ki, tapşırıqlar mürəkkəbləşdikcə övladınızın analitik düşüncəsi, nəticə çıxarmaq bacarığı və məsuliyyət hissi inkişaf etmiş olar. Digər tərəfdən, ailə büdcəsi haqda onda müfəssəl təsəvvür formalaşar.

Atalar məktəbəqədər uşaqların psixoloji inkişafında da əvəzolunmaz rola malik ola bilərlər. Axı hər bir ata öz qızını və ya oğlunu istedadlı, bacarıqlı, ağıllı görmək istəyir. Odur ki, uşağın müəyyən sahəyə duyduğu marağı körpəlikdən aşkar etmək və bu marağı həvəsə çevirmək lazımdır. Ona diqqətini cəlb edə biləcək kitablar oxuyun. Əgər kitaba marağı yoxdursa, bildiklərinizi şifahi şəkildə danışın. Lakin heç bir halda övladın tərbiyəsini kompüterə və ya televizora həvalə etmək olmaz. Çünki internet və televiziya məkanında hökm sürən özbaşınalıq övladınızın tərbiyəsinə, psixoloji inkişafına və ümumiyyətlə səhhətinə mənfi təsirsiz ötüşməyəcək. Yaxşısı budur, uşaqlarınızı kukla teatrına, muzeylərə, incəsənət dərnəklərinə aparın. Burada vacib bir amil də diqqətdən kənarda qala bilməz. Övladlarınız qısa müddət ərzində sizin etimadınızı doğrulda bilmədikdə, bunu uğursuzluq kimi qiymətləndirməyin, günahı kimdəsə axtarmağa tələsməyin. Həmçinin övladlarınızı onların öz yanında tənqid etməyin. Əksinə, onun hər bir kiçik nailiyyətini göstərici kimi qabartmağa çalışın. Unutmayın ki, dama-dama göl olar. Sadə dildə desək, uşaq tədricən formalaşır və bu yolda ondan yüksək nəticələr gözləmək sadəlövhlük olar. Bəzən isə övlad çox bacarıqlı, tez mənimsəyən olur. Təbii ki, valideynlər ondan yerdən göyə qədər razı qalırlar. Lakin bu zaman təhlükəli bir amil nəzərlərdən qaçmış olur. Əgər uşağınız verilən tapşırığı və ya müəyyən dərsi tez öyrənirsə, böyük ehtimalla əzbərçidir. Deməli, tapşırığın mahiyyətini anlamadan sadəcə icra etməyə tələsib. Bu halda onun bilikləri səthi, bacarıqları vərdiş ola bilər. Ona görə də övladlarımızda analitik bacarıqları inkişaf etdirmək, təhsili və əməyi təşviq etmək üçün onları yaxından tanımaq, hər biri ilə səmimi əlaqələr qurmalıyıq. Biz təkcə onların verdikləri nəticələri deyil, bütün iş prosesini əvvəldən axıradək izləməliyik, yəni mümkün qədər vaxtımızı övladlarımızla birlikdə keçirməliyik.

Son söz əvəzi: Ailə valideynlərin qurduqları bünövrə üzərində ucalır. Əgər bünövrə düzgün qoyulubsa, mərtəbələr bir-birinin ardınca yüksələcək. Əziz atalar, gəlin unutmayaq ki, dünən valideynlərimizdən asılı olduğu kimi, bu günə də biz cavabdehik. Sabahkı tarixi isə bizim övladlarımız yazacaq. Eynən biz ataların onlara öyrətdiyi kimi. Gəlin binamızı sağlam təməllər üzərində quraq.

Etibar Axundov

Mediainfo.az

Digər xəbərlər