I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti

I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti

Bəyəndim (0) Bəyənmədim (0)

Dünya və biz

Hər bir insan dünyaya öz ölkəsində göz açır. Bizlər ümumən planetimizin sakini olsaq da, yaşadığımız dövlətlərin vətəndaşlarıyıq. Bu ölkələrdən biri də odlar yurdu Azərbaycandır. Vətənimiz çoxəsrlik şanlı tarixə malik olsa da, dövlət müstəqilliyini cəmi 24 il əvvəl bərpa edib. Bununla belə, ötən 24 il ərzində dünya müstəvisində mühüm addımlar atmağa nail olub. Bəli, bu gün dünyanın 199 dövləti arasında Azərbaycan Respublikasının da öz yeri, çəkisi var. Planetimizin 0.06% ərazisini əhatə edən Azərbaycanımızda 9,47711mln. insan yaşayıb yaradır. Bu, dünya miqyasına görə o qədər də böyük rəqəmlər deyil. Lakin keyfiyyət kəmiyyətə görə daha önəmli göstərici olduğundan əminliklə qeyd edə bilərik ki, uğurlarımızın məntiqi əsası vardır. Tarixin süzgəcində cilalanan milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz bu uğurların nüvəsi olduğu halda, ən yeni tarixdə həyata keçirilən daxili və xarici siyasətimiz nailiyyətlərimizin təkanverici qüvvəsinə çevrilmişdir.

Sürətli sıçrayış

Müasir dünyada irili-xırdalı 119 dövlət mövcuddur. Onların arasında aparıcı ölkələr də var, təsir altında olanlar da. Adətən iqtisadi, ərazi və əhali cəhətdən nəhəng olanlar digər dövlətləri təsir altında saxlamağa çalışırlar. Lakin Azərbaycan Respublikası statistik göstəricilərinə görə nəhənglər sırasına daxil olmasa da, qısa müddət ərzində qazandığı uğurlarla onların səviyyəsinə qalxa bilmişdir. Müstəqilliyimizin ilk illərində ölkəmizin təhlükəsizliyi tam sığortalanmadığı halda, qısa müddətdə həyata keçirilən möhtəşəm iqtisadi layihələr Azərbaycanı bütün Avropanın enerji təhlükəsizliyinin qarantı səviyyəsinə qaldıra bilmişdir. Bəli, bu böyük məsuliyyətin öhdəsindən layiqincə gələn Azərbaycan sonradan bütün dünyanın təhlükəsizliyinin keşikçisinə çevrildi. Belə ki, Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının (2012-2013-cü illər) qeyri daimi üzvü seçildi. Beləliklə, dünyaya inteqrasiya fonunda dövlətlə xalqın monolit birliyi, vəhdəti Azərbaycanı liderlər sırasına yüksəltmiş oldu.

Bu gün də analoji tendensiya davam edir. 2011-ci ildə "Eurovision" yarışması çərçivəsində qoca qitənin musiqi aləmini fəth edən Azərbaycan nailiyyətlərinin təsadüf olmadığını bir daha sübuta yetirdi. İdmanda, incəsənətdə, elmdə, müasir texnologiyaların inkişafında, eləcə də beynəlmiləlçilik və multikulturalizm ənənələrinin inkişafında, bir sözlə, həyatın hər bir sahəsində ölkəmiz bir-birinin ardınca zirvələri ram etməyi bacardı. Ardıcıl uğurlarımızı, nailiyyətlərimizi sadalasaq, nəinki bir məqalə, çoxcildlik kitablar belə yetərli olmaz. Odur ki, onlardan ən sonuncusu, "I Avropa Oyunları" barədə bəhs etməklə kifayətlənəcəyik. Bu da təsadüfi deyil. İlk Avropa oyunları qoca qitənin ən mötəbər idman tarixində ilk səhifə olacaq. Deməli, tarixin özü qədər yaşayacaq.

Qısa arayış

2012-ci ilin dekabr ayının 8-də Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında hər dörd ildə bir təşkil olunması planlaşdırılan Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul edildi. Gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə ilk Avropa Oyunlarına ev sahibliyi Azərbaycana həvalə olundu.

Hazırlıq

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Bakı-2015" I Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi yaradıldı və Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva sədr seçildi. Təşkilat Komitəsinin sədrinin qərarı ilə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) yaradıldı və oyunlara hazırlıq işlərinə start verildi. Geniş spektorlu hazırlıq prosesinə təcrübəli yerli və əcnəbi mütəxəssislər cəlb olundu.

Qısa müddət ərzində Azərbaycanda yeni idman qurğuları inşa edildi, bir çoxunda isə yenidənqurma-bərpa işləri aparıldı. Bakı Olimpiya stadionu, Milli Gimnastika Arenası, Voterpol Arenası, Dağ Velosipedi Parkı, Bakı Atıcılıq Mərkəzi, Bakı Kristal Zalı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu və digər idman obyektləri mötəbər yarış üçün tam hazır vəziyyətə gətirildi.

Həmçinin idmançılar, nümayəndə heyətləri, jurnalistlərin məskunlaşması üçün Atletlər və Media Kəndi yaradıldı, nəqliyyat infrastrukturu təkmilləşdirildi. Turistlərin Oyunlara rahatlıqla gəlməsi üçün sadələşdirilmiş viza proseduraları təsdiqləndi. Metropolitenin sərnişinləri pulsuz daşıyacağı barədə qərar verildi.

Bundan başqa, oyunların Əməliyyat Komitəsi "Azərkosmos" ASC-ni "Bakı-2015"in rəsmi peyk yayım təchizatçısı elan etdi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Bakı-2015" Oyunlarının keçiriləcəyi obyektlərin hamısı optik lifli rabitə xətlərinə qoşuldu. Oyunlar zamanı obyektlərdə davamlı rabitənin təmin olunması üçün dövlət rabitə operatorlarının və digər dövlət qurumlarının mövcud kabel infrastrukturundan istifadə olunması qərara alındı.

Beləliklə, 12-28 iyun tarixləri arasında keçiriləcək oyunlarda Avropanın 49 ölkəsindən 20 idman növü üzrə (onların 16-sı Olimpiya proqramına daxildir) 6000-dən çox idmançı yarışacaq. Paytaxtımızda 239 komplekt medal uğrunda mübarizə aparılacaq. Yarışlarda 18 min yerli və xarici könüllülər fəaliyyət göstərəcək. Oyunları işıqlandırmaq üçün artıq 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün Təşkilat Komitəsinə müraciət edib.

Aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin, eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi baş tutub. Məşəl 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, iyunun 12-də tədbirin açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. "Bakı-2015"-in mərasimlər üzrə direktoru Katerina Uqvu bu barədə danışarkən bildirib ki, səyahətdə 1000-dən çox məşəlçi iştirak edəcək. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsi bu günədək Avropanın Roma, Paris, London, Berlin, Moskva və digər şəhərlərində, habelə Avropa Parlamentində təqdimatlarını keçirib.

Danılmaz həqiqət

Tarix bizi yazdığı kimi biz də onu yazırıq. Zamanın hər bir anı bu yazılarda yaşayır. Heç təsadüfi deyil ki, ilk olimpiada dedikdə, Qədim Yunanıstan dövləti, onun mədəniyyəti, şanlı salnaməsi yada düşür. Rəvayətlərə görə, ilk olimpiya oyunları b.e.ə 776-cı ildə Yunanıstanın cənubunda yerləşən Peloponnes yarımadasındakı Olimpiya şəhərində keçirilib. O zamanlar hər dörd ildə bir dəfə cəngavərlər meydançaya toplaşaraq geniş kütlələrin qarşısında yarışırdılar. Yarışlar keçirilən zaman ölkədə "müqəddəs sülh" günləri adı altında bütün silahlı münaqişələrə son qoyulurdu.

Bu ənənə 1896-cı ildə yenidən bərpa olundu. O vaxtdan indiyədək mütəmadi olaraq hər dörd ildə bir dəfə fərqli şəhərlərdə olimpiada yarışması təşkil olunur. Lakin bütün bunlara baxmayaraq, olimpiada dedikdə, ilk növbədə Qədim Yunanıstan və Olimpiya şəhəri yada düşür. Məhz buna görə də, bir çox rituallar, o cümlədən sülh məramı ilk yarışmalarda olduğu kimi qorunub saxlanılıb.

Heç şübhəsiz ki, ilk Avropa Oyunlarının təşkilatçısı Azərbaycan da tarixin qızıl hərflərlə yazılan səhifələrində yaşayacaq. Avropa Oyunları dedikdə, hər zaman kaloritli mədəniyyətimiz, zəngin adət-ənənələrimiz, şanlı tariximiz, yüksələn elmimiz, hər sahədə uğurlarımız, bir sözlə, nailiyyətləri ilə dünyaya nümunə olan Azərbaycan yada düşəcək. O Azərbaycan ki, Odlar Yurdudur və sönməz işığı ilə həmişə bütün dünyaya nur saçacaq, qəlblərə hərarət gətirəcək.

Reallıq statistik rəqəmlərin dili ilə

Azərbaycan Respublikasının ərazisi 86,6 min km², əhalisi isə 9,47711 mln nəfərdən ibarətdir. Dövlətimiz ərazisinə görə 119 dövlət sırasında 114-cü yeridə qərar tutub. Bununla yanaşı, torpaqlarımızın 20%-i işğal altındadır, bir milyondan çox həmyerlimiz qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkumdur. Biz bunu istəsək də, istəməsək də, tarixi ədalətsizlik rəqəmlərdə bu cür ifadə olunub.

Mənəvi azərbaycanlılar

Lakin məyus olmağa dəyməz. Ardıcıl nailiyyətlərimiz bizi bütün dünyaya tanıtmağa başlayıb. İndi planetimizin diqqəti bizim üzərimizdədir. Hamı aparıcı qitənin aparıcı ölkəsini yaxından tanımağa çalışır. Bir sözlə, dünya insanının ürəyi bizimlə döyünür. Bu döyüntü məhəbbət döyüntüsüdür. Azərbaycan dünyanı sevdiyi kimi dünya da Odlar Yurdunu sevməyə, onunla qucaqlaşmağa başlayıb. Deməli, haqq səsimizi ucaldacaq insanların sayı durmadan artır. Həmin insanlar məhz "I Avropa Oyunları" zamanı Azərbaycanın elçilərinə, mənən azərbaycanlılara çevriləcəklər.

Son söz əvəzi

İdman sağlam bədənlə sağlam ruhun vəhdəti deməkdir. O ayrı-ayrı fərdlərin müsabiqəsi, güclünü müəyyən etməyə xidmət edən yarışma deyil. İdman qalibləri yetişdirən cəmiyyətlərin tarixi qələbəsini əks etdirən mühüm hadisədir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev haqlı olaraq qeyd edib: "Azərbaycan dünyada və Avropada idman dövlət kimi tanınır". Daha sonra prezidentimiz Azərbaycanın dünya üçün etalon olduğunu əminliklə vurğulayıb: "Bu, artıq Azərbaycan standartlarıdır... İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanmışdır və Avropa ölkələri arasında 15-ci yerə layiq görülmüşdür. Əlbəttə ki, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərmişdir".

Murad Şahməmmədov

Yazı Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün qələmə alınıb.

Digər xəbərlər