Ailə problemlərinin həllində sehrli sözlər - Araşdırma

Ailə problemlərinin həllində sehrli sözlər - Araşdırma

20 İyun 2016 11:54
Bəyəndim (0) Bəyənmədim (0)
Övladların tərbiyəsində buraxdığımız səhvlər

Dəyərli analar və atalar, elimizdə belə bir məsəl var: "Təhsil ailədən başlayar". Həqiqətən də övladlar dünyaya ailədə göz açdıqları üçün onların ilk bilik və bacarıqlarını, dünya görüşünü məhz ailədə formalaşdırmağa çalışırıq. Amma buna nə səviyyədə və necə nail ola bilirik? Önəmli olan da bu sualların düzgün cavabını tapa bilməkdir. Heç kimə sirr deyil ki, hər ailə nümunəvi övlad yetişdirmək arzusundadır. Bununla da valideynlər övladlarına və dolayısı ilə özlərinə işıqlı gələcəyi təmin etməyə çalışırlar. Ona görə də ilk növbədə bütün maddi imkanlarını səfərbər edib uşaqların təhsilinə yönəldirlər. Lakin əksər hallarda məsələnin mənəvi tərəfinə, yəni uşaqların bir şəxsiyyət kimi formalaşmasına ikinci dərəcəli faktor kimi baxırlar. Əslində, hər şey statistik göstəricilərdən ibarət deyil. Yəni əlaçı, yüksək təhsilli insan hər zaman nümunəvi vətəndaş ola bilmir. Deməli, önəmli olan övladın cəmiyyətə düzgün inteqrasiya olunması, dövrünün müsbət keyfiyyətlərini mənimsəməsi, nəticədə nümunəvi şəxsiyyət kimi yetişə bilməsidir.

Necə deyərlər, uşaq ailənin güzgüsüdür. Başqa sözlə, övladın xarakterini ailə üzvlərinin xarakteri, onlar arasında münasibətlər formalaşdırır. Doğrudur, burada genetik faktorlar da rol oynaya bilir. Lakin övladın məhz ailə təsiri altında formalaşdığını nəzərə alsaq, genetik faktorların da məhz bu təsir altında dəyişə biləcəyini vurğulaya bilərik. Ailə üzvləri arasında düzgün münasibətlər olmazsa, övladda da ətraf aləmlə münasibətlər yanlış məcrada formalaşacaq və ya bu bacarıq ümumiyyətlə formalaşmayacaq. Nəticədə, övladın ətrafdakılarla rabitəsi həm ailə daxilində, həm də cəmiyyətdə davamlı konfliktlərlə müşayiət olunacaq. Bu halda uşaq necə təhsil ala biləcək və ya düzgün şəxsiyyət kimi necə yetişəcək? Əlbəttə ki, hər bir valideyn övladını qayğı və nəvazişlə yetişdirməyə çalışır. Lakin nəticə bəzən gözlənilənin əksi olur. Ona görə ki, valideyn sevgi və məhəbbətini, xoş niyyətini övladına düzgün şəkildə ötürə bilmir. Sadə dildə desək, ya izafi dərəcədə uşağın nazı ilə oynayır, ya da ona olan məhəbbətini öz istəyinə, eqosuna uyğun qısqanclıqla verir. Burada qızıl nöqtəni tapmaq olduqca vacib şərtdir. Qızıl nöqtə ondan ibarətdir ki, valideyn ilk növbədə övladını tanımalıdır, ona şəxsiyyət kimi yanaşmalıdır və uşağının xasiyyətinin təməl prinsiplərinə hörmətlə yanaşmalıdır. Yuxarıda sadalananları nəzərə alaraq, bugünkü yazıda valideyn-övlad münasibətlərinin düzgün formalaşması üçün bəzi qanunauyğunluqları Sizlərə sadə dildə çatdırmağa çalışacağıq. Hadisələri qabaqlayaraq, xüsusilə vurğulamaq istərdik ki, nəinki valideyn-övlad rabitəsində, o cümlədən bütün insanlar arasında münasibətlərin sağlam şəkildə formalaşmasında ən əsas faktor aradakı körpünün qurulmasıdır. Bunun üçün ən əvvəl qarşındakı insanı tanımaq, onu olduğu kimi qəbul etmək vacib şərtdir. İkinci vacib şərt isə ondan ibarətdir ki, özünü onun gözü ilə görə bilməlisən. Bu halda hər bir insan öz səhvini və ya üstünlüklərini görə biləcək və arada ən azı səmimiyyət formalaşacaq. İnanın ki, hadisələrin bu cür inkişafı qısa zamanda aradakı səmimiyyəti qarşılıqlı inama və məhəbbətə çevirəcək.

İnsanlar müxtəlif olduqları kimi, onların maraqları da müxtəlif ola bilir. Bəzən bu maraqların toqquşması müxtəlif problemlərə səbəb olur. Bu da labüddür. Lakin aradakı körpü yaranmış problemlərin mübahisələrə və münaqişələrə çevrilməsinin qarşısını almaq üçün ən qısa yoldur.

Sağlam ailədə problemlərin həlli

1. Duyğu və düşüncələr olduğu kimi, şişirdilmədən ortaya qoyulmalıdır. Belə olan halda qarşılıqlı hörmət prinsipi qorunub saxlanacaq.

2. Problem mövcud narazılığı əhatə etməlidir, yəni əvvəlki narazılıqlar yada salınmamalıdır. Əks təqdirdə, qarşılıqlı münasibətlər zədələnəcək.

3. Mübahisə müddətində qarşı tərəfə öyüd-nəsihət verilməməlidir. Onsuz da mübahisə zamanı bunun effekti olmayacaq və ya neqativ olacaq. Odur ki, yalnız mövcud problemə səbəb olan məsələ detalları ilə müzakirə olunmalıdır.

4. Qarşı tərəf birmənalı şəkildə günahlandırılmamalı, təhqir və ittiham olunmamalı, duyğu-düşüncə və fikirlər açıq şəkildə dilə gətirilməlidir.

5. Məsələlər şişirdilməməli, olduğu kimi müzakirə olunmalıdır. Məsələn, siz övladınıza "iki saat gecikdin" dediyinizdə o sizə: "yox, bir saat qırx beş dəqiqə gecikdim" deməməlidir.

6. Bir problemə başqası əlavə edilməməlidir. Məsələn: "həm gecikirsən, həm də mənə kömək eləmirsən" deyərək iki mövzu bir araya qoyulmamalıdır.

7. Bir tərəf haqlı olduğunu sübut etmək yerinə qarşılıqlı razılığa gəlinməlidir. Yalnız bu halda hər iki tərəf öz səhvini anlamış olacaq.

Qeyri-sağlam ailədə mövcud olan qanunlar

Mütəxəssislərin fikrincə, qeyri-sağlam ailələrdə qanunlar heyvani instinktlərlə və ya şüur altında formalaşır. Bu qanunlar tez-tez müşahidə olunan mübahisə və münaqişələrdə özünü bariz şəkildə nümayiş etdirmiş olur.

1. Diktatura: Uşaq duyğu və düşüncələrini, fikirlərini ifadə edərkən hər zaman qorxu içində olur. Digər tərəfdən azad fikirlərini dilə gətirmədən udur. Çünki haqlı fikrinin belə haqsız təzyiqlərə məruz qalacağını əvvəlcədən bilir.

2. Perfektsionizm (Mükəmməlçilik): Görülən hər bir işdə, imtahanlarda uşağın ancaq mükəmməl, yəni birinci olması gözlənilir. Bu cür ailələrdə hər şey reklam üçün, başqalarının tərifi üçün edilir. Belə olan halda, övlad öz bilik və bacarıqlarının dəyərsiz və yetərsiz olduğunu düşünərək, ümidsizlik və çarəsizlik ruhunda böyüyür.

3. Günahlandırma: Bu cür münasibət tərzi hadisələri olduğu kimi qəbul etməməyin fəsadıdır. Deməli, hər şey diktatura altında və tam mükəmməl olmalıdır. Nəticədə, övlad daimi psixoloji təzyiq altında utanmağa, özünü qınamağa və natamam olduğunu düşünməyə başlayır.

4. Azadlıq prinsiplərinin inkarı: Təəssüf ki, qeyri-sağlam ailələrdə insanlara məxsus olan 5 əsas azadlıq prinsipi pozulur. Övladın dərk etmə, duyma, düşünmə, davranış, arzu və məqsədləri inkar edilir. Onlara özləri kimi olmaq imkanı verilmir. Nəticədə, övladın şəxsiyyətində ikiləşmə prosesi başlayır və o daxili dünyasından uzaqlaşdıqca insani duyğuları iflicləşir.

5. Böyük-kiçik sindromu: Əlbəttə ki, Azərbaycan ailələrində böyük-kiçik münasibətləri əsrlərdir cilalanan milli dəyərlərimizlə tənzimlənir. Lakin qeyri-sağlam ailələrdə bu dəyərlər yalançı vərdişlərlə əvəz olunur. Sadə dildə desək, övladın böyük yanında danışmaq, fikir bildirmək, hətta müstəqil düşünmək imkanları məhdudlaşdırılır. Bu isə uşağa dəyərsiz olduğu fikrini aşılayır.

6. Kin-küdurət: Qeyri-sağlam ailələrdə kin-küdurət saxlamaq, sözün əsl mənasında, dəb halını alıb. Bu cür ailələrdə küsülülük, münasibətləri tamamilə kəsmək problemlərin yeganə həll yolu kimi götürülür. Nəticədə, qarşılıqlı anlaşma öz yerini dondurulmuş münaqişələrə və təbii ki, fərqli neqativ duyğulara verir.

7. İnamsızlıq: Qeyri-sağlam ailələrdə heç bir fərd digərinə axıradək inanmır. Əslində, kimsə-kiməsə etibar edir görünüşü var olsa da, münasibətlərin nüvəsini tamlıqla etibarsızlıq təşkil edir. Belə ailələrdə böyüyən övladlar özlərinə inanmadıqları kimi ətrafdakılara da inanmırlar. Və sonradan rahatlıqla başqalarının təsiri altına düşə bilirlər. Ən yaxşı halda isə eqoist kimi formalaşırlar.

Səssiz dinləmək

Qarşısındakını dinləyə bilmə bacarığı insanlar arasındakı mübahisələr və münaqişələrdə qalibiyyəti təmin edə biləcək ən güclü silahdır. Dərindən düşünsək, görərik ki, problemlərin köklü həllində dinləmək yersiz danışmaqdan daha effektlidir. Səssiz dinləmək qarşısındakına danışmaq imkanı yaratmaqla yanaşı, həm də ona düşünmək, götür-qoy eləmək və düzgün nəticə çıxarmaq üçün zaman yaradır. Bu isə o deməkdir ki, səssiz dinləməklə biz övladımıza bunları demiş oluruq:

1. Duyğularını olduğu kimi bilmək istəyirəm.

2. Düşüncələrini tam anlayıram.

3. Mənimlə paylaşmaq istədiyin məsələdə sənin qərarına hörmətlə yanaşıram.

4. Bu, sənin problemin olsa da, lazım bilsən, onu birlikdə həll etməyə hazıram.

Bütün hallarda biz övladımıza qəbul edildiyini göstərmək üçün bütün diqqətimizi yönəltməliyik. Bu yolda zaman-zaman onun fikirlərini işarələrlə və ya rahatladıcı sözlərlə təsdiq etməliyik.

Heç kimə sirr deyil ki, uşaqlar adətən problem və düşüncələrini açıq şəkildə dilə gətirməkdən çəkinirlər. Bunun üçün böyüklər tərəfindən əlavə dəstəyə, ürəkləndirilməyə ehtiyac duyurlar. Aşağıdakı cümlələrlə biz övladımıza lazımi şəraiti yaratmış ola bilərik.

1. Filan mövzuda danışmaq istəyirsən?

2. Sonra nə oldu?

3. Nələri hiss etdin?

4. Misal gətirə bilərsən?

5. Filan mövzuda nə düşünürsən?

Effektiv dinləmə

Effektiv dinləmədə əks tərəfin dediklərinin məğzini anlamaq vacib şərtdir. Bu cür dinləmə ilk növbədə uşağa ürəyini boşaltmağa və məntiqi nəticələr çıxartmağa imkan verir. Eyni zamanda onda özünəinam duyğusunu formalaşdırır. Belə olan halda, arada qarşılıqlı inam, etibar və səmimiyyət kimi dostluq münasibətləri yaranmağa başlayır. İnanın ki, eşidildiyini, başa düşüldüyünü anlamaq olduqca gözəl bir hissdir. Bu hissə daha çox yetişməkdə olan nəslin, yəni övladların ehtiyacı olur. Effektiv dinləmənin digər üstün cəhəti isə ondan ibarətdir ki, bu zaman valideyn özünü övladının gözündə görmüş olur. Və nəhayət, uşaqlar neqativ münasibətə olduğu kimi sevgiyə də dərhal reaksiya verirlər.

Effektiv dinləmək üçün

1. Övladınızın deyəcəklərini dinləmək istəməlisiniz. Ona ayıracağınız vaxt həmin an uşağınıza verə biləcəyiniz ən böyük hədiyyə ola bilər. Vaxtınız olmadığı təqdirdə, bunu ona mütləq deməlisiniz və hər ikiniz üçün münasib olan bir zamana qədər gözləməlisiniz.

2. Övladınızın qaldıracağı problemin həllini ürəkdən istəməlisiniz. Bunun üçün özünüzü müəyyən müddət ərzində hazırlamalısınız və ancaq hazır olduğunuz halda onunla dialoqa başlamalısınız.

3. Duyğu və düşüncələri sizinkindən fərqli olsa belə, onları anlamağa və qəbul etməyə çalışmalısınız.

4. Ona inanmalısınız. Problemlərini sizin qayğınız altında, amma müdaxilə etmədən həll edə biləcəyini qəbul etməlisiniz. İnanın ki, o, problemlərini bir-bir həll etdikcə ona etibarınız gün-gündən artacaq.

5. Övladınızın duyğu və düşüncələrinin daimi deyil, keçici olduğunu dərk etməlisiniz.

6. Uşağınızı unikal bir şəxsiyyət kimi qəbul etməlisiniz. Onu başqalarından fərqləndirən cəhətlərə hörmətlə yanaşmalısınız.

7. Övladınızın işinə birbaşa qarışmasanız da, ona daim yanında olduğunu, sizə etibar edə biləcəyini hiss etdirməlisiniz.

Ümumiyyətlə, effektiv dinləmənin ən uyğun zamanı uşağın problemlərini qabartdığı vaxtdır. Belə olan təqdirdə, nəticələr gözləniləndən də yüksək olur. Bir həqiqəti də bilmək lazımdır: hər bir uşağın valideynləri, müəllimləri, bacı-qardaşı, dostları və ya ətrafdakı insanlarla problemi ola bilər. Bu cür problemləri vaxtında həll olunmayan uşaqlar psixoloji sarsıntı keçirirlər. Odur ki, onları dinləməyi və problemlərinin həllinə birlikdə nail olmağı yaddan çıxarmamalıyıq.

Bunları da bilmək vacibdir

1. Uşağın hər hansı bir ehtiyacı bilərəkdən ödənilməsə, mütləq problemi yaranacaq. Onun o ankı davranışı valideynlərin tələblərini ödəməyə mane olmursa, demək, PROBLEM YAŞAYAN ata-ana deyil, UŞAQDIR.

2. Uşağın ehtiyacları ödənilirsə, valideynlərin də uşaq qarşısında tələblərini ödəməyə ciddi maneə yaranmırsa, demək, MÜNASİBƏTLƏRDƏ PROBLEM YOXDUR.

3. Uşağın ehtiyacları tam şəkildə ödənirsə, ancaq davranışı valideynlərin tələblərini ödəməyə qəti şəkildə mane olursa, demək, PROBLEM YAŞAYAN VALİDEYNLƏRDİR.

1-ci halda, yəni uşaq problem yaşadığı zaman "effektiv dinləmə" metoduna mütləq baş vurmaq lazımdır. Ancaq 3-cü halda, yəni problemi valideynlər yaşayırlarsa, "effektiv dinləmə" metodunu tətbiq etməyə ehtiyac duyulmur. Çünki effektiv dinləmə zamanı siz ilk əvvəl övladınızın probleminin həllinə nail ola bilirsiniz.

Effektiv dinləmənin həddən artıq tətbiq olunması və ya zamanında tətbiq olunmaması gözlənilən nəticələri vermir. Odur ki, yuxarıda qeyd etdiyimiz kimi, münasib vaxtın və şəraitin yetişməsini gözləmək lazımdır.

Mən dili

Adətən ata-analar övladla münasibətdə "Sən dili"ndən istifadə edirlər. Məsələn: "sən oxumursan", "sən tənbəlsən", "sən qorxaqsan" və sair... Təcrübə göstərir ki, əmr vermə, danlama, tənbehləmə kimi müraciətlər problemləri həll etmək əvəzinə daha da dərinləşdirir. Bu cür neqativ halları aradan qaldırmaq üçün "Mən dili"nə keçmək lazımdır. Başqa sözlə desək, övladınızın davranışlarının və ya ümumən hadisələrin sizə nə kimi təsir etdiyini dilə gətirməlisiniz. Məsələn: Uşağınız dəcəllik etdiyi zaman bunun sizə pis təsir etdiyini ona deməkdən çəkinməməlisiniz. Ona "bu gün də dəcəllik etsən, qanımı qaraldacaqsan" deməlisiniz. Və ya nahar gecikdiyi zaman "yeməyi vaxtında bişirə bilmirəm, sənə ayaqüstü yeməyə nə verim?" Digər bir misal: "Bilirəm, tətildəsən, ancaq bu gün çox yorğun olduğum üçün səni parka apara bilməyəcəm, qalsın sabaha" deməklə siz övladınızın vəziyyəti düzgün qiymətləndirə bilməsinə şərait yaratmış olacaqsınız. Göründüyü kimi, "Mən dili" ilk növbədə duyğuların dilidir və birbaş sağlam məntiqə xitab edir. Nəticədə övlad məsələnin mahiyyətini anlamaqla yanaşı valideynlərin nə kimi hisslər keçirdiyini başa düşür. Ümumiyyətlə, övladlar "Mən dili"ni daha tez anlayırlar və valideynlərin onlar haqda nə düşündüklərini bildikləri üçün adekvat nəticə çıxara bilirlər. Həyatda tez-tez rastlaşdığımız nümunəyə nəzər salaq. Sizcə həyətə çıxmaq üçün dirənən uşağa valideyn "ölsən də, səni həyata buraxmayacam, rədd ol otağına!" desə effekt verər, yoxsa "hava qaralıb, sənin üçün narahat olacağıq, bu gün getmə, sabah səhər uşaqlarla nə qədər istəsən oynayarsan" deyə nəvazişlə müraciət etsə... Mənimlə razılaşmayan oxucular tələsməsinlər. Doğrudur, birinci halda uşaq otağına getsə də, həmin an valideynini düşmən gözündə görəcək. Bu hallar təkrarlandıqca uşaq daha da sırtıqlaşacaq. İkinci cavabda isə o, təhlükənin varlığını dərk etməklə yanaşı həm də valideynini başa düşmüş olacaq. Bu da onun təfəkkürünü və məsuliyyət hissini daha da gücləndirəcək.

Problemi həll etmək bacarığı

Kin-küdurət, nifrət kimi mənfi duyğular övladlarda müəyyən zaman kəsiyində formalaşır. Biz bunu hiss etmirik, amma gündəlik həyatımızda, məişətdə qarşılaşdığımız mübahisələrdən, münaqişələrdən qalan acı xatirələr bir yerə toplanaraq qəliblənir. Biz istəsək də, istəməsək də, yadda saxlasaq da, unutsaq da, övladlarımızın zehnində, qəlbində bizə qarşı müəyyən aqressiya ocağı yaranır. Buna görə də mübahisə və münaqişələrin həllində son dərəcə diqqətli olmalıyıq. Əvvəla problemin mübahisə və münaqişə səviyyəsinə yüksəlməsinə şərait yaratmamalıyıq. İkincisi, problemlərin müzakirəsində düzgün strategiya seçməliyik. Psixologiya və sosiologiya elmləri problemli müzakirələrin iki cür həlli yolu olduğunu bildirir:

1. Kim haqlıdırsa, o da qalib gəlsin. Əlbəttə ki, mən haqlıyam, qalib gələcəm, o haqsızdır, uduzacaq (Ud/Uduz).

2. Kimin haqlı olmasından asılı olmayaraq, qarşılıqlı anlaşma və sülh qalib gəlsin (UD-UD və ya Uduzan yoxdur).

Ud/Uduz strategiyasının adından göründüyü kimi, tərəflərdən biri mütləq nəticələrdən narazı qalır. Bu zaman daha ötkəm, hazırcavab olan, hiyləli davranan qazanmış olur. Təbii ki, tərəflər arasındakı qarşılıqlı inam, etibar, hörmət kimi müsbət duyğular sarsılır.

Ud-ud və ya Uduzan yoxdur strategiyasında isə qarşı tərəflərin davranışı deyil, yalnız problem müzakirə olunur. Beləliklə, hər iki tərəfi razı salan nəticələr əldə olunur.

Problemin həllinin 7 asan yolu

Hər hansı bir problemin həlli yolunda düzgün strategiya müəyyən olunduqdan sonra əməli işlərə start verilməlidir.

1. Problemi dərinliyinədək anlamağa çalışın. Onun sizə və qarşı tərəfə nə kimi təsir etdiyini düşünün. Düşüncələrinizi rahat bir şəkildə dilə gətirməkdən çəkinməyin.

2. Ağlınıza gələn bir çox həll yollarını təklif edin. Doğru və ya yanlış fikir irəli sürməkdən ehtiyat etmədən təkliflərin mümkün qədər çox olmasına çalışın. Təklifləri müzakirə etmək üçün sıra ilə bir kağıza yazın.

3. Daha sonra hər bir təklifi ayrı-ayrılıqda müzakirə etməklə müsbət və mənfi tərələrini ayırd etməyə çalışın.

4. Ən düzgün çıxış yolunu müəyyən edib qarşı tərəflə ümumi razılığa gəlin.

5. Birgə gəldiyiniz qərarı tətbiq etmək üçün plan tutun və planı dərhal tətbiq etməyə başlayın.

6. Qısa müddətdən sonra (1 saat, bir gün, 1 həftə və sair) yenidən bir araya gəlib nəticələri təkrarən gözdən keçirin. Çünki problemin həlli yolunda gəldiyiniz qərar onun həll olunmasında yetərli olmaya bilər. Əgər sonuclar hər ikinizi qane etmirsə, yenidən müzakirəyə başlayın.

7. İstənilən vəziyyətdə təkcə özünüzün deyil, hər iki tərəfin mənafeyindən çıxış edin.

Son söz əvəzi:

İnsan gözü güzgüdür. Özünüzü başqalarının gözündə görməyə alışın. Gördüyünüz mənzərə sizi qane etmirsə, güzgünü sındırmağa deyil, özünüzü dəyişdirməyə çalışın.

Könül Aypara

Mediainfo.az

Digər xəbərlər