Layihə  
          
Elm və Təhsilin inkişaf etdirilməsi 

Azərbaycan təhsili şərəfli bir inkişaf yolu keçib

Layihə Elm və Təhsilin inkişaf etdirilməsi Azərbaycan təhsili şərəfli bir inkişaf yolu keçib

10 Aprel 2020 10:22
Bəyəndim (10) Bəyənmədim (2)

Azərbaycan xalq Cümhuriyyəti dövründə təhsil sahəsində həyata keçirilən islahatlar əhali arasında böyük məmnunluqla qarşılanmışdı. Həmin dövrdə ən önəmli və taleyüklü məsələlərdən biri də məktəblərdə oxuyan şagirdlərin milli vətənpərvərlik ruhunda yetişdirilməsi idi. Bu müstəvidə də məktəblərin adlarının milliləşdirilməsi, müəllimlərin milli kadrlarla əvəz olunması xüsusi önəm daşıyırdı. Çünki həmin dövrdə məktəblərdə milli kadrların çatışmaması və qeyri-azərbaycanlı müəllimlərin çoxluğu, təhsil müəssisələrinə rəhbərliyin də onlar tərəfindən həyata keçirilməsi Xalq Maarif Nazirliyinin milli ruhdakı qərarlarının tədris subyektlərində yerinə yetirilməsinə imkan vermirdi. Qeyri-azərbaycanlı müəllim kadrları hər vasitə ilə milli ruhda tərbiyəni nəzərdə tutan qərarların yerinə yetirilməsinə mane olur və bununla da dövlətçilik əleyhinə təxribatlara əl atırdılar. Bir sözlə onlar əllərində olan vasitələrdən, tutduqları vəzifədən yararlanaraq AXMN-nin qərarlarının icra edilməsinə, təhsilin məzmununun milliləşdirilməsinə imkan verməməyə çalışırdılar. Bütün bunlar da öz növbəsində məktəblərin rəhbərləri vəzifəsinə milli ruha malik, milli-mənəvi dəyərlərə sahib olan, maarifpərvər və savadlı azərbaycanlı müəllimlərini gətirilməsini qaçılmaz zərurətlərdən birinə çevirmişdi. Ona görə də Azərbaycan Xalq Maarif Nazirliyi AXC rəhbərliyinin göstərişlərinə uyğun olaraq məktəb rəhbərlərinin milli kadrlarla əvəz olunması prosesini başlatdı. Nəzərdə tutulan plana uyğun da olaraq tədris müəssisələrində qeyri-azərbaycanlı kadrların milli, azərbaycanlı kadrlarla əvəzlənməsi uğurla həyata keçirildi.
O dövrdə Azərbaycan Xalq Maarif Nazirliyinin tabeçiliyində olan tədris müəssisələri rəhbərləri vəzifələrinə kifayət qədər tanınmış pedaqoqlar, o cümlədən S. Yaqubova, R. Əfəndiyev, M. Maqomayev kimi vətənpərvər ziyalılar təyin edildi. Tədris müəssisələrinə rəhbər təyin edilən milli kadrlara tapşırılmışdı ki, qısa müddətdə məktəblərdə nazirliyin göstərişlərini həyata keçirmək istəməyən və dövlətçiliyimizə qarşı açıq və ya gizli şəkildə təxribatlara baş vuran qeyri-azərbaycanlı müəllimlər milli kadrlarla əvəz olunsunlar. Ədalət naminə deyək ki, tədris müəssisələrinin azərbaycanlı rəhbərləri onlara tapşırılan işin öhdəsindən bacarıqla, yüksək vətənpərvərliklə gəldilər və xalqını sevən milli müəllim kadrları tədris prosesinə cəlb etdilər. Bunu Milli Qadın Gimnaziyasının timsalında da aydın görmək olardı. Belə ki, Milli Qadın Gimnaziyasına müdir təyin olunan S. Yaqubova qısa müddətdə milli ruhlu, savadlı, vətənpərvər qadınları məktəbə dəvət edərək onların vasitəsi ilə tədrisin ana dilimizdə aparılmasına nail oldu. Təcrübəli pedaqoq olan S Yaqubova savadlı müsəlman qadınlarını işə cəlb etməklə qısa müddətdə 57 qeyri-azərbaycanlı müəllimdən 14-nü milli kadrlarla əvəz elədi və sonrakı dövrdə də bu prosesi uğurla davam etdirdi. Digər tədris müəssisələrində də müəllimlərin milli kadrlarla əvəz olunması prosesi uğurla həyata keçirildi. Məsələn, Bakı Qarışıq İbtidai Ali Məktəbin direktoru, tanınmış pedaqoq M Maqomayev də Azərbaycan Xalq Maarifi Nazirliyinin tələblərini müxtəlif yollara yerinə yetirməkdən imtina edən və dövlətçiliyimizə qarşı təxribatla məşğul olan qeyri-azərbaycanlı müəllimlərin əksəriyyətini milli kadrlarla əvəz etdi. Eyni sözləri digər tədris müəssisələrinin kişi rəhbərləri haqqında da demək olar. Belə ki, direktor vəzifəsinə təyin edilən R. Əfəndiyev Bakı Kişi Gimnaziyasında 24 qeyri-azərbaycanlı müəllimdən 17-ni azərbaycanlı milli kadrlarla ilə əvəz etdi.

Milli kadrlar isə öz növbələrində öhdələrinə düşənlərin uğurla həyata keçirdilər və bununla da onlar şagirdlərdə milli vətənpərvərliyin təbliği prosesinə böyük töhfələr vermiş oldular. Qeyd edək ki, o dövrdə qeyri-azərbaycanlı müəllimlərin milli kadrlarla əvəz edilməsi heç də asan bir iş deyildi. Çünki milli müəllim kadrlarımız az idi və üstəlik onlar ölkənin müxtəlif bölgələrində yaşayırdılar. Onların böyük hissəsini axtarıb taparaq Bakıya dəvət etmək böyük əziyyət tələb edirdi. Eyni zamanda həmin milli kadrların evlə təmin edilməsi və ya onlara kirayə pullarının ödənilməsi də zəhmət, əlavə maddi vəsait tələb edən iş idi. Amma bütün bu çətinliklərə baxmayaraq təhsil müəssisələrinin azərbaycanlı maarifpərvər müdirləri müxtəlif şəhər, kənd və qəzalardan milli ruhlu, savadlı müəllimləri axtarıb tapır və onları işə qəbul edərək öz milli və mənəvi borclarını layiqincə yerinə yetirirdilər. Məktəbə tədris prosesinə cəlb edilən müəllimlər arasında isə o dövrün tanınmış ziyalılarından olan X. Ağayeva, H. Cavid, Ə. Əzimzadə, R. Təhmasib, Ə. Terequlov, P. Qasımov kimi təcrübəli pedaqoqlar, milli vətənpərvərlərimiz vardı. Təhsil müəssisələrinin milliləşdirilməsi nəticəsində Bakı politexnik, kommersiya məktəbləri istisna edilməklə bütün orta təhsil müəssisələri, o cümlədən kişi və qadın gimnaziyaları təhsilimizin inkişaf etdirilməsində, milli kadrların hazırlanmasında önəmli rol oynamağa başladılar. Məktəblərin milliləşdirilməsinə paralel olaraq dərsliklərin də dövrün tələblərinə uyğun olaraq hazırlanması prosesi də gedirdi. Belə ki, milli məktəblərdə köhnə dərsliklərin yerinə yeni dərsliklərdən istifadəyə üstünlük verildi. Məsələn, milliləşdirilmiş məktəblərdə “Rus tarixi”nin yerinə “Ümumi türk tarixi”, rus məktəblərində isə həftədə 3-4 saat Azərbaycan dilinin tədris edilməsi nəzərdə tutulmuşdu. Təhsilin milliləşdirilməsinə baxmayaraq Azərbaycanda xalq maarifi sahəsində milliyyətindən, dini və cinsindən asılı olmayaraq, bütün vətəndaşlar bərabər təhsil hüquqlarına malik idilər. Yeri gəlmişkən qeyd edək ki, rəsmi dövlət qurumlarında da yazışmalar Azərbaycan türkcəsində aparılırdı. Türk dilinin dövlət dili elan edilməsinə uyğun olaraq parlamentin dəftərxanası bütün dövlət və ictimai təşkilatlara və ayrı-ayrı şəxslərə bildirirdi ki, parlamentə və onun dəftərxanasına hər cür yazılı müraciət ancaq dövlət dilində həyata keçirilməlidir və buna ciddi şəkildə əməl olunmalıdır. Digər dillərdə parlamentə müraciət yazılı şəkildə edildikdə ona baxılmırdı. Məsələn, parlamentin sədr müavini Həsənbəy Ağayev dəftərxanaya qeyri-türk (Azərbaycan) dilində daxil olan ərizənin üzərinə “Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır” qeydini qoymuşdu.
Mövzudan uzaqlaşmadan onu da deyək ki, Azərbaycanda təhsil sahəsində elliklə savadlanmanı təmin etmək üçün əvvəlcə ölkədə hamılıqla əhalinin icbari ibtidai təhsilə, sonra isə ümumi orta icbari təhsilə keçidi nəzərdə tutmuşdu. Bu məqsədlə xüsusi proqram hazırlanmışdı. Proqrama əsasən Azərbaycanda yaşayan bütün insanlar, o cümlədən yaşlı əhalinin elliklə savadsızlığı ləğvetmə kurslarına cəlb olunması üçün xüsusi proqram tərtib edilmişdi. Bu məqsədlə Azərbaycanın hər yerində xüsusi kursların açılması planlaşdırılmışdı. Bu kurslarda dərs demək üçün milli müəllim kadrlarının yuxarı siniflərin şagirdlərindən, tələbələrdən və oxuyub-yazmağı bacaran digər kateqoriyalardan olan insanlardan istifadə edilməsi məqsədəuyğun hesab edilmişdi. Buna paralel olaraq savadsızlığı ləğv etmək üçün imkan dairəsində yeni məktəblərin inşa edilməsi qərara alınmışdı. Kənd yerlərində kursların əksəriyyətinin axşamlar fəaliyyət göstərməsi qərara alınmışdı. Çünki kənd yerlərində əhalinin böyük hissəsi ictimai təsərrüfat fəaliyyəti ilə məşğul olduğundan gündüzlər kurslarda oxumaq üçün vaxtları olmurdu.
Davamı var
Əziz Mustafa

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə hazırlanıb

Oxuməni.az

Digər xəbərlər