Rusiyanın Matç TV kanalının daha iki jurnalisti - Mixail Mossakovski və Konstantin Qeniç ölkəyə buraxmadı

Rusiyanın Matç TV kanalının daha iki jurnalisti - Mixail Mossakovski və Konstantin Qeniç ölkəyə buraxmadı

12 İyun 2021 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Matç TV kanalının daha iki jurnalisti - Mixail Mossakovski və Konstantin Qeniçin Avro-2020-nin oyunları ilə bağlı Bakıya gəlmək istəkləri ürəklərində qalıb.

Oxuməni.az xəbər verir ki, öncə Mixail Mossakovski Teleqram kanalında akkreditasiyasına baxmayaraq, Azərbaycan sərhədindən buraxılmadığını və Rusiyaya geriyə göndərildiyini yazıb. Mossakovski bildirib ki, pasportundakı Ermənistan möhürü sərhədçilərin diqqətini çəkib və bundan sonra onun Bakının razılığı olmadan vaxtilə Qarabağa səfər etdiyi və burda futbol turnirinə qatıldığı üzə çıxıb.

Ardınca kanalın digər şərhçisi Konstantin Qeniç də Bakıya buraxılmaması barədə paylaşım edib. Onun sözlərinə görə, bu gün Azərbaycandan ona zəng gəlib:

“Azərbaycandan mənə zəng gəldi və dedilər ki, siz 2009-cu ildə Bakıdan icazə almadan Qarabağda olmusuz. Qanunu pozduğunuz üçün özünüzə hesab verirsinizmi? Mən də şərh etmək istəmədiyimi dedim. 5 dəqiqə sonra UEFA-dan poçtuma məktub gəldi: siz yoxlamadan keçmədiniz, Avro-2020-yə akkreditasiyanıza məsləhət görülmədi”, - Qeniç Teleqram kanalında yazıb.

Qeyd edək ki, Matç TV-nin erməni əsilli aparıcısı Nobel Arustamyan da Bakıda keçiriləcək oyunlara akkreditasiya ala bilməmişdi. Hər 3 idman müxbirinə imtina cavabının səbəbi onların qanunsuz olaraq Azərbaycan sərhədlərini pozmaları və XİN-in qara siyahısında adlarının olmasıdır.