Qarabağ savaşında bir türk qızı: Fulya Öztürk kimdir?

Qarabağ savaşında bir türk qızı: Fulya Öztürk kimdir?

19 İyun 2021 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az Teleqraf.com-a istinadən türk jurnalist Fulya Öztürk haqda maraqlı məlumatları təqdim edir:

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Türkiyə mediasının ən məşhur simalarından biridir.

Azərbaycanda hər kəs onu Qarabağda 44 günlük Vətən Müharibəsi vaxtı ölkəmizin haqq səsini dünyaya çatdıran jurnalist kimi tanıdı. Suriyadakı vətəndaş müharibəsi, Afrikada təbii fəlakətlər, Myanmada müsəlman soyqırımı, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın mülki insanlara qarşı törətdiyi qətliamlar haqda dünyanı məlumatlandıran Fulya Öztürk “İlin müxbiri” və “Ən yaxşı özəl xəbər” kateqoriyalarında çox sayda mükafata layiq görülüb.

Fulya Öztürk 1989-cu il yanvarın 5-də Türkiyənin Adana şəhərində anadan olub. Müsahibələrindən birində ana tərəfdən əslən azərbaycanlı olduğunu bildirib. Dediyinə görə, anasının babaları Güney Azərbaycandandır. Onu tez-tez Azərbaycana çəkib gətirən şeyin də bu bağlılığı olduğunu söyləyib.

Televiziya macərası

Orta məktəb təhsilini Adana Gündoğdu Kollecində tamamlayıb.

Ailəsi onun Hüquq fakültəsinə daxil olmasını gözləyərkən 2006-cı ildə arzusunda olduğu peşəyə yiyələnmək üçün Mərmərə Universitetinin Rabitə fakültəsinə daxil olub. Universitetdəki ilk ilində Fulyanın televiziya macərası başlayıb. 2007-ci ildə “Doğan” TV-nin “Hava xəbərləri” proqramı, “Star” TV-nin bir sıra verilişlərində praktikadan keçib. Peşə karyerasına 2008-ci ildə “CNN TÜRK-ün Proqramlar Departamentində başlayıb. Başkənd Rabitə Akademiyasında Diksiya və dram təhsili alıb.

2010-cu ildə CNN TÜRK-ün Xəbərlər Mərkəzində işə başlayıb. Sözügedən televiziyada 3 il bədii redaktor kimi işləyib. Bir çox sənədli film və xəbərləri redaktə edib.

2013-cü ildə CNN TÜRK-də reportyor olaraq işə başlayıb.

Çarəsiz insanların səsi

Müxbir kimi karyerasının ilk aylarında rezonans doğuran xəbərlər yazıb. “Kobanidən qaçan suriyalı Besmanın hekayəsi”, İzmirə gələrək Avropaya qaçmaq istəyən suriyalı miqrantlardan bəhs edən sənədli filmi və s. kimi işləri səs-küy yarada bilib. Fulya karyerası ərzində bir çox universitet və qurumlardan mükafat alıb. “İlin reportyoru” və “Ən yaxşı xüsusi xəbər” nominasiyalarında onlarla mükafata layiq görülüb. Suriyada, Afrikada, Arakanda (Myanma), təbii fəlakət bölgələri və Qarabağ müharibəsində hazırladığı reportajlar müzakirələrə səbəb olub. Fulya indi də minlərlə çarəsiz insanın səsidir. Xəbərləri və reportajları sayəsində bir çox insanın həyatı xilas olub. Dünyanın bir çox ölkəsində olan Fulya Öztürk vətəni Türkiyə ilə yanaşı, Azərbaycana da sıx tellərlə bağlı olduğunu deyir.

Ən böyük arzusu

“Yenidən doğulsam, yenidən reportyor olmaq istərdim” deyən Fulya öz işinin peşəkarıdır. Müxbir olaraq çalışdığı coğrafiyalarda gördüyü işlərlə insanların sevimlisinə çevrilib.

Reрortyorluqdan əlavə, Fulya CNN TÜRK Xəbərlər Mərkəzi rəhbərinin müavini vəzifəsini də icra edir.

Ən böyük arzusu insanlara yardım edə biləcəyi təşkilatını qurmaqdır.