Azərbaycan və İran sərhədində atışma - yaralanan var

Azərbaycan və İran sərhədində atışma - yaralanan var

10 Sentyabr 2021 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan-İran sərhədində atışma baş verib, yaralanan var.

Oxuməni.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

Məlumata görə, sentyabr ayının 8-də, saat 00:57 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz’” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd naryadının “Dayan” komandasına, havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucularının ərazidən qaçmaq cəhdinin qarşısını almaq məqsədilə “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib.

Sərhəd pozucularından 1-i yaralanıb, digər 2 nəfəri havanın qaranlıq və ərazinin meşə massivi olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olub. Qol nahiyəsindən yüngül yaralanan sərhəd pozucusu Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Araşdırma zamanı saxlanılan şəxs özünü İİR vətəndaşı 1981-ci il təvəllüdlü Zəmani Mirəsgər Mirağa kimi təqdim edib. Onun əlindəki çantaya baxış zamanı içərisindəki bağlamalardan təxmini çəkisi 11 kiloqram 770 qram narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Faktla bağlı Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1, 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda prokurorluq və DSX əməkdaşları ilə birgə intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.