Qisasçı qüvvələr bir yerə toplanır: Arif Qasımov və Ramiz Mehdiyevin əhdi...

Qisasçı qüvvələr bir yerə toplanır: Arif Qasımov və Ramiz Mehdiyevin əhdi...

18 Oktyabr 2021 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Arif Qasımov Azərbaycanda “Mehdiyev klanı”na daxil olan bufer icra başçılarından hesab olunurdu. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi və sədri Leyla Əliyevanın təşəbbüsü ilə abadlaşdırılmış parkda şəxsi qazanc və biznes məqsədilə qeyri-qanuni şəkildə restoran tikdiyinə görə 2020-ci il iyul ayının 11-də tutduğu postdan - Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifədən çıxarıldı.

Oxuməni.az Demokrat.az-a istinadən xəbər verir ki, Nizami rayonuna 5 il rəhbərlik edən (2015-2020) Arif Qasımovun vəzifədə olduğu dövrü iki cür xarakterizə etmək olar:

Birincisi, Nizami rayonunda yaşıllıqlar məhv edildi, abadlaşdırma işləri tormozlandı, icra başçısının və ətrafının rayondakı mütləq hakimiyyəti yaradıldı və sahəsi 19,6 km2 olan bir rayon Qasımovlar ailəsinin şəxsi qazanc “bolota”sına çevrildi.

İkincisi, Nizami rayonunda yaşayan 250 min əhali ilə mərkəzləşdirilmiş dövlət aparatı və siyasi hakimiyyət arasındakı rabitə minimuma endirildi, əhalinin sosial problemləri daha da dərinləşdi və dövlətin sosial sütunlarına ciddi zərbələr vuruldu. Bəli, bütün bunlar Arif Qasımovun 5 illik icra başçısını dönəmində əsas “xidmətləri”nin bir hissəsidir.

Məlumata görə, Arif Qasımov Azərbaycandakı əmlaklarını satışa çıxarıb və tezliklə üç övladını da Qərb ölkələrinə yola salmağa hazırlaşır. Ancaq məsələ bununla bitmir. O, özünün yaxın ətrafına yuxarı dairələrin ondan hələ də milyonlarla pul tələb etdiyini bildirir. Sabiq başçı öz fikrini belə əsaslandırır ki, vəzifədən çıxarkən var-dövlətinin bir hissəsini onsuz da “təhvil” verib.

A.Qasımovun oğlu Nadir Qasımovun öz dostları arasında atasının “incidilməsini” üsyankar şəkildə ifadə etməsi də deyilənləri təkzib etmir. Bu həmin N.Qasımovdur ki, atasının sabiq MTN rəhbəri Eldar Mahmudovla yaxın əlaqələri sayəsində hərbi xidmətdən yayınmışdı, ancaq bir müddət sonra hərbi biletlə “təmin” edilmişdi. N.Qasımov təmtəraqlı həyat şəraiti, bahalı maşınlar kolleksiyası, eyş-işrət məclislərinə külli miqdarda və nümayişkəranə şəkildə pul xərcləməsi də cəmiyyətə yaxşı bəllidir. Atasının 9 illik icra başçısı dönəmində (A.Qasımov 4 il də Siyəzənin icra başçısı vəzifəsində işləyib -2011-2015) dövlətdən və xalqdan çalınan pullarla xarici ölkələrdə və Azərbaycanda qabarıq və kobud həyat tərzi sürən N.Qasımovun bugünkü “narahatlığı” anlaşılandır.

Digər tərəfdən, N.Qasımov atası işdən azad olunandan sonra daha bir gəlir mənbəyindən də məhrum olub. Belə ki, o, atasının tabeçiliyində olan məmurlar vasitəsilə pul müqabilində müxtəlif vəzifələrə adamlar təyin etdirirdi.

Arif Qasımov Ramiz Mehdiyevlə necə təmas qurur?

2020-ci il avqust ayının 18-də AMEA-nın prezidenti Ramiz Mehdiyevin karantin və pandemiya qaydalarını kobud şəkildə pozaraq nəvəsinə toy məclisi təşkil etməsi cəmiyyətin ciddi təpkisi ilə müşaiyət olundu. Karantin qaydalarını pozan şəxslər, eləcə də R.Mehdiyevin kürəkəni İlham Əliyev barəsində qanuni tədbirlər də görülmüşdü. Bu da məlumdur ki, həmin məclisdə müxtəlif deputatlar, iş adamları və sabiq məmurlar iştirak edirdi. A.Qasımovun vəzifədən çıxarılmasından cəmi 37 gün sonra R.Mehdiyev nəvəsinə toy etmişdi. Uzun illər Mehdiyev “çətiri”nin altında illərlə kreslo tutan şəxslər, eləcə də A.Qasımov həmin məclisdə iştirak edirdi. Onun toy məclisində R.Mehdiyevə yaxınlaşaraq bundan sonra da ona dəstək nümayiş etdirməsi yayılan əsas məlumatlar sırasında idi.

Ancaq Demokrat.az sensasion sayılacaq daha bir məlumat əldə edib. Belə ki, sayta daxil olan məlumata görə, A.Qasımov xarici nömrə işlədir və mütəmadi olaraq vatsap vasitəsilə Mehdiyevlə əlaqə yaradır. “Vurulan” şərurlular arasında vasitəçilik missiyasını da məhz Arif Qasımov bu yolla yerinə yetirir.

Hətta A.Qasımov Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə gizli şəkildə “Qəbələ təndir” restoranında (Qənimətlər Parkının yaxınlığı) görüşlər keçirir.