İran şikayətləndi: Astarada TIR-ların növbəsi 10 km-ya çatır

İran şikayətləndi: Astarada TIR-ların növbəsi 10 km-ya çatır

19 Oktyabr 2021 07:01
Bəyəndim (0) Bəyənmədim (0)

İran yük maşınlarının Astara sərhəd-keçid məntəqəsinin o tayında böyük sıxlığı yaranıb.

Oxuməni.az xəbər verir ki, bu barədə İran-Rusiya Birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlalifər danışıb.

O bildirib ki, İranın ərzaq və kənd təsərrüfatı məhsullarının ixracında Rusiyanın payı 80 faizdən çoxdur və bu yüklərin də əksəri Azərbaycan ərazisindən keçir. Hazırda isə sərhəd-keçid məntəqəsindən maşınların buraxılmasında ləngimələr var.

O iddia edib ki, bunu guya Azərbaycan tərəfi İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən edir:

“Azərbaycan tərəfi heç nə demir və sərhədləri də bağlamayıb. Sadəcə, hər gün bəhanələr tapırlar: gah işıq sönür, gah rentgen aparatı xarab olur, gah da axtarış itləri (narkotik axtaran xüsusi itlər) yoxa çıxır”.

Cəlalifər bildirib ki, bu ləngimələrə görə Astara gömrük-keçid məntəqəsində yük maşınlarının keçid sürəti azalıb və hazırda İran tərəfdə 10 km-ə qədər böyük növbə yaranıb.

Qeyd edək ki, Astara gömrük-keçid məntəqəsində hər hansı problemlə bağlı rəsmi heç bir məlumat yoxdur. Sadəcə Azərbaycanın işğal olunmuş ərazilərinə nəzarəti bərpa etməsindən sonra İranın sərhədsiz ərazilərdən narkotranzit kimi istifadə imkanları məhdudlaşıb və hazırda narkotikləri yük maşınlarının gizli yerlərində keçirməyə cəhd edirlər. Bunun nəticəsidir ki, Vətən müharibəsindən sonra İrandan gələn maşınlarda tapılan narkotiklərin həcmi 2 dəfə artıb.

İran yük maşınlarının sayı da artıb, eyni zamanda onların daha ciddi yoxlanılması həyata keçirilir. Bu səbəbdən İran tərəfində böyük növbələrin yaranması mümkündür.