Yazıçıdan deputata sərt cavab: “Qadınları hörmətdən salır“

Yazıçıdan deputata sərt cavab: “Qadınları hörmətdən salır“

20 Oktyabr 2021 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin deputatı Musa Quliyev ev işlərinə görə kişilərin arvadlarına pul ödəməli olduğu fikrini irəli sürüb. Bu təklifi o, qadın əməyinin qiymətləndirilməsi məqsədilə səsləndirdiyini bildirib. Deputatın bu sözləri birmənalı qarşılanmayıb. Müzakirəyə qatılan kişilərin əksəriyyəti gördükləri ev işlərinin müqabilində qadınlara pul ödənilməsinin doğru olmadığını bildiriblər.

Evdə gördükləri işin müqabilində qadınlara pul ödənilməlidirmi?

Oxuməni.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən yazıçı-publisist Xeyrəddin Qoca bildirib ki, qadınlar başımızın tacıdır, onlar kişilərdən daha çox iş görürlər.

“Kişilər pul qazanmaq üçün əziyyət çəkirlərsə, onun min qat artığını qadınlar çəkir. Qadınlara ev işlərinə görə pul ödənilməsi fikrini ilk dəfədir eşidirəm. Evi əslində, qadın idarə edir, kişi idarə etmir. Kişi evdə sütun ola bilər, ancaq evi idarə edən, “çəkib-çevirən” qadınlardır. Bu işlərdə qadınlar daha ağıllıdırlar, qənaətcildirlər”.

Yazıçı-publisist qeyd edib ki, qadınların əməyini pulla qiymətləndirmək gülünc bir təklifdir.

“Bu əməyin qarşılığını kişilər heç zaman verə bilməzlər. Buna görə də, pul məsələsi qadını hörmətdən salar. Əgər bu əməyin qiymətləndirilməsi üçün əməkhaqqı kəsilsə, bəlkə də o pul 3-5 manat olacaq. Bu, doğru deyil axı, qadınların əməyini qiymətləndirmək olmaz. Onların əməyi o qədər böyükdür. Onsuz da kişilər bu əməyi qiymətləndirə bilməyəcəklər. Qadına hansısa əməkhaqqının kəsmək yerinə, kişilər tərəfindən xoş söz, incə davranış daha dəyərli hiss etdirər. Bu əmək o qədər böyükdür ki, bunu hansısa ədəbi sözlə ifadə edə bilmirəm.”