On altı yaşadək şahmatçılardan ibarət “Azərbaycan” komandası Çorum Olimpiadasının qalibi olub

On altı yaşadək şahmatçılardan ibarət “Azərbaycan” komandası Çorum Olimpiadasının qalibi olub

5 Noyabr 2019 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

On altı yaşadək şahmatçılardan ibarət “Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.

Oxumeni.az xəbər verir ki, Olimpiadanın sonuncu turunda Çin yığması ilə qarşılaşan komandamız qalib gələrək bu mötəbər turnirin çempionu adını qazanıb. Sonuncu qarşılaşmada şahmatçılarımızdan Vüqar Manafov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı heç-heçə ediblər. Ötən ay 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlının rəqibinə qalib gəlməsi komandamızın qələbəsini təmin edib. Beləliklə, xallarının sayını 16-ya çatdıran “Azərbaycan” komandası Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.

Xatırladaq ki, turnirdə mübarizə aparan digər komandamız “Azərbaycan-Naxçıvan” isə 8 xal toplayıb.

Olimpiadada uğurlu çıxışı ilə yadda qalan “Azərbaycan” komandası yüksək səviyyəli oyun nümayiş etdirərək Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan, Yunanıstan komandalarını məğlub edib. Təkcə Özbəkistan və Ukrayna yığmaları ilə heç-heçə edən şahmatçılarımız liderliyi sonadək qoruyub saxlayıblar.

Yeniyetmə şahmatçılarımızdan ibarət komandamızın qazandığı bu uğur ölkəmizdə güclü şahmatçı nəslinin yetişdiyini bir daha sübut edir. Komandamızın heyətində mübarizə aparan idmançılardan ən yüksək nəticəni Aydın Süleymanlı qazanıb. Doqquz turda yeddi xal qazanan istedadlı şahmatçı gələcəkdə daha böyük perspektivlər vəd edir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)