Cənubi Koreya və ABŞ hərbi xərclərin bölünməsi üzrə razılığa gələ bilməyib

Cənubi Koreya və ABŞ hərbi xərclərin bölünməsi üzrə razılığa gələ bilməyib

19 Noyabr 2019 16:27
Bəyəndim (1) Bəyənmədim (0)

Cənubi Koreya və ABŞ mövqelərində fikir ayrılıqları səbəbindən Amerika hərbi kontingentinin saxlanılması xərclərinin bölünməsi üzrə danışıqları dayandırıb və müzakirələri daha bir raund uzatmaq barədə qərar qəbul ediblər.

Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Noyabrın 19-da müdafiə xərclərinin bölünməsi üzrə Cənubi Koreya-ABŞ danışıqları gözlənilən kimi keçməyib. Amerika xərclərin xeyli artırılmasını tələb edir. Biz isə hesab edirik ki, razılaşma əvvəlki 28 ildə olduğu kimi hər iki tərəfi qane etməlidir”, - deyə Koreya Respublikasının xarici siyasət idarəsinin bəyanatında bildirilir.

Bundan öncə sentyabr və oktyabr aylarında danışıqların daha iki raundu baş tutmuşdu.

Qeyd edək ki, Cənubi Koreyada 28,5 minlik hərbi kontingentin saxlanılması Vaşinqtona təxminən ildə 5 milyard dollara başa gəlir. 2019-cu ildə imzalanan birillik müqaviləyə əsasən, Seulun müvafiq xərcləri 8,2 faiz artırılaraq 1,04 trilyon vona (915 milyon dollar) çatdırılıb.

Noyabrın 7-də Koreya Respublikasının birləşməsi üzrə parlament komitəsinin rəhbəri Yun San Hön Vaşinqtonun Seula müştərək müdafiə xərclərini, demək olar ki, beş dəfə artıraraq 4,7 milyard dollara çatdırması barədə tələb irəli sürdüyünü deyib. Həmçinin ABŞ Cənubi Koreyanın yarımada xaricində Amerika Silahlı Qüvvələrinin saxlanılması xərclərini artırmasını da israr edir.

Xatırladaq ki, ABŞ 1950-1953-cü illərdə baş verən Koreya müharibəsindən bu yana Cənubi Koreyada qoşun saxlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)