Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

23 Fevral 2020 18:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi son zamanlar yeni növ təhlükəli virusun (koronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməyə çağırıb.
Oxuməni.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan vətəndaşlarına hər hansı problemlə üzləşdikləri zaman Tehran şəhərindəki səfirliyimizə və ya Təbriz şəhərindəki Baş Konsulluğumuza müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Oxuməni.az