Mübariz Qurbanlı Həccə getmək istəyənlərə çağırış etdi

Mübariz Qurbanlı Həccə getmək istəyənlərə çağırış etdi

8 Aprel 2020 16:47
Bəyəndim (0) Bəyənmədim (0)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri Əjdər Tağıoğlunun Həcc ziyarəti üçün nəzərdə tutulan məbləğin bu müddətdə ehtiyacı olan şəxslərə yardım edilməsi ilə bağlı ünvanladığı müraciəti cavablandırıb.

Oxuməni.az xəbər verir ki, Dövlət Komitəsi sədri müraciətə cavabında hər il minlərlə dindarın xarici ölkələrdəki müqəddəs məkanları ziyarət etdiyini diqqətə çatdırıb.

O bildirib ki, bu il də həmin ziyarətlərə getmək niyyətində olan çoxsaylı insanlar var: “Amma əvvəlki illərdən fərqli olaraq, bu il ziyarətlər üçün nəzərdə tutulan vəsaiti həmin şəxslərin ehtiyacı olan insanlara kömək məqsədi ilə sərf etmək imkanı yaranıb. Əminəm ki, inanclı, dindar insanlarımız İslam peyğəmbəri Həzrəti Məhəmmədin: “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” – buyruğuna əməl etməklə, yaranmış bu imkanı savab qazanmaq naminə Vətənimiz və insanlarımız üçün xeyirxah əmələ çevirəcəklər”.

Qeyd edək ki, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri Əjdər Tağıoğluna (İsmayılov) Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya məktubla müraciət edib. O müraciətində Həcc ziyarətinə ayrılmış məbləğin belə ağır bir zamanda Vətəndə olan kimsəsiz, aztəminatlı, xəstə olub müalicəyə vəsaiti olmayanlara, ödənişə ehtiyacı olan tələbələrə, bir sözlə ehtiyacı olan insanlara tərəddüd etmədən belə ödədiklərini, əslində bu hərəkətlə Azərbaycan möminləri nəinki İslam dünyasına, eyni zamanda bütün bəşəriyyətə dədə kökümüzə xas olan örnək göstərmiş olacaqlarını qeyd etmişdi.

Oxuməni.az