Fazil Mustafa: Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə dövlətə meydan oxuyur

Fazil Mustafa: Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə dövlətə meydan oxuyur

8 Avqust 2020 21:14
Bəyəndim (35) Bəyənmədim (2)

Sahibkarlara divan tutan, məhkəmə qərarlarını heçə sayan Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin əməllərini tənqid etmişdim. Üzərindən heç bir gün keçməmiş guya Göyçay sakinlərinin bu tənqiddən qəzəblənib İcra Hakimiyyətinə gələrək mənim çıxışımla bağlı öz narazılıqlarını bildirməsi barədə mediada Göyçay İH-nin adından bir açıqlama yer alıb.

Oxuməni.az xəbər verir ki, bunu Göycay İcra Hakimiyyətinin Axar..az-a açıqlamasına münasibət olaraq millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, Göyçay sakinləri tərəfindən ünvanına çoxsaylı müraciətlər daxil olur:

“Açığı mənim üçün sürpriz oldu, çünki belə anlaşılır ki, Göyçay sakinləri öz rayonlarının icra başçılarını o qədər çox sevirlər ki, onun barəsində kiçik bir tənqid eşitdikdə çox ciddi əsəb keçirirlər. Maraqlıdır ki, hazırda xeyli sayda Göyçay sakinindən də icra başçısının yarıtmaz əməlləri barədə müraciətlər ünvanıma daxil olur və oxuduqca anlayırsan ki, bu cür “təmiz, dürüst, korrupsiyaya bulaşmamış bir müqəddəs” məmur haqqında bəzi göyçaylılar heç də “ədalətli mövqe”də deyillər.

Həmin sakinlərdən biri olan Göyçay rayonu Hacalı kəndində yaşayan sahibkar xanım Məhluqə Rəhman qızı Xəlilova bir millət vəkili kimi şəxsimə müraciət edərək, Göyçay bələdiyyəsi tərəfindən hüquqlarının pozulmasını bildirib və məndən pozulmuş hüquqlarının bərpası üçün köməklik göstərməyi xahiş edib. Məsələnin məğzi budur ki, Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətininin balansında olan 5 ha torpaq sahəsi “əsaslı və ya müvəqqəti tikilinin inşasına yol verilməməsi” şərti ilə abadlaşdırılması və yaşıllığın salınması məqsədi ilə rəsmi qaydada sahibkar Xəlilovanın istifadəsinə verilib və burada təyinatına uyğun olaraq sahibkar tərəfindən yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb. Lakin az sonra Göyçay bələdiyyəsi özünə heç bir aidiyyəti olmayan, yəni bələdiyyənin mülkiyyətində olmayan həmin torpaq sahəsi barədə qanunsuz qərar çıxarıb və dərhal zəbt olunduğunu iddia etdikləri 2,7 ha torpaq sahəsinin geri qaytarılmasını tələb edib. Bələdiyyənin bu qərarından sahibkar Xəlilova Şəki İnzibati Məhkəməsinə şikayət edib və məhkəmə bələdiyyənin qanunsuz qərarının icrasını dayandırmaq barədə qərardad qəbul edib. Məhkəmənin qərardadına əhəmiyyət verməyən icra başçısı sahibkarın torpaq sahəsinin əlindən zorla alınması üçün İcra Hakimiyyətinin və bələdiyyənin işçilərinə göstəriş verib, torpaq sahəsinin hasarlarını ağır texnika ilə uçurub.

Biz, bir millət vəkili olaraq bütün vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpasına çalışdığımız kimi, bu məsələyə də həssas yanaşmış və İcra Hakimiyyətinin özbaşınalığı barədə Milli Məclisin 07 avqust 2020-ci il tarixli iclasında tənqidi fikirlərimizi səsləndirmişik. Bu çıxışdan nəticə çıxarmaq əvəzinə özünü rayonun kiçik padşahı kimi aparan icra başçısının göstərişi ilə media orqanlarında əleyhimizə əsassız ittihamlar səsləndirilib”.

Millət vəkili onu da qeyd edib ki, Göyçay icra başçısı özünü həm rayonun məhkəməsi, həm də sahibi kimi aparır:

“Diqqət edirsinizsə, ölkə başçısının korrupsiya və özbaşınalığa qarşı apardığı qətiyyətli mübarizə nəticəsində ötən aylarda bir neçə rayon İH başçısı öz otağında həbs olunub. Həmin şəxslərin hər birinin yüksək hakimiyyət eşalonunda himayəçiləri olmasına rağmən Prezident xalqı incitdiklərinə və etimadı doğrultmadıqlarına görə onları bağışlamadı. Onların yerinə də korrupsiyaya bulaşmamış nisbətən gənc kadrları təyin etməklə həmin rayonlarda özbaşınalığa son qoyub və bu addım əksər vətəndaşlar, xüsusilə də sahibkarlar tərəfindən yüksək dəstək qazanıb. Həmin rayonlarda baş verənlərin spesifik cəhətlərindən biri də yerli hüquq-mühafizə orqanlarının və məhkəmə orqanının icra başçısının qanunsuz tapşırıqlarını icra etməsi ilə bağlı idi. İndi həmin problem Göyçay rayonunda da özünü qabarıq göstərir. Rayon icra başçısı dövlətə meydan oxuyur ki, mən Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarını saymıram, özüm rayonun həm məhkəməsiyəm, həm də sahibiyəm. Doğrudanmı bu cür vəzifəli şəxslər digər rayonlarda baş verənlərdən, korrupsioner, sahibkarları, vətəndaşları incidən icra başçıları ilə bağlı ölkə Prezidenti İlham Əliyevin sərt və ədalətli çıxışlarını izləyib nəticə çıxarmayıblar? Necə ola bilər ki, məhkəmə sahibkarın hüququnu qoruyan qərar çıxarır, məhkəmə icraçıları bu qərarın icra olunması üçün qətiyyətli mövqe göstərir, rayonun icra başçısı isə Azərbaycan dövləti adından çıxarılan məhkəmənin qərarına qarşı öz hikkəsi ilə dirəniş göstərir. Halbuki məhkəmə qərarlarına ilk növbədə ölkə Prezidenti tərəfindən etimad göstərilərək yüksək vəzifəyə təyin olunmuş vəzifəli şəxslər dəqiq və tərəddüdsüz əməl etməklə başqalarına nümunə olmalıdırlar.

Hüququ pozulmuş şəxs kim olursa-olsun - istər sahibkar Məhluqə Xəlilova, istər keçmiş millət vəkili Elxan Süleymanov, istər istənilən Azərbaycan vətəndaşı, istərsə də rayon İcra Hakimiyyətinin başçısı olsun - bir millət vəkili olaraq bizim üçün fərq etməz, hər birinin hüquqlarını qorumaq borcumuzdur. Bir rayonun icra başçısının Azərbaycan dövləti adından məhkəmənin çıxardığı qərara əhəmiyyət verməməsi yalnız bu qərarı çıxaran məhkəməyə deyil, bütövlükdə Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir. Azərbaycan dövlətinə qarşı hörmətsizlik göstərən hər bir şəxs kimliyindən, vəzifəsindən, himayədarlarının kimliyindən asılı olmayaraq bundan sonra da tərəfimizdən ən sərt mövqe ilə qarşılaşacaq”.

Oxuməni.az