Xudavəngdəki keşiş Ermənistana qaçıb

Xudavəngdəki keşiş Ermənistana qaçıb

30 Noyabr 2020 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Kəlbəcər rayonunun Vəng kəndi ərazisindəki Xudavənd (Dadivəng) monastrının keşişi, Qarabağda hərbi əməliyyatlar başlayanda əlində avtomatla meydan oxuyan və heç vaxt bu yerləri tərk etməyəcəyini deyən Ter-Ovanes Ovannisyan Yerevana qaçıb. Erməni mənbələri bu haqda xəbər verir.

Oxuməni.az xəbər verir ki, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə qaytarılıb. Ordumuz iki istiqamətdən-Murov aşırımından və Daşkəsəndən hərəkət edərək Kəlbəcərdə müəyyən olunmuş mövqeləri tutub. Xudavənd monastrı isə daha əvvəldən Rusiya sülhməramlılarının nəzarətində idi və həmin keşik Azərbaycan ordusunun Kəlbəcərə daxil olmasından sonra da monastrda qalıb xidməti davam etdirəcəyini deyirdi.

Məsələ ilə bağlı virtualaz.org yazır ki, keşik Ovannisyan Azərbaycan ordusunun Kəlbəcərə daxil olması ilə aradan çıxıb və Yerevana üz tutub. Eçmiədzindən yayılan rəsmi açıqlamada deyilir ki, o Yerevandakı Müqəddəs Troitsa kilsəsində qulluğa keçirilib.

“Diqqətinizə çatdırırıq ki, Ovanes Ovannisyan Qaregin II-nin sərəncamı əsasında müvəqqəti olaraq Müqəddəs Troitsa məbədinə keçirilib. Onun səhhətində problem var”,-məlumatda deyilir.

Lakin ötən gün keşik Yerevandakı həmin kilsədə jurnalistlərə açıqlama verib və səhhətində problemin olduğunu büruzə verməyib. Deyib ki, Dadivəng monastrını ziyarət etmək üçün xüsusi avtobuslar ayrılacaq və həmin avtobuslar erməniləri Ağdərənin Getevan kəndinə qədər aparacaq. Oradan isə Rusiya sülhməramlılarının müşaiyəti altında monastra baş çəkmək mümkün olacaq.

Ter-Ovanes Ovannisyan Xocavənd rayonunun sakinidir, 90-cı illərdə gedən müharibə zamanı erməni işğalçı qüvvələrinin sıralarında döyüşüb.

Xudavənd qədim alban monastrıdır, amma ermənilər Kəlbəcəri işğal edəndən sonra digər alban məbədləri kimi onu da “özəlləşdirmişdilər” və “qədim erməni kilsəsi” kimi təqdim edirdilər.

Oxuməni.az