“Kapitalbank”ın kart mərkəzi lüzumsuz növbə mərkəzinə çevrilib

“Kapitalbank”ın kart mərkəzi lüzumsuz növbə mərkəzinə çevrilib

2 Dekabr 2020 15:35
Bəyəndim (3) Bəyənmədim (0)

“Kapitalbank” müştəri xidmətlərinin inkişafı məqsədi ilə iki ildən artıqdır ki, Bakı şəhərinin Nərimanov rayonu Mirzəbala Əhmədzadə küçəsi 13-də Nərimanov Kart Mərkəzi filialını açıb. Burada əsasən ən çox göstərilən xidmətlərdən biri də təqaüdçülərin vaxtı bitmiş bank kartlarının operativ şəkildə yenisi ilə əvəzlənməsidir. Vaxtı bitmiş kartlar avtomatik şəkildə hazırlanaraq filiala gətirilsə belə, nədənsə kartın müştəriyə təqdim edilməsi hal-hazırda böyük problemə çevrilmişdir. Belə ki, müştərilər hazır kartı əldə etmək üçün səhər saatlarından, hətta çoxları səhər saat 7.00-dan növbəyə dayanmalı olurlar. Müştərilər öz aralarında siyahı tutaraq bank açılana qədər bir-bir nömrələyirlər. 9.00-da bankın iş vaxtı başlayarkən bu siyahı üzrə nömrələr sistemə daxil edilir və 90-100 nəfər vətəndaş avtomatik növbə tutmuş olur. Nəzərə alsaq ki, hal-hazırda ölkəmizdə pandemiya xəstələrinin sayı günü-gündən artmaqdadır və orada növbə gözləyən müştərilərin əksəriyyəti yaşlılar, əlillər, müharibə veteranları, istefada olan hərbçilərdir, onda vəziyyətin necə çətin olduğunu izah etməyə ehtiyac yoxdur. Bankın iş saatı başlayandan sonra gələn vətəndaşlar da nəzərə alınarsa, təsəvvür edin ki, gün ərzində oradakı vəziyyət necə acınacaqlı olur. Elə gün olur ki, səhər saatlarında növbəyə dayanan müştərilər günün sonuna kimi kartı əldə edə bilmirlər. Əslində belə bir mərkəz əhaliyə rahat xidmət etmək əvəzinə, onların işini daha da çətinləşdirib.
Düzdür, vətəndaşlar hazır kartları başqa bank filiallarına sifariş verərək gətizdirə bilərlər. Lakin bu xidmət müştəriyə 10 manata və 3 günə başa gəldiyi üçün onların çox az hissəsi bu xidmətdən istifadə edir. Fikrimizcə, bu çox ciddi problemdir. “Kapitalbank” rəhbərliyi ölkənin birinci bankı olaraq tezliklə bu problemin daha rahat yolları haqqda fikirləşməlidir.

Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Oxuməni.az