Bakıda korona qəsdən yayılır

Bakıda korona qəsdən yayılır

5 Aprel 2021 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Sanki düşünülmüş şəkildə koronavirusun Bakıda yayılması üçün nə mümkündürsə, o da edilir.

Marşrut avtobusları sözün bütün mənalarında virus yuvalarıdır. Koronanın ilk yayıldığı vaxtlarda iki oturacaqdan biri bağlanmışdı, marşrut avtobusların tutumuna nəzarət edilirdi, polis özü belə sərnişin sıxlığına qarışır, nizam-intizam yaratmağa çalışırdı.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bütün marşrut xətlərini inhisara alan “Bakı Bus” avtobuslarında nəinki oturacaqlarda “məsafə” qorunur, hətta ayaq üstə dayanmağa belə yer yoxdur. Hamı bir-birinin ağzına nəfəs alır.

Avtobuslarda maskalar çənədən yuxarı qalxmır. Qınanılası da deyil, çünki insanlar nəfəs almaqda çətinlik çəkirlər.

Hələ də heç kəsə aydın deyil ki, metroların bağlanmasının əsl səbəbi nədir. Həkimlər qapalı yerlərdə virusun yayılma imkanlarını yüksək qiymətləndirir və metronu ciddi risk sayırlar. Anladıq. Bəs, avtobuslardakı basabas risk yaratmır? Hansında risk daha çoxdur?

Dünyada elə şəhərlər varmı ki, bütün sahələr aktiv fəaliyyətdə olsun, heç bir məhdudiyyət tətbiq edilməsin, yalnız metrolar bağlı olsun?

Bu rüsvayçı mənzərə aylardır sosial şəbəkələrdə, mediada gündəmə gətirilsə də, Operativ Qərargah bununla bağlı hansısa qərar qəbul etməyə həvəsli görünmür.

Ümumiyyətlə, Bakıda ictimai nəqliyyat normal fəaliyyətdən çox-çox uzaqdır. Bakı Nəqliyyat Agentliyi bu ölkədə bəlkə də ən qeyri-şəffaf qurumdur. İllik hesabatlar təqdim etməyi belə lazım görməyən və yaxud hesabatlarını əlçatan etməyən bu qurumun fəaliyyətini yoxlamaq isə kimsənin deyəsən, yadına düşmür. Aydınlaşmır ki, bu qurum rəqəmləri hansı formada şişirdir, niyə rentabelli deyil və BNA-nın tabeliyindən “Bakı Bus”un alınaraq, İnvestisiya Holdinqinə verilməsi, üstəlik Müşahidə Şurasının yaradılmasının səbəbi nədir!

Taksilərdə də vəziyyət bərbaddır. Taksi sürücülərinin böyük əksəriyyəti nəinki arakəsmədən istifadə edir, hətta müştəri mindirəndə belə maska taxmırlar. Bakının az qala məhəlləiçi küçələrində belə kameralar var. Taksi sürücülərinin maskadan istifadə etmədiyini müəyyənləşdirmək nə qədər çətindir ki? Onlar niyə cərimə olunmur? Kim onlara imkan tanıyıb ki, maskadan istifadə etməyə bilərlər?

Elə bil, bir gözəgörünməz əl virusun yayılmasına şərait yaradır ki, hər yer qapansın və müharibədən yeni çıxan bir ölkədə ÜDM aşağı düşsün, insanlar dolana bilməsin, yaşamaq çətinləşsin, hər yer kor qalsın, əhalinin qələbədən zövq almasına imkan verilməsin...