Siyavuş Novruzov: “Nə hadisə baş verib ki, piket keçirirlər?”

Siyavuş Novruzov: “Nə hadisə baş verib ki, piket keçirirlər?”

13 Noyabr 2019 16:24
Bəyəndim (1) Bəyənmədim (0)

“Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkənin iqtisadiyyatının inkişaf etməsi, dövlət büdcəsinin daha da geniş şəkildə təqdim olunmasının, o cümlədən dövlət büdcəsindəki gəlirlərin artmasının şahidiyik”.

Oxumeni.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdən ən böyük büdcədir: “Sosial ayırmalar da büdcənin çox böyük hissəsini əhatə edir. Hesab edirəm ki, bunu sosial büdcə kimi də təqdim edə bilərik”.

S. Novruzov qeyd edib ki, Azərbaycanın iqtisadi qüdrəti artdıqca, genişləndikcə bunu bəzi qüvvələrin gözü götürmür: “Onlar istəyirlər ki, Azərbaycan da ayrı-ayrı dövlətlər kimi pis vəziyyətdə olsun, büdcəsi, gəlirləri olmasın. Xaricdən və daxildən bu işlə məşğul olan insanlar var. Bu gün hökumət, parlament üzvləri Milli Məclisdə Azərbaycanın dövlət büdcəsinin müzakirəsini aparır. Milli Məclisin deputatları sahəsinin, ərazisinin problemləri ilə bağlı öz təkliflərini irəli sürürlər. Bir qrup insan isə Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirir. İndi xalqın maraqları ilə burada oturanlar məşğuldur, ya orda oturanlar? Sual olunur ki, nə hadisə baş verib ki, onlar piket keçirirlər? Hər hansı təklifləri varsa, Azərbaycan Prezidentinə, hökumətinə, Milli Məclisə yazılı şəkildə təqdim etsinlər. Bakı şəhər İcra Hakimiyyətinin qarşısında qarışıqlıq yaratmaq, ictimai asayişi pozmaq, orada yerləşən universitetdə və məktəblərdə dərslərin gedişinə maneçilik yaratmaq, seçki prosesi dövründə seçkilərə maneçilik törətmək nəyə xidmət edir, bu, artıq bəllidir”.

Deputat söyləyib ki, onlar BMT-nin ofisi qarşısında belə piket keçirsəydilər, başa düşülərdi: “Çünki işğal altında olan torpaqların sakinləri bələdiyyə seçmək hüququndan məhrum olublar. Bir dəfə də olsun Qarabağın adını çəkməyənlər piket keçirirlər. Onların piketi nəticəsində bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub”.

S. Novruzov qeyd edib ki, Azərbaycan Prezidenti, hökuməti görülən işləri hərtərəfli təqdim edir: “Əgər hər hansı məsələ ilə bağlı iradınız varsa, şikayət edin. Heç bir sahədə narazılığa səbəb olan heç nə tapa bilmirlər. Ortaya iqtisadçı çıxararaq, terminlərlə nəsə demək istəyirlər. Amma onların büdcədən başları çıxmır”.

YAP icra katibinin müavini çıxışı zamanı bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladaraq, siyasi partiyalara ayrılan vəsait artırılmasını təklif edib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)