Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib

Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib

22 Noyabr 2019 09:47
Bəyəndim (1) Bəyənmədim (0)

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın şura və növbəti plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.

Parlamentin mətbuat xidmətindən Oxumeni.az-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Şurasının Sədri xanım Valentina Matviyenko ilə görüşüb. Federal Şuranın Sədri bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr günbəgün inkişaf edir. Dövlət başçılarımızın görüşləri zamanı aparılan danışıqlar münasibətlərimizin dərinləşməsi üçün möhkəm zəmin yaradıb.

V.Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirakını yüksək qiymətləndirərək, tədbirin önəmini xüsusi vurğulayıb. Qeyd edilib ki, belə forumlar qarşıya qoyulmuş hədəflərə çatmaq baxımından böyük önəm daşıyır.

Bakıya son səfərini xatırlayan V.Matviyenko Azərbaycanda gördüyü qonaqpərvərlikdən və səfər çərçivəsində keçirdiyi görüşlərdən, apardığı danışıqlardan məmnunluğunu ifadə edib. Bildirilib ki, parlamentlərarası əlaqələr dövlətlərarası münasibətlər sistemində mühüm yer tutur. Bu baxımdan bu sahədə əlaqələrimizin dərinləşməsi həyatın digər sahələrinə də öz müsbət təsirini göstərir.

Milli Məclisin Sədri Oqtay Əsədov V.Matviyenkonun cari ilin aprelində ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərin parlamentlərarası münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. Sədr MDB PA-nın 50-ci plenar iclasında müzakirə olunacaq məsələlərin MDB məkanı üçün əhəmiyyətindən və qurumun vətəndaş cəmiyyəti institutlarının, o cümlədən demokratiyanın inkişafına verdiyi töhfədən danışıb. Ölkələrimizin nüfuzlu beynəlxalq qurumlarda iştirakını, bu platformada nümayəndə heyətlərimizin mütəmadi görüşlərini təqdir edib. Sədr Oqtay Əsədov dövlətlərimiz arasındakı yüksək siyasi dialoqun iqtisadi sahəyə də müsbət təsirini vurğulayıb. Azərbaycanın nəinki Rusiyanın Federal qurumları ilə, o cümlədən bu ölkənin regionları ilə də əlaqələri dərinləşdirməkdə maraqlı olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az