"Sabah" - "Qarabağ" derbisində qapılara top vurulmadı
Bu gün Misli Premyer Liqasında 9-cu turun son oyunları keçirilib.
Futbolsevərlərin əsas diqqət mərkəzində "Sabah" - "Qarabağ" derbisi olub. Olduqca gərgin mübarizə şəraitində keçən oyunda hər iki tərəfin səylərinə baxmayaraq qapılara qol vurulmayıb. Düzdür, "Sabah" iki dəfə "Qarabağ"ın qapısına yol tapsa da, hakim hər iki halda qolu nəzərə almayıb. Birinci halda hakim oyundankənar vəziyyət olduğunu nəzərə alaraq qolu hesaba almayıb. İkinci halda isə "Qarabağ" qapısı ağzında qol vurulmazdan əvvəl top "Sabah"ın oyunçusunun əlinə dəyib. Ona görə hakim qolu saymayıb. Beləliklə "Sabah" - "Qarabağ" oyunu qolsuz başa çatıb. Bu oyun göstərdi ki, "Qarabağ" nəhayət uzun fasilədən sonra özünə gəlməyə başlayıb. Xüsusi ilə "Qarabağ" həm hücumda, həm də müdafiədə ötən illərdə olduğu kimi inamla oynamağa başlayıb.
Oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib ki, maraqlı oyun alındı, yaxşı mübarizə və dinamika var idi: "Son dəqiqələrə kimi temp yüksək səviyyədə oldu. Qarşımızda çox yaxşı, formalaşmış rəqib var idi. Son nöqtəyə kimi oynamağa çalışdılar. Hər bir futbolçu üçün gələcəyi düşünüləsi oyun oldu"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas isə matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, 0:0 hesabını ədalətli nəticə saymaq olar: "Keyfiyyətli rəqibə qarşı oynadıq. Hər iki komanda qalib gəlmək üçün əlindən gələni edirdi. Uzun müddət hücumda olduq. Hər iki komandanın müdafiə xətti yaxşı çıxış etdi".
Valdas Dambrauskas həmçinin qeyd edib ki, bu mövsüm çempionluq mübarizəsi ötənilkindən daha çətin olacaq: “Neftçi” və “Qarabağ”ın çempion titulu uğrunda sona kimi mübarizə aparacağına şübhəm yoxdur"
Bu oyundan sonra "Sabah" 20 xalla lider, "Qarabağ" isə 18 xalla 3-cüdür. Hər iki komanda 7 oyun keçirib.
25 oktyabr (bazar)
18:00. “Sabah” – “Qarabağ” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev, Kamranbəy Rəhimov (VAR), Teymur Teymurov (AVAR)
Mərdəkan, “Dalğa Arena”
15:00. “İmişli” – “Şamaxı” - 2:1
Qollar: Dioqo Almeyda, 17 (1:0), Abdullahi Şuaybu, 65 (1:1), Seyxan Fərəcov, 90-pen. (2:1)
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Akif Əmirəli (AVAR)
Yevlax şəhər stadionu
Turun digər nəticələri
“Neftçi” - “Turan Tovuz” - 1:1
“Şəfa” - “Kəpəz” - 1:2
“Araz-Naxçıvan” - “Qəbələ” - 1:2
“Zirə” - “Sumqayıt” - 3:2
Əziz MUSTAFA


.jpg)


















































































