Azərbaycanda 07 dekabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.
Arvadı Sürəyya Qasımovanı qətlə yetirmiş Yevlax rayonunda yaşayan Məhəmmədiyyə Məmmədov könüllü olaraq polis şöbəsinə gəlmişdir
07.12.2012
Dekabrın 7-də saat 13.00 radələrində Yevlax rayonunda yaşayan Məhəmmədiyyə Məmmədov münaqişə zəminində ov tüfəngindən atəş açaraq arvadı Sürəyya Qasımovanı qətlə yetirmişdir. M.Məmmədov könüllü olaraq Yevlax RPŞ-yə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi "TOZ" markalı ov tüfəngini təhvil vermişdir.
Avtomaşın qaçırmış Gəncə şəhər sakini Zaur Həsənov tutulmuşdur
07.12.2012
Dekabrın 7-nə keçən gecə Nizami (Gəncə) rayonunda yaşayan Elman Məmmədova məxsus "VAZ-21011" markalı avtomaşın qaçırılmışdır. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Həsənov tutulmuşdur.
Göyçay rayonu ərazisində yol-nəqliyyat hadisəsi
07.12.2012
Dekabrın 6-da saat 21.00 radələrində Göyçay rayonu ərazisində, rayon sakini Fazil Seyidov "VAZ-2105" markalı avtomaşını idarə edərkən onu kanala aşırmışdır. Nəticədə sürücü suda boğularaq ölmüş, avtomaşın kanaldan çıxarılmışdır.
Şəki rayonunun Arıçılıq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
07.12.2012
Dekabrın 7-də saat 19.50 radələrində Şəki rayonunun Arıçılıq kəndi ərazisində, rayon sakini Mais Məcidov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sərnişin Natiq Şərifov hadisə yerində ölmüş, xəsarət almış sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Biləcəri qəsəbəsində çörək bişirmə sexində buxar qazanının sızmasından partlayış baş vermişdir
07.12.2012
Dekabrın 7-də saat 13.20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Gəncə şəhər sakini Telman Məmmədova məxsus çörək bişirmə sexində buxar qazanının sızmasından partlayış baş vermişdir. Nəticədə sexin divarları və damı uçmuş, xəsarət almış orada işləyənlər, habelə qonşu evdə yaşayan Xalidə Ələsgərova xəstəxanaya yerləşdirilmişlər. X.Ələsgərova orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Oğurluq etməkdə şübhəli bilinən Elnarə Şəmilova, Elnarə Rəcəbova və Alim Əsədov tutulmuşlar
07.12.2012
Şəki ŞRPŞ və RMŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da Xurmayə Cumayevanın evindən 350 manat pul və qızıl əşyaları oğurlamış Elnarə Şəmilova, Elnarə Rəcəbova və Alim Əsədov tutulmuşlar.
Mobil telefon oğurlamış Bakı şəhər sakini Kamal Mirəliyev tutulmuşdur
07.12.2012
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də Bayram Əliyevə məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini Kamal Mirəliyev tutulmuşdur.
Oğurluq etmiş Qax rayon sakinləri Bayram Dekanidze və Kamran Veysəlov tutulmuşlar
07.12.2012
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də Bakı Elektrik Şəbəkəsinə məxsus yardımçı yarımstansiyadan ehtiyat hissələri oğurlamış Qax rayon sakinləri Bayram Dekanidze və Kamran Veysəlov tutulmuşlar.
Oğurluq etmiş Ucar rayon sakini Allahverdi Salmanov, Ağdaş rayon sakini Ağababa Yusifov və Bərdə rayon sakini Bəhruz Hüseynov tutulmuşlar
07.12.2012
Nizami RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da Elmar Məmmədova məxsus zirzəmidən 2 ədəd xalça və 1 ədəd velosiped oğurlamış Ucar rayon sakini Allahverdi Salmanov, Ağdaş rayon sakini Ağababa Yusifov və Bərdə rayon sakini Bəhruz Hüseynov tutulmuşlar.
Bakı şəhər sakini Nəsimi Məmmədov tutulmuşdur
07.12.2012
Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 7-də Xatirə Ağababayevanın etimadını qazanaraq, içərisində 70 manat pul, 3 ədəd qızıl üzük və 1 ədəd mobil telefon olan çantanı ondan almış Bakı şəhər sakini Nəsimi Məmmədov tutulmuşdur.
Abşeron rayon Məhəmmədi kənd sakini Ravid İbadovdan 1 ədəd pnevmatik tapança götürülmüşdür
07.12.2012
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məhəmmədi kənd sakini Ravid İbadovdan 1 ədəd pnevmatik tapança götürülmüşdür.
Sumqayıt şəhəri ərazisində yol nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti müəyyən edilmişdir
07.12.2012
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da, Sumqayıt şəhəri ərazisində yol nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti müəyyən edilmişdir. Onlar Bakı şəhər sakini Kənan Ağabadayev, Sumqayıt şəhər sakini Elşən Aslanov və Rusiya Federasiyasının vətəndaşı Xabibat Quseynova olmuşlar.
Ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 3000 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür
07.12.2012
Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən dekabrın 7-də Binəqədi rayonu ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 3000 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür.
İntihar məqsədilə özünü yandırmış Aygün Yunusova xəstəxanada ölmüşdür
07.12.2012
Dekabrın 5-də Qusar rayonunda, intihar məqsədilə özünü yandırmış Aygün Yunusova dekabrın 7-də xəstəxanada ölmüşdür.
Xaçmaz rayon sakinləri 5 yaşlı Həzrət Novruzov və 5 yaşlı Ruslan Zəkiyev su kanalında boğulmuşlar
07.12.2012
Dekabrın 7-də Xaçmaz rayonu ərazisindəki su kanalında, rayon sakinləri 5 yaşlı Həzrət Novruzov və 5 yaşlı Ruslan Zəkiyev boğulmuşlar.
Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
07.12.2012
Dekabrın 7-də saat 04.00 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakinləri Qorxmaz Niftaliyevin idarə etdiyi "VAZ-2107" markalı və Gündüz Cəlilovun idarə etdiyi "Mercedes E-200" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Q.Niftəliyev və sərnişiləri - Bakı şəhər sakinləri Rövşən Mürşüdov, Sakit Şəmsəddinov və 25-30 yaşlı 2 kişi, habelə G.Cəlilovun 30-35 yaşlı qadın sərnişini hadisə yerində ölmüş, xəsarət almış G.Cəlilov və digər sərnişinləri - Rusiya Federasiyası vətəndaşları Xədicə Əhmədova və Asiyaq Azayeva xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
O.M.














































.jpg)
















































