Akif Çovdarov: "Utanın, bu nədir, üstümə qoymusunuz?"
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarənin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.
Proses haqqında təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə məlumat verib.
Məhkəmə Kürdəmir rayonunda yerləşən "Xatirə" restoranı və "Baktel" epizodu üzrə davam edib.
Xatırladaq ki, Kürdəmirin Mollakənd rayonunda yerləşən "Xatirə" restoranı Akif Çovdarov və adamları tərəfindən zorla ələ keçirilib.
Çovdarov isə həmin epizodu qəbul etmir, hətta ötən proseslərdən birində müstəntiqin həmin epizodu cinayət işindən çıxartması müqabilində ondan və oğlundan 100 min manat rüşvət tələb etdiyini açıqlamışdı.
Prosesdə Kürdəmir rayon icra şöbəsinin keçmiş müdiri Hikmət Quliyev və hazırda rayonun bələdiyyə sədri Nofel Qasımov dindirilib.
Zərərçəkmiş Şeyman İmanov restoranına gedən yolun zəbt edildiyini və fəaliyyət göstərə bilmədiyini deyib.
İcra şöbəsinin sabiq müdiri H. Quliyev ifadəsində bildirib ki, restorana gedən yolun açılması üçün Ş.İmanov məhkəməyə müraciət edib. Məhkəmə onun tələbini təmin edib. Şahid qeyd edib ki, qətnamə icra edilib, amma restoranın yolunun açılması ilə bağlı qərarı iddiaçı - Şehman İmanov özü götürməyib: "Hətta borclu tərəf "RAF 2006" MMC-in direktoru Fəttah Seyidov gəldi ki, yol açılıb, gəlsinlər, qətnaməni götürsünlər. Biz onları axtardıq, bildiriş göndərdik. Buna baxmayaraq, tələbkar icra şöbəsinə gəlmədi".
Bələdiyyə sədri N.Qasımov ifadəsində bildirib ki, "Xatirə" restoranı 2000-ci ilə qədər işləyib: "Ondan sonra həmin restoran fəaliyyət göstərmədi. Çünki yeni, müasir restoranlar açıldı. Ora da fəaliyyətini dayandırdı. Xarabaxanaya dönmüşdü. Sonradan onun ətrafında 3 sot torpaq vardı. Həmin torpaq bələdiyyəyə aid idi. Qeyri-rəsmi olaraq Şeymangilə icazə verdik ki, orda əkin-biçinlə məşğul olsunlar. Çünki həmin restoranın olduğu yer İmişliyə yaxın idi. Ordan mal-qara gəlməsin deyə Şeymangilə verdik".
Prosesdə zərərçəkmiş Şeyman İmanov çıxış edərək bildirib ki, həmin restoranın yanındakı torpaqda pambıq əkiblər.
Çovdarov isə prosesdə çıxış edərək bu epizoda görə ittiham tərəfdən narazılığını bildirib: "Utanın, bu nə epizoddur üstümə qoymusunuz?! Məhkəmə də bu cür mənasız epizodları araşdırır".
Prosesdə "Baktell" epizodu üzrə bir şahid dindirilib.
Vəkillər həmçinin hakim Həbib Həsənovun onların müdafiə hüququnu pozduğunu deyib: "Bizim şahidlərə sual verməyimizə imkan vermirdi. Şahid ifadə verən kimi Həbib Həsənov şahidi göndərir. Halbuki şahidlərə çarpaz suallar verməliyik. Həbib Həsənov bunlara imkan vermədi".
Proses nahardan sonra davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Mediainfo.az














































.jpg)
















































