Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb

18:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərində böyük tibb müəssisələrinə müraciətlərin sayı həddindən artıq çoxdur. Ən çox müraciət olunan tibb müəssisələrindən biri Bakı ətrafında olan Abşeron rayon Tibb Mərkəzi, Yeni Klinika, Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəzdir. Bu xəstəxanalara gündəlik müraciət sayı 3000-3500 ətrafındadır. Bu da xəstəxanalarda növbələrin yaranmasına səbəb olur

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirdə AZƏRTAC- ın əməkdaşının sualını cavablandırarkən deyib.

İcraçı direktor bununla bağlı ilk hədəflərinin Yeni Klinikanın və Abşeron Tibb Mərkəzinin onlayn randevu sisteminə keçməsi ilə bağlı olduğunu deyib: "Onlayn randevu pasiyentlərə göstəriləcək tibbi xidmətin komfortunun artırılmasına gətirib çıxaracaq. Gələn ildən etibarən müraciətlərin sayının artmasını gözləyirik. Hər il xəstəxanalarda yeni çeşiddə xidmətlər daxil olur. Həmçinin gələn ilin əvvəllərində artıq Nərimanov Tibb Mərkəzinin də fəaliyyətə başlaması gözlənilir. Bu mərkəz Bakı şəhərində ən unikal xəstəxanalardan biri olacaq. Çox geniş sayda xidmətləri özündə birləşdirəcək. Ümid edirəm ki, bu mərkəz açılandan sonra digər tibb müəssisələrinə müraciətlərin sayı azalacaq".

Vüqar Qurbanov xəstəliklərlə bağlı müraciətlərin mövsümi olaraq dəyişdiyini vurğulayıb: "Hazırkı dövrdə qrip virusu ilə bağlı müraciətlər üstünlük təşkil edir. Çox sayda da ehtiyac olmayan şəkildə vətəndaşlar tərəfindən xəstəxanalara müraciətlər edilir. Bu da tibbi xidmətə ehtiyacı olan vətəndaşlarımızın növbə gözləməsinə səbəb olur. Elə vətəndaşlar var ki, üç gündən bir tibb müəssisələrinə hər hansı tibbi xidmətlə bağlı müraciət edirlər. Bir gün nevropatoloqa, iki gündən sonra kardioloqa müraciət edir. Nəticələr də onu göstərir ki, bu adamların çoxu praktiki olaraq sağlamdır. Başa düşürük ki, kimsə sağlamlığından narahatdır və bunun hansı xəstəlikdən olduğunu aydınlaşdırmaq istəyir. Ancaq belə müraciətlərin çox olması ehtiyacı olan vətəndaşlarımızın daha çox növbə gözləməsinə gətirib çıxarır. Vətəndaşlardan xahişimiz odur ki, müraciətlərini ehtiyaclarına görə etsinlər. Filan xəstəxananın yanından keçirəm, burada bir analiz verim yanaşmasını yığışdırmaq lazımdır”.

Oxuməni.az