Xərçəngə qarşı immuniteti gücləndirən idman əlavəsinin adı açıqlandı
Populyar idman əlavəsi kreatin, immunitet sisteminin xərçənglə mübarizə qabiliyyətini artıra bilər. Kaliforniya Universitetinin Los-Anceles şöbəsinin alimləri bu qənaətə gəliblər. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri “iScience” jurnalında dərc olunub.
Tədqiqatçılar aşkar ediblər ki, kreatin təkcə birbaşa şiş hüceyrələrini məhv edən T-hüceyrələrinin deyil, həm də şişə qarşı immunitet cavabının başlanmasında mühüm rol oynayan dendritik hüceyrələrin fəaliyyətinə kömək edir. Məhz onlar immunitet sisteminə xərçəngi tanımaqda kömək edir və T-hüceyrələrini onu məhv etməyə yönəldir.
Siçanlar üzərində aparılan təcrübələrdə kreatinin gündəlik verilməsi şişlərin böyüməsini ləngidib və immunitet hüceyrələrinin fəaliyyətini artırıb. Alimlər müəyyən ediblər ki, maddə dendritik hüceyrələrin enerji ehtiyatlarını artırır və onların aktivləşdirilməsi üçün lazım olan siqnal mexanizmlərinin fəaliyyətini dəstəkləyir. Bu, immunitet hüceyrələrinin, sürətlə böyüyən şişin aktiv şəkildə qida maddələri və enerji istehlak etdiyi şəraitdə belə effektivliyini qoruyub saxlamağa imkan verir.
Tədqiqatçılar oxşar nəticələri insan hüceyrələri ilə işləyərkən də əldə ediblər ki, bu hüceyrələr dendritik xərçəng əleyhinə peyvəndlərin hazırlanmasında istifadə olunur. Müəlliflərin fikrincə, bu, kreatinin müasir immunoterapiya üsullarının təsirini gücləndirən bir vasitə kimi tətbiqi üçün perspektivlər açır.
Bununla belə, alimlər vurğulayırlar ki, hələlik yalnız laboratoriya təcrübələri və heyvanlar üzərində aparılan tədqiqatlar barədə danışılır. İnsanlarda belə bir yanaşmanın effektivliyini təsdiqləyən klinik məlumatlar hələlik yoxdur.
Buna baxmayaraq, işin nəticələri göstərir ki, kreatin şişə qarşı immunitetin və hüceyrə peyvəndlərinin effektivliyini artırmaq üçün yeni bir vasitə ola bilər. İndi tədqiqatçılar bu yayğın idman əlavəsinin klinik şəraitdə onkoloji xəstəliklərin müalicəsində kömək edib-etməyəcəyini yoxlamalıdırlar.
Almaz Həsənli





























































































