Orqanizmdə xroniki iltihabı azaldan 13 məhsulun adı açıqlanıb
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edə biləcək məhsulları açıqlayıblar. Tədqiqatlara görə, xroniki iltihab bir sıra xəstəliklərin, o cümlədən ürək-damar patologiyaları və diabetin inkişaf riskinin artması ilə əlaqələndirilir. Oxuməni.az xəbər verir ki, bu barədə “Healthline” portalında məlumat verilib.
Ən faydalı məhsullar arasında antioksidantlar və antosianlarla zəngin olan giləmeyvələr yer alıb. Tədqiqatlar göstərir ki, bu maddələr iltihabi prosesləri azaltmağa və immunitet sisteminin fəaliyyətini dəstəkləməyə kömək edir.
Siyahıya həmçinin yağlı balıqlar – qızılbalıq, sardina, siyənək və skumbriya daxil edilib. Onlar orqanizmdə iltihab əlamətlərinin səviyyəsini azalda bilən omeqa-3 yağ turşuları ilə zəngindir.
Ekspertlər brokoli, avokado, yaşıl çay, şirin bibər, göbələk və üzümün mütəmadi olaraq rasiona daxil edilməsini tövsiyə edirlər. Bu məhsullar iltihab əleyhinə təsir göstərə bilən antioksidantlar və digər birləşmələr ehtiva edir.
Faydalı ədviyyatlar arasında mütəxəssislər sarıkökü xüsusi qeyd edirlər. Bundan əlavə, birinci sıxım zeytun yağı, yüksək kakao tərkibli tünd şokolad, pomidor və albalı orqanizmə faydalı təsir göstərə bilər.
Bununla belə, ekspertlər vurğulayırlar ki, ayrı-ayrı məhsullar müalicənin əvəzi deyil. Ən nəzərəçarpan effekt balanslı qidalanma, fiziki aktivlik və sağlam həyat tərzinin birləşdirilməsi ilə əldə edilir.
Almaz Həsənli
































































































