Niderlandda 12 yaşdan kiçik uşağa ilk dəfə evtanaziya həyata keçirilib

Niderlandda 12 yaşdan kiçik uşağa ilk dəfə evtanaziya həyata keçirilib

15:51
Bəyəndim (1) Bəyənmədim (0)


Niderlandda yeni qaydalar qüvvəyə mindikdən sonra ilk dəfə olaraq 12 yaşdan kiçik bir uşağa evtanaziya (yun. εὖ — yaxşı + yun. θάνᾰτος — ölüm-red.) həyata keçirilib. Bu, müalicəsi mümkün olmayan xəstəliklərdən əziyyət çəkən müəyyən yaş qrupundan olan uşaqlar üçün belə bir prosedura icazə verən yeni qaydaların qüvvəyə minməsindən sonra baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə milli radio-televiziya şirkəti (NOS) məlumat yayıb.
Niderlandın Səhiyyə, Rifah və İdman Naziri Sofi Hermansın bildirdiyinə görə, uşağa bu prosedur ötən ilin sonlarında həyata keçirilib. Nazir evtanaziya tarixini, uşağın diaqnozunu və dəqiq yaşını açıqlamayıb.
Onun sözlərinə görə, prosedur valideynlərin razılığı ilə və ölkənin qüvvədə olan qanunlarına uyğun olaraq ağır xəstə uşağa həyata keçirilib.
2024-cü ildən etibarən Niderlandda 1 yaşdan 12 yaşa qədər olan uşaqlara, əgər onlar müalicəsi mümkün olmayan xəstəlikdən əziyyət çəkirlərsə, dözülməz əzab yaşayır və sağalma ümidi yoxdursa, evtanaziya həyata keçirməyə imkan verən müddəa qüvvədədir.
Qanunvericiliyə dəyişiklikdən əvvəl belə bir imkan yalnız bir yaşdan kiçik körpələrə və 12 yaşdan yuxarı yeniyetmələrə qanunla müəyyən edilmiş şərtlərə uyğun olaraq şamil edilirdi.
Qüvvədə olan qaydalara əsasən, prosedur barədə qərar tibb mütəxəssisləri ilə məsləhətləşdikdən və valideynlərin və ya uşağın qanuni nümayəndələrinin mütləq razılığı ilə qəbul edilir.
Ölkə rəsmiləri belə halların son dərəcə nadir olacağına inanırlar. Hökumətin qiymətləndirmələrinə görə, bu cür prosedurların sayı ildə beşdən çox olmayacaq.
2002-ci ildə Niderland Krallığı evtanaziyanı tam hüquqlu tibbi prosedur kimi leqallaşdıran ilk ölkə olub.
Niderland, evtanaziyanın qanunvericiliklə tənzimləndiyi və ciddi tibbi və hüquqi meyarlara uyğun olaraq icazə verildiyi dünyanın azsaylı ölkələrindən biri olaraq qalır.
Almaz Həsənli