Bu gün Ümumdünya Kardioloq Günüdür

Bu gün Ümumdünya Kardioloq Günüdür

13:02
Bəyəndim (0) Bəyənmədim (0)

2000-ci ildən etibarən hər il iyulun 6-sı Ümumdünya Kardioloq Günü kimi qeyd edilir. Kardiologiya ixtisasına yiyələnmiş həkimlər insanlarda yaranan ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olurlar.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, məhz ürək-damar xəstəlikləri dünyada ölümün ən geniş yayılmış səbəblərindən biridir.

Ürək həyatımız boyu fasiləsiz işləyərək bədənin trilyonlarla hüceyrəsini qanla təmin edir, orta hesabla dəqiqədə 70, sutka ərzində isə təxminən 100 min dəfə döyünür. Alimlərin fikrincə, ürək əzələsinə düzgün qulluq edildiyi təqdirdə o, 150 ilə qədər fəaliyyət göstərə bilər. Lakin praktikada bu müddət stres, irsi xəstəliklər, əlverişsiz ekoloji şərait və digər amillər səbəbindən xeyli azalır.

Mütəxəssislər bildirirlər ki, düzgün profilaktika tədbirləri ürək-damar xəstəliklərindən ölüm hallarını 80 faizə qədər azalda bilər. Bunun üçün sağlam və balanslaşdırılmış qidalanmaq, fiziki cəhətdən aktiv olmaq və mütəmadi tibbi müayinələrdən keçmək kifayətdir.

Ürəyin və qan damarlarının sağlamlığını qorumaq üçün qidalanmada aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:

- Daha çox lifli qidalar qəbul edin. Lif orqanizmdə həzm olunmasa da, mədə-bağırsaq sisteminin normal fəaliyyətinə kömək edir. O, zərərli yağları özünə çəkərək orqanizmdən xaric edir və bununla da, ürək-damar xəstəlikləri riskini azaldır. Buna görə də meyvə, tərəvəz, tam taxıllı çörək və müxtəlif yarmaları müntəzəm olaraq rasiona daxil etmək tövsiyə olunur;

- Daha çox faydalı yağlardan istifadə edin. Faydalı yağlar qanda “yaxşı” xolesterinin səviyyəsini artırır, “pis” xolesterinin səviyyəsini isə azaldır. Onlar çətənə, kətan və zeytun yağında, qozda, fındıqda və yağlı balıq növlərində olur;

- Şəkər və duzun miqdarını azaldın. Gündəlik duz qəbulu 5 qramdan çox olmamalıdır. Duzun həddindən artıq istifadəsi arterial təzyiqin yüksəlməsinə səbəb olur. Duzdan tamamilə imtina etmək lazım deyil, lakin yeməyin dadını artırmaq üçün ədviyyatlar və ya limon suyundan istifadə etmək daha faydalıdır. Gündəlik şəkər norması meyvələrdə olan təbii şəkər də daxil olmaqla 50 qram hesab edilir. Şəkərin həddindən artıq qəbulu artıq çəkiyə və şəkərli diabet riskinin artmasına səbəb olur. Bu isə kiçik qan damarlarının zədələnməsi nəticəsində infarkt riskini artırır. Şirin qazlı içkilərdən imtina etmək, çay və qəhvəyə əlavə şəkər qatmamaq tövsiyə olunur;

- Karbohidratlar əsasən mürəkkəb olmalıdır. Sağlam qidalanmanın əsas prinsiplərindən biri sadə karbohidratların qəbulunu azaltmaqdır. Sadə karbohidratlar qanda qlükozanın səviyyəsini sürətlə artıraraq qısamüddətli enerji verir, eyni zamanda, piy yığıntılarının artmasına və ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə səbəb olur. Çipslər, konfetlər, şirniyyatlar və müxtəlif xəmir məmulatları sadə karbohidratlarla zəngindir. Mürəkkəb karbohidratlar isə tədricən mənimsənilir, uzun müddət toxluq hissi yaradır və yarmalarda, tam taxıllı çörəkdə, bərk buğda sortlarından hazırlanan makaronlarda, həmçinin şəkəri az olan meyvə və tərəvəzlərdə mövcuddur.

Bununla yanaşı, gündə 6–8 saat keyfiyyətli yuxu və müntəzəm idmanla məşğul olmaq da ürəyin normal fəaliyyətinə müsbət təsir göstərir. İlk olaraq hər gün sadə səhər gimnastikası ilə başlamaq, daha sonra isə fiziki yükü tədricən artırmaq tövsiyə olunur.

Xatırladaq ki, hər il sentyabrın 29-u da Ümumdünya Ürək Günü kimi qeyd olunur.

Oxuməni.az