Diabet üçün gizli risk faktoru aşkar edilib
Endometriozdan əziyyət çəkən qadınların 2-ci tip şəkərli diabetlə qarşılaşma ehtimalı təxminən 1,5 dəfə çoxdur. Tədqiqatçılar üç milyona yaxın qadının məlumatlarını təhlil edərək belə bir nəticəyə gəliblər. Oxuməni az xəbər verir ki, tədqiqatın nəticələri "Diabetologia" jurnalında dərc olunub.
Alimlər 25 il ərzində iştirakçıları müşahidə edib və endometriozun 2-ci tip diabetin inkişaf riskini 46 faiz artırdığını müəyyən ediblər. Ən nəzərəçarpacaq əlaqə menopozdan əvvəlki dövrdə olan qadınlarda, həmçinin piylənmədən əziyyət çəkməyən şəxslərdə — yəni adətən bu xəstəliyə qarşı ən həssas hesab olunmayan qruplarda müşahidə edilib.
Bundan əlavə, risk endometriozun formasından da asılı olub. Diabetlə ən güclü əlaqə xəstəlik ocaqları kiçik çanaq orqanlarından kənarda yerləşən qadınlarda aşkar edilib. Müəlliflərin fikrincə, burada əsas rollardan birini endometriozla müşayiət olunan və maddələr mübadiləsinə təsir göstərə bilən xroniki iltihab oynaya bilər.
Tədqiqatçılar vurğulayırlar ki, bu iş yalnız statistik əlaqəni aşkar edib, endometriozun diabetə səbəb olduğunu sübut etməyib. Bununla belə, bu xəstəlikdən əziyyət çəkən qadınlara karbohidrat mübadiləsi pozğunluqlarının daha erkən skrininqi və diabetin profilaktikası tövsiyə oluna bilər.
Almaz Həsənli




.jpg)


























































































