Britaniyada beyin şişi ilk dəfə dünyada süni intellektin köməyi ilə çıxarılıb
Böyük Britaniyada cərrahlar ilk dəfə dünyada beyin şişinin çıxarılması əməliyyatı zamanı süni intellektdən birbaşa istifadə ediblər. Texnologiya mütəxəssislərə ən vacib anatomik strukturları müəyyən etməyə və onların zədələnməsinin qarşısını almağa kömək edib. Oxuməni.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
48 yaşlı Ris Hibbertin əməliyyatı Londondakı Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasında həyata keçirilib. Əməliyyat zamanı süni intellekt sistemi beynin müxtəlif strukturlarını fərqli rənglərlə işarələyib və cərrahlara şişin çıxarılması üçün təhlükəsiz zonanın sərhədlərini daha dəqiq müəyyən etməyə imkan verib.
Mütəxəssislərin sözlərinə görə, belə texnologiya beyin əməliyyatları zamanı xüsusilə əhəmiyyətlidir. Çünki şişin yaxınlığında həyati vacib funksiyalara cavabdeh olan strukturlar yerləşə bilər. Hətta bir neçə millimetr ölçüsündə olan sahənin zədələnməsi ciddi nəticələrə, o cümlədən görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.
Əməliyyat zamanı istifadə olunan süni intellekt aləti London Universitet Kollecinin Houks İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb. Sistem yüzlərlə beyin əməliyyatının video yazıları əsasında öyrədilib. Hibbert bildirib ki, may ayında keçirilən əməliyyat onun görmə qabiliyyətini qorumağa kömək edib. Hazırda pasiyent artıq işinə qayıdıb.
Neyrocərrah Hani Markus qeyd edib: «Bu, mühüm addımdır. Süni intellekt artıq digər cərrahiyyə sahələrində də tətbiq olunmağa başlayır. Xüsusilə britaniyalı mütəxəssislər mürəkkəb əməliyyatlar zamanı cərrahlara pasiyentin orqanizmində istiqamətlənməyə kömək edən sistemləri sınaqdan keçirirlər».
Almaz Həsənli








.jpg)





















































































