
PSJ darmadağınla "İnter"ə qalib gələrək Çempionlar liqasının kubokunu qazandı
Fransanın PSJ klubu Çempionlar liqasının final oyununda "İnter"lə görüşdə çoxlarının gözləmədiyi yüksək sürətli futbol nümayiş etdirdilər və darmadağınla qalib gələrək çoxdan arzu etdikləri yüksək titulu əldə etdilər. Əslində heç kim finalda fransızların böyük hesabla italyanlara qalib gələcəklərinə və bu oyunun parislilər tərəfindən meydanda futbol şousuna çevriləcəyinə inanmırdı. Belə ki, "İnter" finala kimi adlı-sanlı klubları məğlub etmişdilər və onlar iki oyunun nəticələrinə görə, ən güclü "Barselona"ya 7:3 hesabı ilə qalib gəlmişdilər. Bununla belə bu dəfə meydanda "İnter"in bəxti gətirmədi. Oyun fransızların hücumları ilə başladı və bu da tezliklə hesabın açılmasına səbəb oldu.
Oyunun 12-ci dəqiqəsində də PSJ-nin mərakeşli oyunşusu Hakimi gözəl zərbə ilə hesabı açdı. Erkən qol italyanlara psixoloji cəhətdən pis təsir etdi və bu, onların müdafisəində çaşqınlığa səbəb oldu. "İnter"in bütün komanda ilə hücuma atılması müdafiədə boşluqlara səbəb oldu və bundan istifadə edən PSJ-nin oyunçusu Dezire Due 20-ci dəqiqədə ikinci topu italyanların qapısından keçirdi. Bundan sonra parislilər nisbətən sakitləşdilər və "İnter" qalan dəqiqələrdə özlərinə gələ və bir neçə təhlükəli hücumlar təşkil edə bildilər. Buna baxmayaraq birinci hissədə hesab dəyişmədi. İkinci hissənin əvvəlləri də meydanda bərabər səviyyədə oyun keçdi. Bununla belə PSJ-nin hücumları daha təhlükəli xarakter daşıyırdı. 63-cü dəqiqədə oyunun qəhrəmanlarından biri olan Due komandasının üçüncü, özünün isə ikinci topunu italyanların qapısından keçirərək darmadağının əsasını qoydu. Bundan sonra "İnter"meydanda rəqibinə müqavimət göstərə bilmədi. Oyunun 73-cü dəqiqəsində gürcü əsilli Kvaratsxeliya 4-cü topu milanlıların qapısına vuraraq onları nokdauna göndərdi. Oyunun başa çatmasına 3 dəqiqə qalmış Senni Mayulu beşinci topu rəqibin qapısından keçirdi. Beləliklə parislilər milanlılara 5:0 hesabı ilə qalib gələrək darmadağınla Çempionlar liqasının kubokunu qazandılar.
“Matça zəif başladıq və erkən qol buraxdıq. Bu da PSJ-nin işini asanlaşdırdı”.
Bunu “İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının (ÇL) PSJ ilə final oyunundan sonra bildirib.
İtaliyalı mütəxəssis komandasının ağır məğlubiyyətini belə şərh edib: “Ağır hesablı məğlubiyyət bizə böyük acı gətirdi. Amma bu, finala çıxmaq üçün etdiklərimizi ləğv etmir. Buraxdığımız ilk qoldan sonra toparlana bilmədik”.
“Mövsümün əvvəlindən tarix yazmaq əzmində idik. İndi qeyd etmək vaxtıdır”.
Bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının (ÇL) finalın oyunundan sonra bildirib.
İspaniyalı mütəxəssis “İnter”lə matçla bağlı emosiyalarını bölüşüb: “Futbolçular və azarkeşlər arasında əsl bağlılıq gördüm. Biz buna layiqik. Bu səviyyədə oynamaq çətindir, amma təzyiqin öhdəsindən necə gələcəyimizi bilirdik”.
Əziz Mustafa, Oxuməni.az