İran-ABŞ danışıqlarının ikinci raundu Omanda keçiriləcək

İran-ABŞ danışıqlarının ikinci raundu Omanda keçiriləcək

15 Aprel 12:35
Bəyəndim (2) Bəyənmədim (0)

İran və ABŞ arasında danışıqların növbəti raundu Maskatda (Oman) keçiriləcək, İRNA agentliyi İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayiyə istinadən xəbər verir.

Onun sözlərinə görə, məsləhətləşmələrdən sonra danışıqların növbəti raundunun aprelin 19-da Omanın paytaxtında keçirilməsi qərara alınıb.

Bundan əvvəl Axios portalı məlumatlı mənbələrə istinadən İran və ABŞ arasında danışıqların ikinci raundunun Romada keçirilməsinin planlaşdırıldığını bildirmişdi.

Öz növbəsində İtaliyanın xarici işlər naziri Antonio Tajani ANSA agentliyinə bildirib ki, İtaliya danışıqların Romada aparılması tələbini təsdiqləyib.

Tajani qeyd edib ki, Roma dəfələrlə belə görüşlər üçün platformaya çevrilib və İtaliya hakimiyyəti İranın nüvə probleminin həllinə gətirib çıxara biləcək danışıqların təşkili üçün hər şeyi etməyə hazırdır.

Ötən həftə sonu İran və Amerika nümayəndə heyətləri Omanın paytaxtında məsləhətləşmələrin birinci raundu keçiriblər. Görüşdən sonra tərəflərin aprelin 19-da yenidən görüşmək barədə razılığa gəldiyi bildirilib.

İranın xarici işlər naziri Abbas Əraqçi məsləhətləşmələrin konstruktiv keçdiyini qeyd edib. Nazir bildirib ki, iki tərəf şənbə günü Oman vasitəçiləri vasitəsilə dörd dəfə mesaj mübadiləsi aparıb.

ABŞ prezidenti Donald Tramp İranla danışıqların yaxşı getdiyinə inandığını deyib.

Əziz Mustafa, Oxuməni.az