Məmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il keçir

Məmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il keçir

11:00
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məmməd Əmin Rəsulzadənin anadan olmasından 142 keçir.
Oxuməni.az -ın məlumatına görə, M.E.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
1911-ci ildə Müsavat partiyasına daxil olub, dörd ildən sonra bu partiyanın mərkəzi komitəsinin sədri olub.
1918-ci ildə Rəsulzadə Fətəli xan Xoyski ilə birlikdə Şərqdə ilk respublikanın - ADR-in yaradıldığını elan etdi. 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən həbs edilir. Bir müddət sonra Stalinin əmri ilə Rəsulzadə azad edilərək Moskvaya aparıldı. Stalinin təkidinə baxmayaraq o, sovet hökuməti ilə əməkdaşlıqdan imtina edərək ölkəni tərk etdi.
İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə "Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü "soyuq müharibə” proqramına dəstək verir, "Amerikanın səsi”, "Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.
Məmməd Emin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib.
M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!” sözlərini işlədib.
1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış görkəmli ictimai-siyasi xadim Məmməd Əmin Rəsulzadənin ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial və məişət problemlərinin həlli yolları haqqında” fərman imzalayıb.
1993-cü il dekabrın 29-da Azərbaycan Prezidenti Heydər Əliyev “Görkəmli ictimai-siyasi xadim Məmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladı.
Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il noyabrın 22-də “Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, respublikada və xaricdə yubiley tədbirləri keçirilib.
Almaz Həsənli