Aİ liderləri Brüsseldə keçirilən fövqəladə sammitdə büdcə barədə razılığa gələ bilmədilər
Avropa Birliyi liderləri Brüsseldə keçirilən fövqəladə sammitdə Aİ üçün 2028-2034-cü illər üçün çoxillik büdcə planı barədə razılığa gələ bilmədilər. Avropalı diplomatik mənbə jurnalistlərə bildirib ki, danışıqlar dekabr ayında davam edəcək.
Avropa Şurasının prezidenti António Costa tərəfindən təklif edilən kompromis (Avropa Komissiyasının ilkin təklifindən təxminən 10% endirimdən sonra 2025-ci il qiymətləri ilə təxminən 1,58 trilyon avro) sammit iştirakçıları tərəfindən qəbuledilməz hesab edilib. Nəticədə məsələ ilə bağlı quruma üzv ölkələr arasında fikir ayrılıqları yaşanıb. Donor ölkələr ümumi xərclərin və milli töhfələrin daha da azaldılmasını tələb edir, alıcı ölkələr isə kənd təsərrüfatı və birlik siyasəti üçün maliyyələşdirməni saxlamaqda, ya da artırmaqda israr edirlər.
"Biz daha çox töhfə verib daha az aldığımız bir büdcə imzalamağa hazır deyilik. Bu problemi həll etməkdən işıq illəri qədər uzaqdayıq", - İtaliyanın Baş naziri Giorgia Meloni sammitə gələrkən bildirib.
Bir neçə Şərqi və Cənubi Avropa ölkəsinin, eləcə də "qənaətcil" ölkələrin (Almaniya, Hollandiya, İsveç və digərləri) nümayəndələri təklif olunan həcmin hələ də həddindən artıq olduğunu nəzərə alaraq oxşar mövqe tutdular.
Görüşdən əvvəl Kosta liderləri müzakirəyə "açıq fikir, konstruktiv yanaşma və kompromis hissi ilə" yanaşmağa çağırdı və büdcənin təsdiqlənməsi üçün yekdilliyin tələb olunduğunu vurğuladı.
Mənbənin məlumatına görə, hazırkı sammitdə irəliləyiş şansı sıfıra yaxın idi, buna görə də müzakirə dekabr ayında keçiriləcək Avropa Şurasına qədər təxirə salınıb.
Əziz Mustafa








































.jpg)


.jpg)








































