
FİFA Rusiya klubları ilə müqavilələri dayandırmaq icazəsini uzadıb
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası Şurasının (FİFA) Bürosu Ukraynadakı vəziyyətlə əlaqədar əcnəbi futbolçu və məşqçilərin Rusiya klubları ilə müqavilələrini dayandırmaq icazəsini uzadıb. Bu barədə təşkilatın saytı məlumat yayıb.
FİFA-nın açıqlamasına görə, icazə 30 iyun 2026-cı il tarixinədək qüvvədə olacaq. Bu hüquqdan istifadə etmək üçün oyunçular və məşqçilər 2025-ci il avqustun 1-dən gec olmayaraq öz klublarına yazılı şəkildə məlumat verməlidirlər. FIFA-nın oxşar qərarı Ukrayna komandalarına da şamil edilir.
"Bu uzadılma (qərarın) münaqişədən zərər çəkmiş oyunçular, məşqçilər və klublara davamlı tənzimləyici dəstəyi təmin edir və FİFA-nın müstəsna hallarda futbol sisteminin sabitliyini və bütövlüyünü qorumaq üçün davamlı öhdəliyini əks etdirir. Qərar futbol dünyasının maraqlı tərəfləri, o cümlədən FİFA Üzv Assosiasiyaları, liqaları, klubları və oyunçu nümayəndələri ilə geniş məsləhətləşmələr və konstruktiv dialoqdan sonra qəbul edilib”, - məlumatda deyilir.
FİFA 2022-ci ilin martında əcnəbi məşqçi və futbolçulara Rusiya və Ukrayna klubları ilə müqavilələri dayandırmağa icazə verib.
2022-ci ilin fevral ayından etibarən Rusiya milli komandaları və klubları FİFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirakını rəsmən dayandırıb.
Almaz Həsənli