BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

29 Oktyabr 10:18
Bəyəndim (12) Bəyənmədim (0)

(REAL HADİSƏLƏR ƏSASINDA)

18-ci hissə

Əvvəli keçən sayımızda

...- Cahan, sən neyləmisən? Bunun günah olduğunu bilirsən?

- Sən Allah, bəsdir, mən günah-zad fırlamıram. Zatən günahın içindəyəm, bundan başqa nə ola bilər. Məncə, mən elə doğru addım atmışam. Mən həyatımı qurmalıyam, daha bəsdir, Jasmin.

Jasmin Cahanı anlamırdı. Sanki qarşısında gördüyü Cahan onun tanıdığı Cahan yox, tam başqa birisi idi. Deməyə söz tapmırdı. Cahan ayağa durdu, otaqda ağır addımlarla gəzməyə başladı. Jasmin isə sakitcə onun hərəkətlərinə göz qoyurdu. Bir qədər sonra Cahan dilləndi:

- Mən nəyə görəsə həyatımı puç etməli deyildim. Zatən illər öncə həyatım puç olmuşdu, Jasmin. İndi də hansısa bir səhv addıma görə mən həyatımı puç eləməli deyildim. Bir özün fikirləş, mən bətnimdəki mələkdən qurtulmalı idim, onu saxlamaqla səhv etmiş olardım. Elə yaxşı oldu ki, bu addımı atdım.

- Aman Allah, səni tanıya bilmirəm, Cahan. Sən o mavi kişi fahişəsi ilə dostluq edəndən çox dəyişmisən.

- Heç kimi təhqir eləmə, Jasmin. Hərə öz taleyini yaşayır. Vallah, Ayka hər kim olursa olsun, yüzündən, hətta minindən yaxşı insandır. O ki, qaldı mənə, yenə deyirəm, artıq kasıb həyatımdan bezmişəm, düşünürəm ki, mən həyatımı kökündən dəyişməliyəm.

Jasmin heç bir söz deməyib Cahana baxaraq fikrə getdi.

Bu arada Ayka öz tanışı Mehdixanın yolunu gözləyirdi ki, tanış səs eşidib geri döndü. Qarşısında Cahanın sinif yoldaşı Ayseli görüb gülümsədi. Aysel masa arxasına keçib oturdu, Aykaya baxıb gülümsədi:

- Mən təsadüflərə heç inanmıram, amma səni gördüyümə isə...

- Elə mən də, gözəlim, bu nə xoş təsadüf.

- Ayka, sən və mən-deyərək Aysel masanın üstündəki şirədən içdi:-Bu həyatda hər ikimiz necə deyərlər, şeytanın vəkiliyik. Amma fərqimiz də var, əzizim.

- Görürəm sən təsadüfən bura gəlmisən.

- Əksinə, sənin tanıdığın adam məni bura göndərib. Yəqin bildin kimi deyirəm.

- Sən Mehdixanı nəzərdə tutursan?

- Uzatmayaq. Bəlkə mətləbə keçək, hə?-deyə Aysel üzünə ciddi görkəm verdi:

- Eşitdim Mehdixana yeni ov tapmısan?

- Demək olar. Bəs sən niyə bu qədər bunun marağındasan? Olmaya qısqanırsan?

- Uşaq-uşaq danışırsan Ayka. Mənə Mehdixan deyil, onun işləri maraqlıdır. Bilirsən ki, onun həyatında hər kim olursa olsun, mən əvəzolunmazam. Sənin tapdıqların isə sadəcə könül əyləncəsidir. Əslində mən buna izn verməyə də bilərəm, amma nəyimə lazım.

- Bəs onda niyə burdasan hə?

Aysel bura gəlişindən Mehdixanın xəbəri olmadığını bildirdi. Əslində Aysel məktəbi bitirən kimi ailəsindən uzaqlaşaraq Ayka ilə tanış olmuş və onun sayəsində yüksək təbəqənin kişiləri ilə tanışlıq yaradıb yaxşı imkan sahibi olmuşdu. Belə görüşlərin birində Mehdixanla tanış olan Aysel daimi onunla bir yerdə olaraq daha çox işlərə imza atmışdı. Əlbəttə özünü Mehdixanın hərəkətlərinə görə laqeyd göstərməsinə baxmayaraq, əslində içində Aykanın ona tapdığı qadınları görmək marağında idi. Dəfələrlə Mehdixanın qadınları ilə tanış olmaq istəsə də, buna nail olmamışdı. İndi də gəlişi boşuna çıxmışdı, Aykadan söz ala bilməyəcəyini də gözəl bilirdi...

Məlahət isə evə gəlmişdi. Əri Osmanı qonaq otağında görüb içəri girdi, divanda oturub ona baxdı. Osman isə səbir və təmkinini pozmadan Məlahətə baxıb əlindəki pult ilə oynayaraq:

- Sözlü adama oxşayırsan,-dedi:-Bu nə vaxtın gəlişidir?

- Hə, düz deyirsən, sözlü adama oxşayıram. Osman, sən məndən heç nə gizlətmirsən?

- Başa düşmədim?-deyə, Osman əlindəki pultu jurnal masasının üstünə qoydu.

-Burada başa düşülməyəsi nə var ki, əzizim?-deyə, Məlahət udqundu.

‐ Axı nə olub, ay arvad?

- Osman, sən mavisən?-deyə, Məlahətin verdiyi qəfil sualdan Osmanın rəngi ağardı...

Məlahətdən bu sualı gözləməyən Osman əsəbi halda ayağa qalxdı:

- Sən xəstəsən? Bu nə gülünc sualdır?

- Mən sadəcə sual verdim. Sən mavisən, Osman?

- Danışığını bil Məlahət.

- Mən nə danışdığımı yaxşı bilirəm. Sənin əməllərindən mənim xəbərim var. Sən qonşu binada qalan Səməndərin “oğlu” Aydın ilə münasibətdəsən. Bu doğrudur? Axı niyə, Osman, hə? Heç utanmırsan? Axı, mənim sənə nə pisliyim keçib?

Sözünü tamamlayan Məlahət əli ilə üzünü tutub ağlamağa başladı. Osman ona yaxınlaşıb onu qucaqlamaq istədikdə Məlahət buna imkan vermədi. Aykanın ona dediyi hər şeyi Osmana danışdı. Osman susurdu, özünü müdafiəyə belə qalxmırdı. Sadəcə içində Aykaya qəzəblənmişdi. Məlahət ona nifrət etdiyini deyib qonaq otağından çıxıb, yataq otağına keçdi, qapını bağlayaraq ağlamağa başladı. Qonaq otağında tək qalan Osman vaxt itirmədən evdən çıxıb maşınına oturaraq Aykanın evinə yola düşdü...

Jasmin Aykanın evindən gedərək Cahanı tək qoymuşdu. Tək qalan Cahan güzgü önündə oturub xəyala dalmışdı. Uşaqlıq illərini, qayğısız analı günlərini düşünürdü. Yenidən uşaq olmaq, anası Gülzarın yanında olmaq istəyirdi. Əgər əlində imkanı olsaydı, elə bu dəqiqə hər şeyi geri qaytarardı, amma bunun mümkünsüz olduğunu bilirdi.

Ayka isə Mehdixanla görüşünü Ayselə görə təxirə salıb geri qayıtmışdı. Həyətdə maşını saxlayıb düşdüyü zaman Osmanı öz maşınında görüb dayandı. Osman maşından düşərək ona yaxınlaşdı. Ayka ona baxdı, nə üçün gəldiyini soruşduqda Osman ona Məlahətin dediklərini danışmağa başladı. Sona qədər Osmana qulaq asan Ayka güldü:

- Elə bunun üçün gəlmisən?

- Məgər bundan böyük problem var? Sən hər şeyi alt-üst etmisən. Sənə demişdim axı ki, bizim bu münasibətdən heç kəs xəbər tutmamalıdır.

- Osman burda ayıb bir şey yoxdur, arvadın qoy səni qınamasın.

- Bunu demək asandır. Əgər bu haqda mənim işimdə xəbər tutsalar, mən batdım, başa düşürsən?

- Bu haqda narahat olma, heç kəs, heç nə bilən deyil.

- Axı sən Məlahətə aramızda olanları niyə demisən?

- Buna məcbur idim, buna sənin arvadın məni vadar etdi.

- Ayka... Ayka... sən böyük səhvə yol vermisən, buna görə də sən cavab verəcəksən.

- Doğrudan? Sən mənə hədə-qorxu gəlirsən?-deyə, Ayka qaşını qaldırdı.

Osman onun sualını cavabsız qoyub getmək istədikdə, Ayka ona ehtiyatlı olmağı məsləhət bildi. Onu hədələyib yola saldı, hətta Osmanın onunla olan şəkillərini ona göstərib bloka girərək yuxarı, evə qalxdı. Osman artıq tələyə düşdüyünü bilirdi.

Bir ay keçmişdi. Cahan Aykanın evində məskunlaşmışdı. Artıq Cahan ilə Ayka məşğul idi, onu Mehdixanla tanış etmişdi. Mehdixan Cahanla tanış olduqdan sonra ona vurulmuş, onu həyatının bir parçası etmək, onunla ailə qurmaq istəyirdi. Bu bir ay ərzində Osman Məlahəti tərk edərək öz ata-baba yurduna qayıtmış. Fazil isə yataq xəstəsi olmuşdu. Fazilin böyük qızı Arzu atası Fazilin bu halına dözə bilmirdi, atasını Cahanla görüşdürmək istəyirdi. Bu məqsədlə də Cahana zəng edib ona olanları bildirmişdi.

Cahan atası Fazilin xəstə olduğunu öyrənəndən sonra nə edəcəyini bilmirdi. Universitetin 3 kursunu bitirmişdi və artıq tələbələr tətildə idi. Kimisi kənddə istirahət edir, kimisi isə şəhərdə özünə iş tapıb işləməyə başlamışdı. Elə Cahan da Mehdixanın köməyi ilə münasib bir işə düzəlmişdi. İşindən olduqca razı olsa da atası Fazilin xəstə yatması xəbəri onu rahat buraxmırdı. Hətta dəfələrlə xalası Məlahət belə ona zəng edib atası ilə görüşməyini ondan istəmişdi. Bu arada Mehdixanla Cahan arasında yaş fərqi çox olsa belə, Mehdixan Cahanı sevirdi, onu xoşbəxt etmək üçün əlindən gələni edirdi. Son zamanlarda Mehdixanın Ayselə qarşı dəyişməsi də Ayseli narahat edir, ona Mehdixanın yeni sevgilisinin kim olması maraqlə gəlirdi. Həkimə Cahan üçün pul tökən Ayka isə artıq ondan pulunu almaq qərarına gəlmişdi. Cahan isə daha çox dəyişmişdi. Əvvəlki sadəlövh qızdan heç bir əsər-əlamət qalmamışdı. İndi daha dolğunlaşmış və həyat təcrübəsi artmışdı. Onun Mehdixanla daima bir yerdə olmasına Ayka belə narahat idi. Əslində Ayka Cahanı daimi onunla tanış etmək istəmirdi, onu fərqli müştərilərə satıb qazanmaq, Cahanın gözəlliyindən istifadə etmək istəyirdi. Ancaq bunu necə edəcəyini bilmirdi. Bu arada Mehdixanın yaxın dostu, iş adamı İsmayılın da qəlbini ovsunlamışdı. İsmayıl da Cahanı ciddi şəkildə özünə həyat yoldaşı etmək üçün plan cızırdı, əlbəttə, bu məsələdən Cahan xəbərsiz idi.

Axşam idi. Mehdixan Cahanı evə gətirmişdi. Hər ikisi axşam yeməyi yesələr də Cahan fikirli idi. Mehdixanın gözündən isə bu yayınmamışdı. Şam yeməyi zamanı ondan niyə fikirli olmasının səbəbini soruşdu. Cahan ona baxdı, stəkan dolu sudan içib:

- Əzizim,-dedi:-səndən gizlədə bilmərəm, mənim atam xəstədir.

- Keçmiş olsun, bəs niyə gedib baş çəkmirsən?

- Əslində həm getməyi, həm də getməməyi düşünürəm. Mən ondan atalıq görməmişəm heç zaman.

Mehdixan əlindəki çəngəli kənara qoydu, Cahanın əlindən tutub öpərək ona yaxşı, pis atası olduğunu deyib ona baş çəkməsini söylədi. Cahan razılaşdı, səhər ona baş çəkəcəyini deyib xəfifcə gülümsədi.

Ayka isə evdə ikən Ayselin onun evinə gəlməsi onu təəccübləndirdi Ayseli qapıda görüb onu içəri dəvət edərək qapını bağlayıb birlikdə qonaq otağına keçdilər.

Aysel ona baxıb:

- Danışmalıyıq,-dedi.

- Nə olub, qızıl balıq əldən çıxıb hə, Aysel?

- Qulaq as oğlancıq, sən çox böyük səhvlər etmisən. Düşünürəm ki, bu səhvini düzəltməyin vaxtıdır.

- Başa düşmədim Aysel, bu nə əmrdir? Sənə icazə vermirəm ki, mənimlə əmrlə danışasan. Nəinki sən, heç kəs mənimlə əmrlə danışa bilməz.

- Doğrudan. Ay bədbəxt, bunu Mehdixana hansısa fahişəni düzəldəndə düşünərdin. Sən bilirsən necə səhvə yol vermisən?

- Eh Aysel, mən bunun belə olacağını bilmirdim, mən də sənin kimi çaş-başam.

- Ayka, sən nəsə etməlisən, belə olmaz, mən Mehdixanı itirə bilmərəm. Axı sən ona kimi düzəltmisən ki, o, ondan əl çəkmir.

- Vallah, desəm şok olacaqsan. Ən yaxşısı susum.

- Yox, sən susmayacaqsan, de görüm Mehdixanın gəzdiyi kimdir?-deyə Aysel israrla soruşdu.

- Onun adı Cahandır.

Cahanın adını eşidən Aysel divana çökdü. Aykaya baxıb öz-özünə: Yenə Cahan?-dedi.

Aysel bir müddət susdu. Cahanın yenidən onun qarşısına çıxmağına əsəbləşmişdi. Lakin Aykanın yanında öz əsəblərini sıxmağa çalışırdı. Ayka isə Ayselin sakit şəkildə bunu qarşılamasına təəccüblənmişdi, elə buna görə də:

- Nə oldu Aysel?-deyə soruşdu.

- Daha nə olacaq Ayka, hər şeyi düz-qoş edən sənsən. Bütün bunların günahkarı da sənsən. Sən bu əməlinə görə peşman olacaqsan-deyə Aysel getmək istədikdə Ayka onun qolundan tutub sıxladı:

- Qulaq as, qızcığaz. Unutma ki, sənin hədə-qorxuların mənə girməz. Düşünmə ki, sənin qabağındakı uşaqdır. Ağlını başına yığ, sənə elə toy tutaram ki, həyata gəldiyinə peşman olarsan.

- Baxarıq-deyərək Aysel onun əlindən çıxdı: -Sənin kimi oğlancıq mənə heç nə edə bilməz. Ağlını başına yığ, Ayka, ağlın ətrafındakı qız dostlarına getməsin.

Sözünü bitirən Aysel əsəbi halda onun evini tərk etdi...

Ardı növbəti sayımızda