EMİN AXUNDOV – 55 İLLİK ÖMÜR YOLUNUN MƏTBUAT SALNAMƏSİ

EMİN AXUNDOV – 55 İLLİK ÖMÜR YOLUNUN MƏTBUAT SALNAMƏSİ

14 Noyabr 10:08
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün “Mətbuat” firmasının təsisçisi və baş redaktorumuz Emin Axundovun 55 yaşı tamam olur.

Noyabrın 14-ü Azərbaycan mətbuatının tanınmış nümayəndələrindən biri, uzun illərdir qələmi və fəaliyyəti ilə milli jurnalistikamızın inkişafına töhfə verən, “Mətbuat” firmasının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist Emin Axundov üçün əlamətdar gündür. Bu gün Emin müəllim ömrünün 55-ci baharını qarşılayır.

Əlli beş il... Bu, sadəcə təqvimdə qeyd olunan bir yaş həddi deyil. Bu, zəhmətlə, mübarizə ilə, axtarışlarla, uğurlarla və saysız-hesabsız həyat sınaqları ilə zəngin bir ömür yoludur. Emin Axundovun həyat salnaməsinə nəzər saldıqda isə bu illərin böyük bir hissəsinin Azərbaycan mətbuatına, jurnalistikaya və ictimai fəaliyyətə həsr olunduğunu görürük.

Əslində, onun mətbuata marağı hələ məktəb illərindən başlamışdı. Ədəbi-bədii tədbirlərdə fəal iştirakı, mütaliəyə və yaradıcılığa böyük marağı, geniş dünyagörüşü gələcək peşə seçiminin ilkin işartıları idi. Azərbaycan mətbuatının yeni inkişaf mərhələsinə qədəm qoyduğu ötən əsrin 90-cı illərində isə jurnalistika Emin Axundov üçün sadəcə bir peşə deyil, həyatının əsas istiqamətinə çevrildi.

Lakin onun mətbuat aləminə gəlişindən əvvəl həyatında daha ağır və məsuliyyətli bir mərhələ yaşandı. Qarabağ müharibəsi zamanı qələmini süngü ilə əvəz edən Emin Axundov könüllü olaraq Vətənin müdafiəsinə yollandı. Həmin dövrdə “Hünər” qəzetinin əməkdaşı kimi cəbhə bölgələrindən reportajlar hazırlayır, əsgərlərimizin qəhrəmanlığını, döyüş meydanında yaşananları ictimaiyyətə çatdırırdı. O, həm jurnalist kimi həqiqətləri qələmə alır, həm də döyüşçü kimi Vətənin müdafiəsində iştirak edirdi. Cəbhədə göstərdiyi şücaətə görə müharibə veteranı fəxri adına layiq görülməsi onun həyat yolunun ən şərəfli səhifələrindən biridir.

Döyüşlərdən qayıtdıqdan sonra Emin Axundov yenidən sevdiyi sahəyə – jurnalistikaya üz tutdu. 1994-cü il mayın 3-də “Aktual” qəzetində jurnalist kimi fəaliyyətə başlaması onun peşəkar mətbuat yolunda mühüm dönüş nöqtəsi oldu. Qısa müddətdə hazırladığı maraqlı yazılar, hadisələrə fərqli yanaşması və peşəkarlığı ilə həm oxucuların, həm də redaksiya kollektivinin rəğbətini qazandı.

Emin Axundovun fəaliyyətində jurnalistliklə yanaşı, sahibkarlıq və təşkilatçılıq bacarığı da xüsusi yer tutur. 1995-ci ildə onun təsis etdiyi “Ləman” yayım firması Azərbaycanda qəzet və jurnalların küçə və köşklər vasitəsilə satışının təşkilində yeniliklərə imza atdı. Firmanın Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən yayım köşkləri mətbuatın oxucuya çatdırılmasında mühüm rol oynayırdı. Həmin dövrdə Rusiya və digər ölkələrin qəzet və jurnallarının Azərbaycana gətirilərək satışının təşkil edilməsi də bu fəaliyyətin yenilikçi tərəflərindən biri idi.

Emin Axundovun təşəbbüsləri bununla da məhdudlaşmadı. 1996-cı ildə Azərbaycanda ilk dəfə “Super Krossvord” əyləncə qəzetinin nəşrinə nail oldu. Qısa müddətdə geniş oxucu auditoriyası qazanan bu nəşr mətbuat bazarında özünəməxsus yer tutdu.

1997-ci il mayın 21-də “Ləman” yayım firması “Mətbuat” yayım firması adı altında fəaliyyətini davam etdirməyə başladı. Qəzetlərin daha operativ çapı və yayımı, mətbuat sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə Emin Axundov şəxsi mətbəənin yaradılmasına təşəbbüs göstərdi. “Çap evi” adı altında fəaliyyətə başlayan bu mətbəədə çoxsaylı qəzetlər nəşr olunurdu. Burada müstəqil nəşrlərlə yanaşı, “Polis”, “Metro”, “Hünər” və digər qəzetlər də çap edilirdi. Həmin dövrdə rəngli qəzet çapının təşkil edilməsi də mətbəənin fəaliyyətində mühüm yeniliklərdən biri idi.

1997-ci il iyulun 1-i isə Emin Axundovun jurnalistika tarixində xüsusi yer tutan tarixlərdəndir. Məhz həmin gündən onun təsisçiliyi və baş redaktorluğu ilə “Gün”, “Super Sport”, “Min Bir Kriminal”, “Kriminal Xronika”, “Qəzet.az” və digər qəzetlər nəşr olunmağa başladı. Həmin idə “Oxu məni” qəzeti də bu nəşrlər sırasında özünəməxsus yer tutdu. Müxtəlif mövzuları əhatə edən, oxuculara operativ və maraqlı informasiya təqdim edən bu qəzetlər ötən əsrin 90-cı illərinin sonlarında geniş oxucu auditoriyasına malik nəşrlər sırasında idi.

Emin Axundovun peşəkar fəaliyyətində idman jurnalistikası da xüsusi istiqamətlərdən biri olub. 1997-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasına üzv qəbul edilən Emin Axundov elə həmin il təşkilatın vitse-prezidenti seçilib. Dünya İdman Jurnalistləri Assosiasiyasının da üzvü olan jurnalist beynəlxalq əlaqələrin və peşəkar təcrübənin genişləndirilməsinə daim maraq göstərib.

Bilik və təcrübəsini artırmaq məqsədilə 1999-cu ildə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-ın Mətbuata Texniki Dəstək Fondunun təşkil etdiyi jurnalistika təlimində, 2008-ci ildə isə Yunanıstanda keçirilən beynəlxalq jurnalistika kursunda iştirak edərək peşəkar biliklərini daha da təkmilləşdirib. Bir neçə xarici dili, o cümlədən rus, türk, ingilis və isveç dillərini bilməsi onun jurnalist kimi imkanlarını genişləndirən üstünlüklərdəndir.

1997-ci ildən nəşr olunmağa başlayan “Oxu məni” qəzeti isə Emin Axundovun mətbuat fəaliyyətində xüsusi mərhələ təşkil edir. Qısa müddətdə on minlərlə oxucunun marağını qazanan bu nəşr bu gün də onun jurnalistikaya bağlılığının və mətbuat ənənələrinə sədaqətinin göstəricisi olaraq qalır.

Hazırda Emin Axundov “Oxu məni” qəzetinin, “Oxuməni.az”, “Mediainfo.az” və “Azərbaycanpolisi.az” xəbər saytlarının baş redaktoru kimi fəaliyyətini davam etdirir. Çap mediasından elektron informasiya məkanına qədər uzanan bu fəaliyyət yolu onun dəyişən informasiya mühitinə uyğunlaşmaq bacarığını, yeniliklərə açıq olduğunu və jurnalistikaya olan bağlılığını bir daha təsdiqləyir.

Ancaq Emin Axundovu yalnız təsis etdiyi nəşrlər, rəhbərlik etdiyi redaksiyalar və qazandığı peşəkar uğurlarla xarakterizə etmək doğru olmazdı. Onun şəxsiyyətini fərqləndirən əsas cəhətlərdən biri sadəliyi, təvazökarlığı, ədalətli mövqeyi və insanlara münasibətdə nümayiş etdirdiyi yüksək mənəvi keyfiyyətlərdir.

Baş redaktor kimi o, heç vaxt rəhbərlik etdiyi kollektivdən özünü üstün tutmayıb. Əməkdaşlarının əməyinə dəyər verməsi, onların problemlərinə həssas yanaşması, münasibətlərdə ədalət prinsipini qoruması Emin müəllimə ətrafındakı insanların hörmətini qazandıran başlıca xüsusiyyətlərdəndir. O, yaxşı bilir ki, redaksiyanın uğuru yalnız bir nəfərin deyil, vahid məqsəd ətrafında birləşən kollektivin birgə əməyinin nəticəsidir.

Bəlkə də Emin Axundovun uzun illərdir mətbuat aləmində öz mövqeyini qoruyub saxlamasının əsas səbəblərindən biri də məhz bu insani keyfiyyətlərdir. Çünki jurnalistikada ad qazanmaq mümkündür, lakin insanların etimadını və hörmətini qazanmaq üçün illərin sınağından keçmək lazımdır.

Bütün bunlarla yanaşı, Emin Axundov xoşbəxt ailə başçısı və üç övlad atasıdır. Onun həyatında ailə dəyərləri, Vətənə bağlılıq və peşəsinə sədaqət daim mühüm yer tutub.

Bu gün 55 yaşını qeyd edən Emin Axundov üçün keçilən ömür yoluna nəzər salmaq həm də görülən işlərin, qazanılan təcrübənin və əldə edilən nailiyyətlərin qiymətləndirilməsi deməkdir. Əminliklə demək olar ki, onun həyat salnaməsində hələ yazılacaq çox səhifələr, həyata keçiriləcək çox layihələr və əldə ediləcək yeni uğurlar var.

Emin müəllim, 55 yaşınız mübarək!

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz enerji və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, illərdir xidmət etdiyiniz Azərbaycan mətbuatının inkişafı naminə qələmə aldığınız yazılar, həyata keçirdiyiniz layihələr və rəhbərlik etdiyiniz kollektivlərin uğurları bundan sonra da davamlı olsun.

Qələminiz heç vaxt susmasın, sözünüzün dəyəri, nüfuzunuz və hörmətiniz daim artsın!

55 yaşınız mübarək, Emin müəllim!

“Oxu məni” qəzeti, “Oxuməni.az”, “Mediainfo.az” və “Azərbaycanpolisi.az” saytlarının əməkdaşları adından

Murad Şahməmmədov