Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səhnədə bəzən bir obrazı oynamaq kifayət etmir, onu yaşamaq, onun ağrısını, gülüşünü, üsyanını öz səsindən keçirib tamaşaçıya çatdırmaq lazım gəlir.
Bakı Bələdiyyə Teatrının istedadlı aktyoru, əməkdar artist Elxan Rza da səhnədə və filmlərdə yaratdığı obrazların içində öz izini qoyan aktyorlardandır. Onu tamaşaçıya daha çox sevdirən, adını yaddaşlara yazan obrazlarından biri, şübhəsiz, C. Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefli İsgəndərdir. Bəlkə də onun “kefi” şərabdan çox, cəmiyyətin ayılmamasına olan etirazından idi. Çünki bəzən ən ayıq adamlar özlərini sərxoş kimi göstərirlər-həqiqəti deyə bilmək üçün. Elxan Rzanın səhnədə yaratdığı hər obrazın arxasında illərin sənət təcrübəsi, müşahidəsi və insan talelərinə həssas münasibəti dayanır.
Tamaşaçının yaddaşında bir ad xüsusilə ucadan səslənir: “Kefli İsgəndər”... Gülüşünün arxasında ağrı, sözlərinin altında həqiqət, sərxoşluğunun içində ayıqlıq gizlədən bir obraz. Bəlkə də onu “kefli” adlandıranlar bilmirlər ki, İsgəndər əslində ən ayıq adamlardan biridir. O, cəmiyyətin görmək istəmədiyi həqiqətləri görür, deməyə cəsarət etmədiklərini dilə gətirir. Elxan Rzanın yaratdığı Kefli İsgəndər sadəcə səhnə obrazı, teatr qəhrəmanı olmadı-tamaşaçının qarşısında yaşayan, düşünən, etiraz edən bir insana çevrildi. O, səhnədən tamaşa zalına, oradan da insanların yaddaşına keçən bir səsə çevrildi. Gülüşü ilə düşündürdü, sözləri ilə silkələdi, susduğu anlarda belə çox şey danışdı və tamaşaçı onu sevdi. Bəlkə də ona görə ki, İsgəndərin sözlərində öz dövrünün, öz insanının, bir az da özünün səsini eşitdi. Mənim üçün Elxan Rzanın sənəti məhz həmin obrazla başladı. İsgəndərin gülüşündəki kədəri, sözlərindəki üsyanı, “kefinin” arxasındakı ayıqlığı gördükcə bu obraza, onun ifaçısına bağlandım.
İllər sonra həmin obrazın aktyoru ilə üz-üzə oturub söhbət etmək isə tamam başqa hiss idi. Səhnədə Kefli İsgəndəri danışdıran aktyor bu dəfə özü danışırdı. Və düşündüm ki, bəlkə də bəzi obrazlar aktyorun yaradıcılığından doğulmur, aktyorla birlikdə taleyində yaşayır, onun sənət yolunun bir parçasına çevrilir.
-Elxan bəy, Bakı Bələdiyyə Teatrının repertuarında olan bir çox tamaşalarda, televiziya filmlərində, seriallarda maraqlı obrazlar yaratsanız da, tamaşaçılar sizi daha çox C. Məmmədquluzadənin “Ölülər” tamaşasındakı Kefli İsgəndər kimi tanıyırlar. Əgər bu gün “Ölülər”i yenidən çəksələr, serial formatında... İsgəndər necə olardı?
İsgəndər bu gün yaşasaydı, yəqin ki, yenə də cəmiyyətin ağrılı yerlərinə toxunan, gördüyü haqsızlıqlara susmayan bir insan olardı. Sadəcə dövr dəyişib, vasitələr dəyişib. Bugünkü İsgəndər bəlkə də əlində qəzet yox, telefon tutardı. Sosial şəbəkələrdə yazardı, canlı yayımlara çıxardı. Amma onun əsas xüsusiyyəti - həqiqəti deməkdən qorxmaması dəyişməzdi.
-Ölən İsgəndər daha çox yaşadı, yoxsa yaşayan Elxan Rza? Yəni aktyormu obrazı yaşadır, yoxsa obraz aktyoru?
İsgəndər mənim üçün sadəcə oynadığım bir obraz olmadı. Mən onu səhnədə yaşatmağa çalışdım, amma etiraf edim ki, İsgəndər də mənə nələrisə yaşatdı. Ona görə “aktyor obrazı yaşadır, yoxsa obraz aktyoru?” sualına cavabım budur: əslində hər ikisi bir-birini yaşadır. İsgəndər səhnədən getdi, amma onun müəyyən hissəsi məndə qaldı. Bəlkə də aktyorluğun ən gözəl tərəfi budur, oynadığın obraz sənin həyatından keçib gedir. Amma səndə bir iz buraxır.
-Deyirlər sənətkar kasıb yaşayar, amma zəngin ölər. Sizcə bu gün Əməkdar artist olaraq maddi durumunuz sənətinizin yanında qənaətbəxşdirmi, yoxsa hələ də səhnə üçün yaşayır, “İsgəndər” kimi mübarizə aparırsınız?
Düzünü desəm, sənətkar üçün maddi tərəf həmişə vacib məsələdir. Çünki sənət insanın ruhunu qidalandırdığı kimi, həyatını da təmin etməlidir. Amma mən heç vaxt sənəti maddi qazanc üçün seçməmişəm. Əməkdar artist adını daşımaq böyük məsuliyyətdir. Təbii ki, insan istəyər ki, illərlə verdiyi əməyin qarşılığını həm mənəvi, həm də maddi baxımdan görsün. Bu gün mənim üçün əsas məsələ sənətdən varlanmaq yox, bu sahədə dəyərli və layiqli iz qoymaqdır. İsgəndərə gəlincə, bəli, müəyyən mənada hələ də onun kimi mübarizə aparıram. Çünki aktyor səhnəyə çıxmağı dayandırdığı gün, məncə, daxilən qocalmağa başlayır. Mən isə hələ oynamaq, yaratmaq və özümü sübut etmək istəyirəm. İsgəndər səhnədə mübarizə aparırdı, Elxan isə həyatda və səhnədə.
“Ölülər” də İsgəndər tək mübarizə apardı. Reallıqda Elxan Rzanın yanında kimlər var? Şəxsi həyatınızda “mən tək deyiləm” deyə biləcəyiniz bir dünya qurmusunuzmu?
“Mən tək deyiləm” məsələsinə gəlincə, düşünürəm ki, aktyor heç vaxt tam tək deyil. Mənim dünyamda səhnədə oynadığım obrazlar, xatirələrim, sənətim və məni sevən insanlar var. Bəzən insanın yanında fiziki olaraq heç kim olmaya bilər, amma daxilində bütöv bir dünya varsa, o insan tək deyil.
-Bu gün yerli televiziyalarda nümayiş olunan serialların neçə faizi sizi aktyor kimi qane edir? Qalan faizdə nə çatışmır? Ssenari, rejissor, yoxsa maddiyyat?
Açığı, konkret faiz demək mənim üçün bir qədər çətindir. Amma desəm ki, bu gün nümayiş olunan serialların təxminən 30-40 faizi məni aktyor kimi qane edir, yəqin ki, reallığa daha yaxın olar. Məsələ təkcə aktyorda deyil. Yaxşı serial üçün ilk növbədə yaxşı ssenari, sonra peşəkar rejissor işi və aktyora özünü göstərmək imkanı lazımdır. Bəzən çox yaxşı aktyor heyəti olur, amma obrazın dərinliyi və hekayənin gücü kifayət etmir. Bəzən də maraqlı ssenari olur, amma onun ekran həlli istənilən səviyyədə alınmır. Maddi tərəf də, əlbəttə, önəmlidir. Amma məncə əsas məsələ yalnız pul deyil. İmkanlar düzgün bölünsə, yaxşı ssenariyə və aktyora dəyər verilsə, bizim seriallarımız daha yüksək səviyyəyə qalxa bilər. Mənim istəyim də budur ki, aktyor sadəcə serialda görünsün deyə yox, tamaşaçıda iz buraxacaq bir obraz yaratmaq üçün dəvət olunsun.
-Bəzi kino, serial, hətta dublyaj sahəsində belə eyni adamlar fəaliyyət göstərir. Yenə də tanışlıq, yaxınlıq, dostluq münasibətləri ön plana çıxır. Kino və seriallarda çəkilməyən o qədər istedadlı aktyor və aktrisalar var ki, heç dəvət olunmurlar. Nəticədə hər şey monotonlaşır, yeni simaları görmürük. Maraqlı işlər ortaya çıxmır bəzən. Bu barədə nə deyərdiz?
Məncə bu, kino və serial sektorumuzun ən ciddi problemlərindən biridir. Eyni simaların daim eyni layihələrdə görünməsi müəyyən mənada təbii ola bilər, amma bu bir sistemə çevriləndə artıq inkişafın qarşısını alır. İstedadlı aktyorlarımız çoxdur. Bəzən elə aktyorlar var ki, illərlə teatrda özünü sübut edib. Səhnədə böyük rollar yaradıb, amma ekran üçün onlara kifayət qədər imkan verilmir. Halbuki aktyoru tanımaq üçün bəzən ona sadəcə bir şans vermək lazımdır. Mən tanışlıq və dostluq münasibətlərinin insan həyatında olmasını normal hesab edirəm. Amma seçim zamanı əsas meyar istedad, peşəkarlıq və obraz üçün uyğunluq olmalıdır. Əks halda eyni simalar, eyni üslub, eyni yanaşma təkrarlanır və tamaşaçı da yeni nəfəs görə bilmir. Mən istərdim ki, kastinq mədəniyyəti daha da inkişaf etsin. Aktyorun kiminlə dostluğuna yox, nə edə bildiyinə baxılsın. Çünki yeni simalara verilən imkan əslində təkcə aktyora yox, bütün Azərbaycan kinosuna verilən imkandır. Mən özüm də aktyor kimi həmişə yeni və fərqli obrazlar oynamağa hazıram. İnanıram ki, sənətə şans veriləndə istedad öz sözünü deyir.
-Sizcə dünya səviyyəli serial üçün pul lazımdır, yoxsa cəsarət? Büdcə, yoxsa “İsgəndər” kimi bir obraz?
Əlbəttə, dünya səviyyəli serial və film üçün büdcə lazımdır. Kino və televiziya həm də böyük istehsalatdır. Amma məncə, büdcədən əvvəl cəsarət lazımdır. Çünki böyük büdcə ilə adi bir hekayə də danışmaq olar, kiçik imkanlarla isə böyük bir hekayə yaratmaq mümkündür. “İsgəndər” kimi obrazlar da məhz ona görə yaşayır ki, onların arxasında cəsarətli fikir dayanır. Tamaşaçıya həqiqəti demək, onu düşündürmək, bəzən narahat etmək lazımdır. Məncə, dünya səviyyəli serialın düsturu belədir-güclü ssenari, cəsarətli rejissor, peşəkar aktyor və əlbəttə, yetərincə büdcə. Bunlardan biri çatışmayanda işin səviyyəsi aşağı düşür. Pul serialı çəkə bilər, amma onu yaşadan hekayə və obrazdır. “İsgəndər” də bunun ən yaxşı nümunələrindən biridir.
-Şöhrət imtahandır, deyirlər. O imtahanda yıxılmamaq üçün nə etmək lazımdır?
Məncə sənətkarın ən böyük silahı şöhrəti yox, peşəkarlığıdır. Şöhrət gəlib-gedə bilər. Amma yaratdığın obraz qalır. Mən aktyor kimi daha çox bunun arxasınca getmişəm.
-Seriallar indi daha çox “sürət”, reytinq üçün çəkilir, “sənət” üçün yox. Teatr məktəbi keçməyən aktyorların bəziləri sənətə serialla başlayırlar. Əməkdar artist kimi sizi ən çox nə qane etmir bugünkü seriallarda? Kağız üstündə süni dialoq, yoxsa “sabah efirə gedəcək” tələsməsi?
Məni ən çox qane etməyən məsələ tələskənliyin sənətin önünə keçməsidir. Serialın sürətli çəkilməsi başadüşüləndir. Çünki bu həm istehsalat, həm də televiziya tələbidir. Amma sürət aktyorun obraz üzərində işləməsinə, rejissorun səhnəni düşünməsinə, dialoqun təbii səslənməsinə mane olmamalıdır. Teatr məktəbi keçmiş aktyorla serialdan sənətə gələn aktyoru da qarşı-qarşıya qoymaq istəməzdim. Hər kəsin öz yolu var. Amma aktyorluq peşədir və bu peşənin öz məktəbi, intizamı, zəhməti var. İstər teatrda, istər kinoda, istər serialda tamaşaçı qarşısına çıxan insan öz üzərində işləməlidir. Çünki insan tanındıqca özünü itirmək təhlükəsi artır. O imtahandan keçmək üçün insan əvvəlcə kim olduğunu, hardan gəldiyini unutmamalıdır.
-Yeni mövsüm, yeni tamaşalar, filmlər. Gözləntiləriniz nədir?
Bu suala qısa cavab vermək istərdim. Onu zaman göstərər.




Nisə Rafiqqızı:
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” Media mükafatı laureatı


























































































