Tadey Pogaçar ciddi qəzadan sonra "Vuelta"nı tərk edib

Tadey Pogaçar ciddi qəzadan sonra "Vuelta"nı tərk edib

14:21
Bəyəndim (1) Bəyənmədim (0)

"Tur de Frans"ın beşqat qalibi Tadey Pogaçar karyerasında ilk dəfə çoxgünlük yarışdan çəkilmək məcburiyyətində qalıb. Oxuməni.az xəbər verir ki, bu barədə “rfi.fr” məlumat yayıb.

"Vuelta"nın əvvəlindən gözlənildiyi kimi, Pogaçar ilk yeddi mərhələnin üçündə qalib gələrək ümumi hesabda liderliyə yüksəlmiş və ən yaxın izləyicisi, ispaniyalı Enrik Ması təxminən dörd dəqiqə qabaqlamışdı. 27 yaşlı sloveniyalı velosipedçi demək olar ki, məğlubedilməz görünürdü və ciddi rəqabət olmadan qələbəyə doğru irəliləyirdi.

Lakin Valensiya yaxınlığındakı Kserakoda keçirilən səkkizinci mərhələdə, finişə 32 kilometr qalmış idmançı pelotonda yıxılıb. "Eurosport"un yayım kadrlarına əsasən, idmançı daşa dəyib. O, yıxıldıqdan sonra yarışı davam etdirməyə çalışsa da, velosipedinə minə bilməyib və Pogaçar təcili yardım maşını ilə distansiyadan uzaqlaşdırılıb. İlkin olaraq qəza yerinə ən yaxın xəstəxanaya, daha sonra isə Barselonadakı xəstəxanaya çatdırılıb. Bildirilir ki, idmançının sol körpücük sümüyü yerdəyişmə ilə sınıb, ən aşağı boyun fəqərəsində (C7) stabil sınıq var və beyin silkələnməsi keçirib. Avqustun 30-da Tadey Pogaçar sosial şəbəkələrdə xəstəxana palatasından boyun korsetində olan fotosunu paylaşıb.

8-ci mərhələdəki qəza Tadey Pogaçarın bu mövsüm "het-trik" etmək — ardıcıl olaraq "Tur de Frans" və "Vuelta"nı qazanmaq, həmçinin üçüncü dəfə dünya çempionu olmaq (çempionat sentyabrın sonunda Kanadada keçiriləcək) planlarını alt-üst edib.

Pogaçar "Tur de Frans"ın beşqat (2020, 2021, 2024, 2025 və 2026) və 2024-cü il "Ciro d’İtaliya"nın qalibidir. Onun kolleksiyasında yalnız "Vuelta" çatışmır.

Pogaçar yarışdan kənarlaşdıqdan sonra liderin qırmızı maykası ispaniyalı Enrik Masa keçib. Səkkizinci mərhələnin qalibi isə danimarkalı Mads Pedersen və belçikalı Yordi Meusu qabaqlayan 34 yaşlı fransalı Brayan Kokar olub.

Almaz Həsənli