Kanadanın baş naziri Trampın Ontario gölünün adını dəyişdirmək qərarı ilə razılaşmadığını bildirib

Kanadanın baş naziri Trampın Ontario gölünün adını dəyişdirmək qərarı ilə razılaşmadığını bildirib

10:41
Bəyəndim (1) Bəyənmədim (0)

Kanada ABŞ prezidenti Donald Trampın Ontario gölünün adını "Amerika gölü" olaraq dəyişdirmək qərarından sonra gölün əvvəlki adından istifadə etməyə davam edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mark Karni "X" sosial şəbəkəsində yazıb.

"Kanadalılar hər şeyə öz adıyla müraciət etməyin vacib olduğunu anlayırlar. Bu gölün adı Ontario-dur – bu gün və həmişəlik", - deyə o, sosial şəbəkədə qeyd edib.

Karni xatırladıb ki, ABŞ və Kanada sərhədində yerləşən gölə bu adı huron hinduları verib. "Tərcümədə bu, "gözəl göl", "böyük göl" deməkdir", - deyə baş nazir izah edib. O vurğulayıb ki, bu ad 400 ildən çox əvvəl – dünya xəritəsində Kanada və ABŞ kimi ölkələr peyda olmazdan çox əvvəl yaranıb.

"Biz anlayırıq ki, ABŞ dəyişir. Onlar ticarət münasibətlərində, xarici siyasətdə dəyişikliklər edirlər, onların milli abidələri və hidronimləri dəyişir", - deyə Karni əlavə edib.

Cümə axşamı ABŞ prezidenti Donald Tramp gölün adının dəyişdirilməsi haqqında fərman imzalayıb. O, daha əvvəl izah etmişdi ki, gölün Kanadadan daha çox Ştatlara aid olduğunu hesab edir və buna görə də adın bunu əks etdirməli olduğunu düşünür.

Adın dəyişdirilməsi ABŞ və Kanadanın ticarət sahəsindəki mübahisəli məsələləri həll etməyə çalışdığı və bir-birini gömrük rüsumları ilə hədələdiyi bir vaxta təsadüf edib.

Tramp ikinci prezidentlik dövründə artıq bir neçə dəfə coğrafi adları dəyişdirib. Belə ki, onun təşəbbüsü ilə Alyaskadakı Denali dağı Mak-Kinli dağı adlandırılıb, Meksika körfəzinin adını isə Amerika körfəzi olaraq dəyişib.

Almaz Həsənli