“NƏĞMƏLİ DÜNYA”NIN NÖVBƏTİ BURAXILIŞI MARAQLI MƏQAMLARLA YADDA QALDI
Dünya TV-də yayımlanan, tamaşaçıların maraqla izlədiyi “Nəğməli dünya” verilişinin növbəti buraxılışı rəngarəng çıxışlar, maraqlı söhbətlər və diqqətçəkən fikirlərlə yadda qalıb.
Tanınmış aparıcı Xuraman Aydınqızının təqdim etdiyi proqramın budəfəki qonaqları sırasında Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilicanzadə, müğənni Əli Hüseynov, toy aparıcısı Coşqun Hüseyn və sintezator ifaçısı Elvin bəy yer alıblar.
Proqramda çıxış edən Qorxmaz Əlilicanzadə sənətə gəlişindən, yaradıcılıq fəaliyyətində qarşılaşdığı çətinliklərdən və keçdiyi sənət yolundan danışıb. O, söhbətini musiqi ifaları ilə də müşayiət edib.
Müğənni Əli Hüseynov yaradıcılığındakı yeniliklərdən bəhs edərək doğma yurdu Yardımlıya həsr etdiyi mahnını tamaşaçılara təqdim edib. Coşqun Hüseyn səsləndirdiyi şeirlərlə, Elvin bəy isə sintezator ifaları ilə verilişin musiqi ovqatını daha da zənginləşdirib. Buraxılış ərzində müxtəlif mövzularda fikir mübadiləsi aparılıb, o cümlədən müzakirələrə səbəb ola biləcək ziddiyyətli fikirlər səsləndirilib.

Buraxılışın diqqətçəkən məqamlarından biri də aparıcı Xuraman Aydınqızının şəxsi həyatında yaşadığı ağır itkiyə baxmayaraq, efirdə nümayiş etdirdiyi peşəkarlıq olub. Yaxın günlərdə qardaşını itirən aparıcı mənəvi sarsıntısına rəğmən, proqramı yüksək səviyyədə idarə edərək tamaşaçılar qarşısına çıxıb.

Xatırladaq ki, Xuraman Aydınqızı tanınmış telejurnalist və aparıcı Gülnarə Aydının bacısıdır. Onun qızı İlahə xanım da televiziya sahəsində fəaliyyət göstərir, xəbər aparıcısı kimi tamaşaçıların yaddaşında qalıb və hazırda Baku TV-də çalışır. Oğlu Cavid bəy isə uzun illər operator kimi fəaliyyət göstərib.

“Nəğməli dünya”nın növbəti buraxılışı bir daha nümayiş etdirdi ki, musiqi, sənət və səmimi söhbətlər tamaşaçıları bir araya gətirən əsas amillərdəndir.
Xuraman Aydınqızına səbir, möhkəm iradə və qarşıdakı fəaliyyətində yeni uğurlar arzulayırıq.
Ramin Ağayev





































































.jpg)
.jpg)
.jpg)






















